Yazıda jurnalistin imzası önəmlidir, yoxsa onun titulları?

Yazıda jurnalistin imzası önəmlidir, yoxsa onun titulları? backend

Yəqin ki, son zamanlar qəzet, jurnal, ələlxüsus da saytları oxuyanda yazının ya əvvəlində, ya da sonluğunda imzası ilə bərabər titullarını qeyd edən jurnalistlərə də rast gəlirsiniz. Bu hallar sovet dövrünün jurnalistikasında daha çox olardı, amma 1990-cı illərdən üzü bəri bu tendensiya yavaş-yavaş aradan çıxmışdı. Son vaxtlar isə imzası ilə yanaşı titullarını, məsələn, “Qızıl qələm”, “Əməkdar jurnalist”, “Vicdanlı jurnalist” və sairə laureatları olduqlarını qeyd edən jurnalist yazıları tez-tez qarşımıza çıxır. Daha doğrusu, lap adamın gözünə girir.

Ümumiyyətlə, jurnalistin imzasının yanında titullarını da qeyd etməsinə ehtiyac varmı? Bunu yazanlar düşünürlər ki, bu titullar imzanı daha da sanballı edir.

Əcəba, görəsən yazıda jurnalistin imzası önəmlidir, yoxsa onun titulları? Bu sualla QAZİLER.AZ saytı ölkəmizin sayılıb seçilən jurnalistlərinə müraciət etdi:

Hikmət Sabiroğlu bu titulların Sovet dönəmindən qalma bir ənənə olduğunu bildirdi və bunun ləğv olunması fikrindədir: “Jurnalistin imzası əsadır, tanınmış imzadırsa, bu kifayət edir. “Qızıl qələm”, “Əməkdar jurnalist” və sairə titullara gərək yoxdur. Bu titullar Sovet dönəmindən qalıb. Ümumiyyətlə, bunların ləğvinə ehtiyac var. Əgər kimlərsə imzasını belə görmək istəyirsə, nə deyə bilərəm, hər kəsin öz seçimi var. Ancaq bütövlükdə o titullara ehtiyac yoxdur”.

Qabil Abbasoğlu da digər həmkarı kimi imzanın önəmli olduğuna diqqət çəkdi: “Nəzərə alsaq ki, jurnalistika imza peşəsidir və jurnalist üçün imza çox önəmlidir. Peşəkarlıq baxımından bunları o qədər maraqlı saymıram və jurnalistin peşəkarlığına, nailiyyətinə, uğuruna bu titulların xüsusi aidiyyəti yoxdur. Qeyd edim ki, mən jurnalistlərə titullarına yox, imzalarına görə qiymət verirəm”.

Aydın Canıyev: “Jurnalistin nə imzası, nə də titulları maraqlıdır. Nədən və necə yazmağı maraqlıdır”.

Səbuhi Məmmədlinin də cavabı qısa oldu: “Təbii ki, imza önəmlidir. “Qızıl qələmi” 30 manata da almaq olar”.

İlham Tumas titulun deyil imzanın əsas olduğunu vurğuladı: “Titulların heç bir önəmi yoxdur, əsas jurnalistin imzasıdır. Həmçinin də, imzayla bərabər yazının başlığı da əsasdır”.

Rəşad Sahil
QAZİLER.AZ

Diaspora