Mən onu yalnız bircə dəfə görmüşdüm.
Nəşriyyata işə gedirdim. İşə çataçatda binanın qarşısında maşın dayandı. Dayandı və... Maşından Məmməd Arazı düşürdülər. Mən yerimdə quruyub qalmışdım. İki nəfər qolundan tutub onu nəşriyyata aparırdı. Yeriyə bilmirdi. Allah, allah! Bilirdim xəstədi. Belə vəziyyətdə olduğunu təsəvvür etmirdim. Gənc idim. O gördüyüm mənzərə yaddaşıma əbədilik yazıldı. Ağrılı yazıldı. Dünyanın ədalətsizliyinə bir daha əmin oldum. O təsirdən uzun müddət çıxa bilmədim. O cür əbədiyaşar şeirlər yazan bir İNSANı bu vəziyyətdə görmək mənə çox pis təsir etmişdi. Ömür boyu unuda bilmədiyim hadisə oldu bu. Həyatda çox ədalətsizliklər görmüşəm, barışmaq istəməmişəm. Həmişə düşünmüşəm ki, hər kəs layiq olduğu ömrü yaşamalıdı. Onun insanlığı haqda eşitdiyimə görə də bu böyük şairi fiziki cəhətdən sağlam görməmək üzmüşdü məni. Axı:Vətən mənə oğul desə, nə dərdim,
Mamır olub qayasında bitərdim...
Vətənə olan müqəddəs sevgini kim belə anlada bilər?!
Və yaxud:
Gedir yal davası, sümük davası,
Gedir vurhavurla çəpik davası,
Gedir milyonçunun qəpik davası,
Çürük fikirlərin çürük davası...
Dünya düzəlmir ki, düzəlmir, baba!
"Mənəm" deyənlərin məni görünmür,
Əli tətikdələr, özü hədəfdə,
Azmış ağılların çəni görünmür,
İtmiş, itirilmiş başlar kələfdə!
Dünya düzəlmir ki, düzəlmir, baba!
Dünyanın gəlmişini, keçmişini, əyrisini, yalanını, yaltağını, iyrəncliyini belə güzgü kimi aydın göstərən başqa şair varmı?!
...Mən onu ömrümdə bircə dəfə görmüşəm. İlk və son dəfə. Görəndə də bildim ki, ömrünə çox qalmayıb. Elə o günü fikirləşmişdim bunu. Bir də fikirləşmişdim ki, dünya həm onundu, həm milyonlarca insanın, həm də heç kimin. Gələn hər kəs gedəcək: yaxşı da, pis də, düz də, əyri də. Bildim ki:
"Bir taleyin oyununda cütlənmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin..." - deyə bilən ikinci adam bir daha olmayacaq. Olmadı da...
Arzu Səlim