Paytaxtın bütün nöqtələrində avtobus dayanacaqları görmək olar. Təqdirə layiq haldır ki, hələ 5 il əvvəl Bakıda bu məntəqələrin yenilənməsi və bəzi yol kənarlarında yenilərinin salınması prosesi başlanıldı. Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü ilə həyata keçirilən dayanacaqsalma layihəsi çərçivəsində eynitipli olmaqla 664 yeni dayanacaq yerləri quraşdırıldı. Çox gözəl.
Təxminən həmin ərəfədə dayanacaqlara nəzarətin Bakı şəhər yol polisinin nəzarətinə keçirilməsi belə desək, şəhər sakinləri üçün bonus hədiyyə sayılırdı. Çünki əvvəllər bəzi taksilər həmin dayanacaqlarda saxlayıb həm avtobusların yerini məşğul edirdi, həm də sərnişinlərin yubanmasına səbəb olurdular. Neyləyək, onlar da çörək pulu qazanmağa çalışırdı. Bunun da çarəsi var deyib, Nəqliyyat Nazirliyi ölkəyə el dili ilə desək, "badımcan taksilər”, yəni London taksiləri gətirdi. Birbaşa taksiyə nəzarət platformasında səliqə-sahman yaratmaq və şəhər imicinə düzənlik vermək məqsədi daşıyırdı. Bir müddət sonra xüsusi dəb alması bu taksilərin qazancını xeyli yaxşılaşdırdı. Lakin klassik "papaqlı, təsbehli” taksi şoferlərini sıradan çıxarmağı bacarmadılar. Buna da şükür. ən azından artıq taski sürücüləri arasında maariflənmə və mədəniyyət səviyyəsi yaxşılaşıb. Çox az hallarda görmək olar ki, avtobus dayanacaqları onlar tərəfindən məşğul edilsin. Yol polisi əməkdaşlarının da bu işdə böyük səriştəsi nəzərə çarpır.Sürücü sferasında yaxşılığa doğru irəliləyiş yaransa da, sərnişin təbəqəsində mədəniyyət və sahman nəzərə çarpırmı?
Bunu görmək elə də çətin deyil. Ən azında sərnişinlərin ən çox dayandığı dayanacaqların hazırkı görkəmi 5 il ərzində nələr baş verdiyini göstərir. Şübhəsiz ki, hər ölkədə mədəniyyət sarıdan kasadlıq mövcuddur. Bakıda da həmçinin şüşəsi sındırılmış, məlumat monitoru işlək vəziyyətdə olmayan, o cümlədən temperatur göstəriciləri "baş-ayaq” göstərən dayanacaqlardan da söhbət açmaq istəyirik. Doğrudur, onlara ümumi sferada nəzarət olsa da vaxt ötdükcə bu dayanacaqların "Qocaldığını”n şahidi oluruq. O zaman bu dayanacaqlar niyə yenilənmir və yaxud bərpa edilmir?
Adalet.az bu suallara cavab tapmağa çalışıb.
Yeni dayanacaqlar quraşdırılanda hər birinin kənarında Avropa standartlarına uyğun zibil qutuları da quraşdırıldığı yəqin ki, yadınızdadır. Ona görə belə dedim ki, indi bir çox dayanacaqda həmin zibil qutularından ya əsər-əlamət qalmayıb, ya da istifadəyə yararsız haldadır. Gecə içkili olub şüşələrə təpik vuraraq onu sındıran kim, dayanacaqdakı reklam lövhəsindəki artistdən xoşu gəlməyib onu zədələyən kim, yaxud başında güllər açan şəkilli zibil qablarının ağzına qədər dolduğunu görüb boşaltmayan məsul şəxslər kim, bax onları da qeyd etmək lazımdır. Belə hallar tez-tez baş verirdi. Ənənəmizdə var ki, yeniliyi ya sındırmalıyıq, ya da şikəst qoymalıyıq. Əlqərəz, paytaxtda hətta ən böyük prospektlərdəki avtobus dayanacaqlarında belə zibil qutularına rast gəlmək olmur. Sərnişinlər zibili oradaca yerə atıb gedirlər, beləliklə, bu xaosa gətirib çıxarır. Zibil tullantıları paytaxt Bakının ekologiyasına təsir göstərən mühüm problemlərdən biri olaraq qalır. Bu gün paytaxtın bəzi mərkəzi küçələrində hələ də antisanitariya hökm sürür. Bu cür natəmiz küçələr arasında görkəmli şəxsiyyətlərin adını daşıyan Atatürk prospekti ilə Fətəli xan Xoyski küçələri də var. "Həmin küçələrin kəsişməsində, daha dəqiq desək, "Gənclik" metrostansiyasının bütün ətrafı zibillik içərisindədir.Ərazi üzrə cavabdeh olan 54 saylı Mənzil İstismar sahəsinin rəisi Mirəhməd Seyidov açıqlamasında isə bu faktı təkzib etməyə çalışdı. Onun sözlərinə görə, həmin ərazidə natəmizliyin olması mümkün deyil: "Həmin ərazi gün ərzində 2 dəfə - səhər saatlarında və günorta saat 3-də təmizlənir. Əgər həmin ərazi zibillik olsa, bizi ayağımızdan asarlar".
