Tofiq Zülfüqarov: Azərbaycan ordusu qəfildən çox güclü zərbələr endirib və göstərib ki, Ermənistan ona tab gətirə bilməz

Tofiq Zülfüqarov: Azərbaycan ordusu qəfildən çox güclü zərbələr endirib və göstərib ki, Ermənistan ona tab gətirə bilməz backend

“Prezidentin dedikləri bir növ çağırışdır ki, ictimaiyyət öz mövqeyini bildirsin” Budəfəki həmsöhbətimiz Azərbaycanın sabiq xarici işlər naziri Tofiq Zülfüqarovdur. Keçən ilin noyabrında Azərbaycanın Estoniyadakı səlahiyyətli səfiri vəzifəsindən geri çağırılan diplomat bir ilə yaxındır ki, öz təbirincə desək, “bağda dincəlir”. Ancaq 1992-ci ildən çalışdığı Xarici İşlər Nazirliyində əsasən Qarabağ məsələsi ilə məşğul olan Tofiq bəy təcrübəli diplomat kimi prosesdə aktiv rol oynamaq imkanlarına malikdir. “Ofsayd”da qalmasının səbəblərini də söhbətimizdə öyrənməyə çalışdıq.

- Tofiq bəy, geri çağırılmağınızdan 11 ay keçir. Hər halda az vaxt deyil. Bundan sonrakı fəaliyyətinizlə bağlı təkliflər gəlibmi?

- Daxili nizamnaməyə görə, iki səfirlik müddətindən sonra iki illik fasilə olmalıdır. Kimdəsə fasilə olmur, yaxud beş il olur. Hər halda qayda belədir.

- Siz də gözləyirsiniz...


- Gözləmək deyəndə ki... Müxtəlif fikirlər səslənir. Baxaq, görək. Hər halda lazım olsa, iş təklif edərlər. Mənim buna çox sadə bir münasibətim var (gülür).

- Bakıya qayıtdığınız müddətdə xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüsünüzmü?

- Yox, görüşməmişəm.

- Münasibətlərdə soyuqluq var, yoxsa belə bir ənənə yoxdur?

- Hər halda təşəbbüs məndən olmamalıdır. Yəni iş təcrübəsi elədir ki, kiməsə lazımsansa, səni çağırırlar. Yoxsa deməməlisən ki, məni çağırın, ya gəlin, görüşək və s. Məndə bu məsələlərə çox praktik yanaşma var (gülür).

- Bəs, burda olduğunuz müddətdə kimlərlə görüşmüsünüz, hansı çevrələrdə olmusunuz? Yoxsa elə, sadəcə, bağda istirahətə üstünlük verirsiniz?

- Müxtəlif adamlarla görüşürəm. Amma bu, işlə əlaqədar deyil, şəxsi münasibətlərlə bağlıdır. Köhnə həmkarlarla, dostlarla görüşürəm.

- Keçmiş komanda yoldaşınız Eldar Namazovla necə?

- Yox, zəngləşmişik, amma görüşməmişik. Mən biləni xaricdə idi. Anası rəhmətə gedəndə zəng etmişdim. Hər halda telefonu bilir.

- Bəs, rəhmətlik Vəfa müəllimin yasına gəlmişdinizmi?

- Yox. Mən o vaxt xaricdəydim. Amma rəhmətə gedəndən bir neçə ay qabaq mən burdaydım, görüşdük, gedib birgə çörək yedik. Çalışırdım ki, bura gələndə onunla görüşüm. Azərbaycan ictimaiyyəti üçün böyük itkidir. Onun çox gözəl fikirləri var idi, baxışları çox maraqlı idi. Neyləyəsən, həyatdır... Allah qəni-qəni rəhmət eləsin!

- Oktyabr ayı həm də sizin istefa ayınızdır. 1999-cu ilin bu ayında rəhmətlik Vəfa Quluzadə, siz və Eldar Namazov istefaya getdiniz. İllər keçəndən sonra həmin addımı necə dəyərləndirirsiniz? İstefa verməsəydiniz, nə olardı, sualına cavabınız varmı?

