Azərbaycanda “Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü” qeyd olunub

Azərbaycanda “Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü” qeyd olunub backend

Beynəlxalq Avrasiya Mətbuat Fondunun (BAMF) “İcma Mina Aksiyası” Komandası 04 aprel – “Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü” ilə əlaqədar Tərtər və Ağcabədi rayonlarında xüsusi tədbirlər keçirib.

İlk olaraq BAMF-ın Tərtər Peşə Təlim Mərkəzinin əkin sahəsində minadan zərərçəkənlər tərəfindən yetişdirilən 400 ədəd şam ağacı FINCA Azərbaycan Qeyri-Bank Kredit Təşkilatının maliyyə dəstəyi ilə BAMF-ın “İcma Mina Aksiyası” Komandası və Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyi (ANAMA) ilə birgə əməkdaşlıq çərçivəsində Ağcabədi rayonunda Taxtakörpü adlanan ərazisində əkilib. “Minadan zərərçəkən vətəndaşların yetişdirdiyi bu ağacların Laçından və Şuşadan olan məcburi köçkünlərin məskunlaşdığı bu qaçqın qəsəbəsində əkilməsi qoy dünyaya bir sülh mesajı olsun” deyən BAMF sədrinin müavini Məhəbbət Mirzəyev bu beynəlxalq gündə dövlət, qeyri hökumət və maliyyə qurumlarının bir araya gəlməsini təqdirəlayiq hal hesab etdiyini vurğulayıb. Tədbirdə Laçın rayon icra hakimiyyətinin başçısı Akif Səlimov, o cümlədən ANAMA və FINCA Azərbaycan Qeyri-Bank Kredit Təşkilatının rəsmi şəxsləri iştirak ediblər.

Bununla yanaşı “Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü” ilə əlaqədar Beynəlxalq Avrasiya Mətbuat Fondunun “İcma Mina Aksiyası” Komandası ANAMA-nın müəyyən etdiyi milli standartlara uyğun olaraq məcburi köçkünlərin məskunlaşdığı Tərtərin cəbhə xəttinə yaxın yerləşən Şıxarx və Həsənqaya kəndlərində Mina Təhlükəsinə dair Maarifləndirmə istiqamətində müvafiq maarifləndirmə işləri aparıb. Xüsusilə qəsəbələrdəki təhsil müəssisələrində şagirdlərə, o cümlədən vətəndaşlara əyani vəsaitlər paylanılmışdır. Kənd sakinləri üçün mina və partlamamış hərbi sursatların təhlükəsi barədə məlumatlar verilib.

Qeyd edək ki, Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) müəyyən etdiyi prioritetlərə uyğun olaraq minatəmizləmə əməliyyatları həyata keçirən və ciddi sosial layihələr həyata keçirən BAMF, 2011-ci ildən “FİNCA Azərbaycan” qeyri bank kredit təşkilatı ilə 04 Aprel gününü Azərbaycanın müxtəlif rayonlarında sosial korporativ layihələr həyata keçirməklə əsasən regionların sosial-iqtisadi inkişaf planına uyğun olaraq təsərrüfat sahələrinin və infrastrukturun mina və partlamamış hərbi sursat riski təhlükəsindən azad edilməsi, insanların doğma yerlərinə qayıtması və iqtisadi fəaliyyətin qurulması üçün benefisiarların təhlükəsiz fəaliyyətinə şərait yaratmaq üçün çağırışa qoşulublar.

Xatırladaq ki, 04 aprel - Beynəlxalq Mina Xəbərdarlığı və Mina Aksiyasına Yardım Günü kimi ilk dəfə 2006-cı ildə BMT Baş Assambleyasında elan edilmiş və hər il qeyd edilir. Bu təşəbbüs BMT və beynəlxalq təşkilatların köməyi ilə, dövlətlər tərəfindən mina və müharibənin partlamamış qalıqlarının təsirinə məruz qalmış ölkələrdə inkişaf və yenidənqurmaya ciddi maneə olan, insanların yaşayış şəraiti, sağlamlıq və həyatı üçün təhlükəli olan mina problemi ilə mübarizənin daima davam etdirilməsinə çağırışdır.
Diaspora