Yaş məhdudiyyəti...

Yaş məhdudiyyəti... backend

Qəribə münasibətlərin formalaşdığı dövrdə yaşayırıq. Əvvəl yaşadığımız dövrlərlə müqayisədə inkişaf da var, ziyanlarımız da...1990-cı ildə mübarizə aparıb müstəqillik əldə etdik ki, öz əlimiz öz başımız olsun. Başımızın üzərində diktə edən yadlar olmasın. Şükür Allaha ki, buna müəyyən qədər nail olduq. Amma nə baş verdi? Toxunacağım məsələ sosial problemdir, amma günümüzün acı reallığıdır. Dünən qonşumuz Səyyarə xanım yanıma gəlib deyir ki, işləmək üçün satıcı tələb olunan marketlərə yaxınlaşanda yaşının 43 olduğunu bilib işə götürməyiblər. Acı və sarsıdıcı həqiqətdir, deyilmi?

Səyyarə xanım məndən xahiş edirdi ki, Azərbaycan Respublikasının Əmək Məcəlləsinə baxım və ona deyim ki, qanunlarımızda işə qəbulla bağlı yaş məhdudiyyəti varmı? Təbii ki, mən də ona bildirdim ki, əmək qanunvericiliyində belə məhdudiyyət yoxdur. Pensiya yaşı istisna olmaqla. O da 65 yaş müəyyən edilib.

Səyyarə xanım belə olan halda soruşdu ki, bəs onda 30 yaşa qədər gözəl görünüşlü işçi axtaran sahibkarlardan kimə və hara şikayət etsin. Səyyarə xanımın timsalında bu tipli şikayətlər yüzlərlə, minlərlədir.

...Yadıma 5-6 ay əvvəl çox hörmət etdiyim bir millət vəkili ilə söhbətimiz düşdü. Həmin vaxt bu məsələni qaldırmışdım və millət vəkili cavabında deyirdi ki, işçini yaşına görə işə götürməyən sahibkarlar barədə mütləq Daxili İşlər Nazirliyi səviyyəsində ölçü götürülməlidir: “Bu nə deməkdir? Sən gözəllik yarışması keçirirsən ki, 30 yaşa qədər gözəl görünüşlü xanım axtarırsan?” – deyib hətta əsəbiləşmişdi də həmin millət vəkili...
Üzümü millət vəkillərinə və işəgötürənlərə nəzarət edən qurumlara tutub bu məsələni nəzarətə götürmələrini xahiş edirəm. Bu, minlərlə Azərbaycan qadınının xahişidir.
Özlərinə karyera qazanmaları üçün gənclərə yol açılmalıdır. Bu təbiidir. Amma universitet tələbəsi bu gün 55-60 yaşlarında xadimə işləmək, evinə çörək pulu aparmaq arzusunda olan xadimənin işini əlindən almalı deyil. Yəni, tələbə satıcı, ofisiant, menecer və s. işlərdə işləyə bilər, tələbənin bu gün xadimə işləməsi ürək ağrıdıcı haldır. Amma 55-60 yaşlı qadında satıcılıq üçün cəldlik, kassada oturub pul hesablamaq üçün gənclik yaddaşı da qalmır. Yaş öz işini görür. Buna görə, onlar dayə, xadimə kimi işləri rahat görə bilirlər. Bunu nəzərə almaq lazımdır.

Əgər işəgötürən sahibkarlar bu qadağanı qoyursa, xadiməliyə də 30 yaşa qədər gənci işə götürürsə, bu, artıq başqa şeylərdən xəbər verir. Əgər bəzi sahibkarlar özlərinə məşuqə axtarırlarsa, onu işçilərin arasında axtarmaq heç də doğru deyil. İşçini işi bacardığına görə, işə məsuliyyətlə yanaşdığına görə işə götürmək lazımdır. Elə deyilmi?
Başqa bir tələb satıcının ingilis dilini bilməsi ilə bağlıdır. Azərbaycanda ingilislər barmaqla sayıla bilər. İngilis dilini yaxşı bilən şəxs hər halda 200-300 manata satıcı işləməkdənsə gedib xarici şirkətdə daha yüksək əmək haqqına işləyər, deyilmi? İş vaxtının uzunluğu ayrıca söhbətin mövzusudur. Bir çox işəgötürənlər 200 manatlıq maaş verməklə işçini səhər saat 9-dan gecə saat 11-ə kimi işlədir, həm də istirahətsiz. Əməyin istismarıdır. Amma daha bu qədər də yox. Bəziləri satdıqları məhsulları 5 qat bahasına sartıb milyoner olmaq istəyir, daha fikirləşmirlər ki, işçi də insandır və onun haqqını kəsib ikiqat işlətməklə ona zülm eləmək Allaha qəti xoş gəlmir. Sonra da oturub dindən, namazdan danışırlar, Həccə gedib “hacı” olurlar. Qazandıqları da ya özlərinin, ya da övladlarının dərman puluna gedir. Bu məsələdə bir az vicdanlı olmaq lazımdır...

Mən üzümü hörmətli həmkarlarıma tutub burdan səslənirəm. Yəqin ki, qohum-əqrəba arasında bu hallarla rastlaşanlarınız çox olub. Yaş məhdudiyyəti. Gəlin birlikdə kampaniyaya başlayaq. Bu səpkidə elan verən və işçiyə yaş məhdudiyyəti qoyan “işbazlar” haqda ölçü götürülməsi üçün müraciətlər edək. Mən artıq müraciətimi etdim. Çünki, bu, bir qanun pozuntusudur. Həm də insanların işsiz qalmasıyla nəticələnib, sonucda ağır faciələrə, intiharlara, ailə dağılmasına yol açan bir haldır. Məgər, biz vaxtilə meydanlara çıxıb müstəqilliyi bunun üçünmü əldə etdik? Məncə qətiyyən yox!

Sevda Elay (Əsgərova)

Diaspora