- Mən bu məsələyə spektik şəkildə baxanda görürəm ki, həmin addımın Azərbaycan dövlətinə faydası olub. Çünki hər halda bu addımın nəticəsində Azərbaycanın mövqeyi güclənib. Yada salaq ki, hətta indiki mərhələdə də müxtəlif təzyiqlər var, cənab prezident də bunu qeyd etdi. Təzyiqlər o vaxt da var idi. Bu baxımdan istefa qərarımızın Azərbaycan dövlətçiliyinə xeyri oldu, Azərbaycanın mövqeyi gücləndi. Hesab edirəm ki, bu, müsbət bir hal olub. Düzdür, o vaxt da, ondan sonra bu addıma müxtəlif donlar geyindirmək istəyirdilər. Amma rəhmətlik ulu öndərimiz Heydər Əliyevin də buna münasibəti normal idi. Vəfa müəllimə, Eldar Namazova da böyük hörməti var idi. Bu baxımdan razılaşdırılmış addım da adlandırmaq olmaz. Hər halda xeyri o vaxt da hiss olunub, indi də. Bu, elə bir addım idi ki, danışıqlarda vasitəçilərin qarşısında Azərbaycan tərəfinin mövqeyini gücləndirdi.

- Ölkə prezidenti sizin də xatırlatdığınız kimi qapalı danışıqlarda Azərbaycana qarşı təzyiqlərin olmasından danışdı. Necə bilirsiniz, Azərbaycanın maraqlarını qorumaq üçün, Qarabağ güzəştinə etiraz olaraq hansısa məmurların istefaya getməsi mümkün və ya zəruridirmi?

- Demək çətindir. Mən bu ehtimala inanmaq istəmirəm. Amma hansısa şəkildə beynəlxalq ictimaiyyətə göstərmək lazımdır ki, bu, təkcə prezidentin və ya məmurların mövqeyi deyil, hətta ictimaiyyət də buna dəstək verir. Hesab edirəm ki, bunun müxtəlif imkanları var. O vaxt istefa imkanlarından istifadə olundu. İndi Ermənistana baxaq. Apreldən sonra deyirdilər ki, bizə təzyiqlər var, onda müxtəlif addımlar atıldı. Terrorçuların hazırladığı səhnəcikdən tutmuş, aksiyalara qədər... Onlar mövqelərini bu şəkildə göstərdilər ki, ictimaiyyət Ermənistana qarşı addımları qəbul etmir. Hesab edirəm ki, bizim mövqeyimizi də gücləndirmək üçün ictimaiyyətin bu və ya digər şəkildə mövqeyini vasitəçilərə, beynəlxalq ictimaiyyətə çatdırmaq həmişə vacibdir. Bakıda fəaliyyət göstərən səfirliklər eyni zamanda məmurlarla görüşür, onların mövqeyini öyrənirlər, həm də ictimaiyyət arasında olub onların rəyini öyrənirlər. Prezident deyir ki, bizə təzyiqlər var, biz bunu qəbul etmərik.

Bu, onu göstərir ki, elitaya olan təzyiq mövcuddur və ictimaiyyət də bunu qəbul etməyəcək. Bu, bir növ çağırışdır ki, ictimaiyyət öz mövqeyini bu və ya digər şəkildə bildirsin. Yadınızdadırsa, o vaxtlar Xartiya var idi, digər addımlar da mövcud idi. Yəni hansısa şəkildə Azərbaycan tərəfi - əgər lazımdırsa, çünki danışıqların içində deyiləm - danışıqlarda mövqeyimizi gücləndirən addımlar atmalıdır. Bu dəfə də buna ehtiyac olacaq.

- Sizin dövrlə müqayisədə, Azərbaycanın hazırkı mövqelərini necə qiymətləndirmək olar? Təzyiqlər varsa, o demək deyilmi ki, Qarabağı Azərbaycandan qopartmaq qərarı qətiləşib?