Nərimanov rayon İcra Hakimiyyətindən isə bu dəfə də həmişə eşitdiyimiz cavabı aldıq. Qurumun təsərrüfat şöbəsindən "Bizə belə bir şikayət daxil olmayıb. Məlumat araşdırılacaq, əgər həmin ərazidə natəmizlik və antisanitariya varsa, cavabdeh mənzil istismar sahəsi tərəfindən problem qısa zamanda aradan qaldıracaq" cavabı verildi.
Qurumu bu barədə qınamaq doğru olmazdı. Özlərini də dediyi kimi əvvəlcə gərək şikayət daxil olsun. Amma digər tərəfdən düşünəndə isə nəticə belə olur ki, dayanacaqlarda bu cür şərait yaradan sərnişin aidiyyəti quruma necə şikayət edə bilər? Yəqin elə bu tendensiyaya görə, son iki ildir ki, avtobus dayanacaqlarında natəmizlik və səliqəsizlik hökm sürür. Vətəndaş hər şeydən əvvəl müxbirdir, deməli, günahkar da onun özü olmalıdır.
Dayanacaqlardan mövzu düşmüşkən oradakı məlumat xəritəsindən və monitorlardan da danışmaq yerinə düşərdi. Bu gün əksər avtobus dayanacaqlarında quraşdırılan monitorlar işləmir. KİV-lərdə də bir müddət bu barədə yayımlanmışdı ki, bir müddət əvvəl dayanacaqlarda avtobusların gəlmə intervalını göstərən monitorlar quraşdırılsa da, amma nədənsə onlardan heç bir məlumat almaq mümkün deyil. Sərnişinlərin işini asanlaşdırmaq üçün, yəni avtobusların neçə dəqiqədən bir dayanacağa gələcəyini öyrənmək üçün quraşdırılan bu monitorların işləməsi, təəssüflər olsun ki, qısa müddətli oldu. Odur ki, bu gün çətin hansısa dayanacaqda düzgün informasiyanı özündə əks etdirən monitor görə biləsən. Onların əksəriyyəti ya işləmir, ya da yalnış məlumat verir. Məsələn, Şəhidlər Xiyabanı yaxınlığındakı dayanacaqda olan monitor işləmir. Sərnişinlər ondan güzgü kimi istifadə edirlər.
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) ictimai əlaqələr üzrə mütəxəssisi Rauf Mirqulamov deyir ki, monitorların əksəriyyətinin işləməməsi həmin ərazilərdə gedən təmir-tikinti işləri ilə bağlıdır: "Əksər yollarda təmir gedir, yaxud özəl şirkət sahibləri haradasa obyekt tikir, bu zaman onlar dayanacaqlarda quraşdırılan monitorların kabellərini zədələyirlər. Bu barədə bizə məlumat vermirlər. Məlumat verilən ərazilərdəki monitorları isə yenidən işə salmaq xeyli vaxt aparır", - deyə qurum rəsmisi bildirdi.
Ölkəmizdən fərqli olaraq, xarici ölkələrdə monitorların harada quraşdırılmasından asılı olmayaraq, onlar daim işlək vəziyyətdədirlər. Dayanacaqlarda avtobusların intervalını əks etdirən monitorlar isə daim sərnişinlərin ixtiyarındadır. Məsələn, Avropanın bütün ölkələrində, o cümlədən, Almaniya, Finlandiyada, eləcə də ABŞ kimi ölkələrdə bunun şahidi olmaq mümkündür.
Məlumat üçün qeyd edək ki, hazırda istifadən olunan LED monitorlar ilk dəfə ABŞ-ın Texas ştatında hazırlanıb. Əvvəllər televizor üçün nəzərdə tutulsa da, daha sonra küçələrdə dayanacaqlarda məlumat vermək, reklam göstərmək və s. kimi tətbiq üçün nəzərdə tutulub. Bakıda bu sistemin quraşdırılması üçün Cənubi Koreyanın "SK C&C” şirkəti ilə razılıq 2008-ci ildə əldə olunub. Amma onun gətirilməsi və quraşdırılması 2012-ci ilə təsadüf edib.
Paytaxtımızda bu sistemin işləməsi üçün təkcə dayanacaqlara 611-dən çox avadanlıq quraşdırılıb. Dayanacaqlarda qurulmuş monitorlar külli miqdarda vəsait hesabına başa gəlsə də, hazırda həmin cihazlar işlək vəziyyətdə deyil. Yaranmış bu vəziyyətdən əziyyət çəkənlər isə sərnişinlərdir. Odur ki, monitorların normal işləməsi və sərnişinlərin onlardan yararlanması üçün aidiyyəti qurumlar dərhal hərəkətə keçməli, bununla bağlı yaranmış problemi aradan qaldırmalıdırlar.
Rüfət Soltan