QAZİLER.AZ saytı xəbər verir ki, 19 il öncə düşmən arxasına keçərək kəşfiyyat əməliyyatı aparan zaman mühasirəyə düşən, ancaq təslim olmayıb sona qədər döyüşüb şəhid olan yeddi döyüşçümüz yad edilib.
İstefada olan polkovnik Xətai Baxışovun (O, həmin kəşfiyyatçıların komandiri olub. red.) rəhbərliyi ilə döyüş yoldaşları, ailə üzvləri, yaxınları Şəhidlərimizin xatirəsini anmaq üçün Şəhidlər Xiyabanına gedərək onların məzarlarını ziyarət edib, ruhlarına dualar oxuyublar.Qeyd edək ki, 1997-ci il aprelin 7-də iki kəşfiyyat qrupu xüsusi tapşırıqla Qarabağa göndərilir. Qruplar düşmənin arxasına keçərək tapşırığı yerinə yetirir. Biri qrup sağ-salamat geri dönsə də, ikinci qrup düşmənlə qarşılaşıb. Qeyri-bərabər döyüş başlayır. Ermənilər kəşfiyyat qrupunu mühasirəyə alır və təslim olmalarını tələb edirlər. Lakin döyüşçülərimiz təslim olmayaraq sona qədər döyüşürlər.
Kəşfiyyatçılarımız düşmənin xeyli canlı qüvvəsini məhv edir. Güllələri qurtardıqda düşmənin əlinə keçməmək üçün özlərini qumbara ilə partladırlar. 8 nəfər heyətdən ibarət olan qrupun 7 -üzvü Şəhid olur, onlardan biri Əhmədov Aqil Mürsəl oğlu ağır yaralanaraq huşsuz vəziyyətdə əsir düşür. Erməni məhkəməsi Aqilə güllələnmə də kəsir. Ancaq uzun sürən danışıqlardan sonra Aqili dəyişmək mümkün olur.
Şəhidlərimizin nəşi həmin il oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti Heydər Əliyevin səyi nəticəsində erməni cəsədləri ilə dəyişdirilərək, iki gün sonra 16 oktyabrda Bakıda II Şəhidlər Xiyabanında dəfn edilib.
Xatırladaq ki, şəhid kəşfiyyatçıların hər birini mərhum prezident Heydər Əliyev Azərbaycan Bayrağı ordeni ilə təltif edib:
Leytenant Ağayev Elxan Ataxan oğlu:
Leytenant Yarəhmədov Vüqar Rzaxan oğlu:
Çavuş Rzayev Anar Üzeyir oğlu;
Çavuş Mustafayev Dinar İbrahim oğlu;
Çavuş Həsənov Aqşin Əli oğlu;
Çavuş Ələkbərov Nizami Səfi oğlu;
Çavuş Cavadov Fariz Şamil oğlu;
Çavuş Əhmədov Aqil Mürsəl oğlu. (Sağdır)
Ziyarətçilər II Şəhidlər xiyabanında uyuyan digər döyüşçülərin məzarlarını da ziyarət ediblər.
Qaziler.az