- Azərbaycana qarşı bu mövqe - onu ikili standart adlandırardım - həmişə mövcud olub. 1989-cu ildə sovetlər daxilində olanda da ermənilərin havadarları var idi. Saxarov deyirdi ki, “Qarabağı ermənilərə verin” və s. 1992-ci ildə ABŞ Konqresində bizə qarşı “907-ci düzəliş” qəbul olundu. Lissabon sammitini xatırlayaq. Bu addım bizim üçün vacib idi, çünki məsələ ərazi bütövlüyü müstəvisində həll olunacaqdı. Hər halda qərarın üçüncü bəndində belə deyilirdi ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Yəni Azərbaycanın hansısa hissəsini alıb kiməsə verməyə Azərbaycan razı deyil. Tarixə baxsaq, müxtəlif mərhələdə Azərbaycan məcbur olub sübut etsin ki, yox, onun qəbul etdiyi yeganə həll yolu var və həm iqtidar, həm müxalifət, həm də ictimaiyyət tam şəkildə digər bir modeli qəbul etməz. İndiki mərhələdə bu, lazımdır, ya yox, bununla bağlı danışıqları aparan insanlar qərar verə bilər. Demək olmaz ki, indi təzyiqlər artıb, ya da azalıb. Amma apreldən sonra vəziyyət tam dəyişib.

- Kimin xeyrinə?

- Vyana görüşünü yada salın, sanki orada təəccüb hissi var idi. Yəni necə olub ki, biz nəzarət edə-edə Azərbaycan ordusu qəfildən çox güclü zərbələr endirib və göstərib ki, Ermənistan ona tab gətirə bilməz. Əgər əməliyyatları dayandırmasaydıq, bu zərbələr daha da güclənəcəkdi. Bu baxımdan onlar təəccüb edirdilər. Çünki onlar üçün sürpriz olub.

- Konkret kimin üçün?

- Həm Rusiya, həm də ABŞ üçün. Baxın, ondan sonra hansı addımlar atdılar. ABŞ ermənilərə kəşfiyyat sistemi ötürüb. Çünki onlarda ən böyük səhvlər bu istiqamətdə olub. İkinci zəiflik də bu idi ki, onların silahları dəqiq hədəfə vura bilmirdi. Ona görə də ermənilərə dəqiq zərbələr endirmək üçün dörd raket verdilər. Yəni iki zəif elementi onlar üçün əvəzləyiblər. Bu, onu göstərir ki, aprel ayındakı döyüşlər gözlənilən nəticələri verib. Bu mənada ABŞ və Rusiya ermənilərin zəif elementlərini əvəzləyiblər.

- Bu, o anlamı vermirmi ki, həmin güclər ya münaqişənin əbədi qalmasında, ya da Qarabağın qoparılmasında maraqlıdır?

- Addımlar onu göstərir ki, verilən bəyanatlar və atılan addımlar bir-birindən çox uzaqdır. Gəlin, məntiq üzərində qurulmuş bir analiz edək. Söhbət gedirdi ki, artıq danışıqlar substantiv xarakter alsın, erməni cəmiyyəti artıq təşvişdə idi. Bu dalğada hansısa irəliləyişlərə nail oluna bilərdi. Ancaq raketlər gələndən və kəşfiyyat sistemləri alınandan sonra bu təşviş aradan qalxdı. İndi ermənilərin hansısa addım atması qeyri-mümkündür.

- Fransa da öz “hədiyyəsi”ni göndərsə, məsələni bitmiş saymaq olar...

- Bəli, bitmiş saymaq olar. Prezident Putinin köməkçisi Uşakovun bəyanatını götürək. Uşakov Rusiyanın Vyanada keçmiş səfiridir. Həmin bu Uşakov, mən və digər bir səfirin iştirakı ilə Lissabon sammitindəki sonuncu mətn razılaşdırılıb. O vaxt Heydər Əliyev danışıqlara məni yollamışdı. Bu adam Qarabağ məsələsi ilə bağlı hər şeyi bilir, onunçün naməlum məsələ deyil. O deyirsə ki, biz qısa müddətdə irəliləyiş gözləmirik, deməli, onlar artıq istədiyinə nail olublar və irəliləyişin qarşısını alıblar.

- Tofiq bəy, Qarabağla bağlı prosesləri kənardan izlədiyinizə görə təəssüf eləmirsiniz ki? Bəlkə kifayət qədər təcrübəli və sabiq xarici işlər naziri kimi danışıqlarda hansısa formada iştirakınız daha faydalı olardı...

- Mən bu proseslərdən təxminən 10 il uzaqda oldum, kimsə bu işləri normal aparırdı. Lazım olsam, əlbəttə, mən öz biliklərimi, təcrübəmi sərf edəcəyəm. Amma mən Latviya və Estoniyada səfir işləyərkən bu işləri aparıblar, heç də pis aparmayıblar. Ona görə də hələ mənə ehtiyac yoxdur. Lazım olsam, çağırarlar.

- Avropa məkanına daxil olmuş ölkələrdə səfir oldunuz. Baltikyanı ölkələrlə Azərbaycanı müqayisə edəndə hansı qənaətə gəlirsiniz, nə kimi fərqlər var?

- Bizdə stereotiplər çoxdur. Bu, geniş söhbətin də mövzusudur. Hərdən adama elə gəlir ki, hardasa vəziyyət bizdən yaxşıdır və sair. Təbii ki, onların bəzi sahələrdə inkişafı gözə çarpır. Amma digər məsələlərdə Azərbaycan da fəaldır. Məsələn, 10 il ərzində paytaxtın dəyişməsi, camaatın yaşayış səviyyəsi, cavanların bu yenilikləri əldə etməsi, hətta telefon və internetin istifadəsi kimi məsələlər diqqət çəkir. Bu, onu göstərir ki, biz yenilikləri çox sevirik və onları tez götürürük. Hər bir işdə daha çevikik. Bu, çox ümidvericidir. Bizim iqlimimiz, tariximiz, adət-ənənəmiz o bölgədən fərqlidir. Bu baxımdan hesab edirəm ki, burda yaşamaq ordakından daha maraqlıdır. Ordan bura gələnlər də belə deyir.

-Sovetlərdən qalma hansı neqativlər orda da yaşayır?

- Orda bəzi yerlərdə ümumi monopoliya olmasa da, bəzi ticarət şəbəkələri var, onlar da demək olar ki, monopoliyanı təşkil edirlər. Latviya və Estoniyada nəyisə satmaq istəsəniz, sizi asanlıqla bazara buraxmazlar. Onların prezidenti harda seçilir, hardan, hansı proqramla gəlir, kimdir, camaatın xəbəri olmur. Mən şahid olmuşam, prezident seçirlər, camaat ondan sonra onun kimliyini bilir, mövqeyi, baxışları qalır bir kənarda.

Burda da bir çox təəccüblü şeylər baş verir.

- Baltikyanı ölkələrdə də SSRİ-nin bərpası ilə bağlı narahatlıq varmı?

-Yox, məncə, SSRİ-nin bərpasını heç kim istəmir. Çünki artıq zaman keçib. Qəribə bir şey baş verir. Orda yaşayan ruslar elə bil ki, Qərbyönümlü siyasətə, psixologiyaya müxalifət təşkil edirlər. Amma özləri Rusiyaya getmək istəmirlər, çoxları gedib İngiltərə, Almaniyaya və digər Qərb ölkələrində işləyirlər. Bu mənada onlarda miqrasiya çoxdur. Əlbəttə, bizimçün orda yaşamaq çətindir. Çünki ilin 9 ayı elə bil ki, payız və qışdır. Burda gün çıxır. Onların ticarət mərkəzinə girib baxırsan ki, heç kəs gülmür. Yaxşı cəhətləri ilə yanaşı, problemləri də var. Onlar qaydalara əməl etməyi sevirlər, işi az görürlər, amma keyfiyyətli edirlər. Belə müsbət hallar da var.

Elşad PAŞASOY

musavat.com