Avtomobilini texniki baxışdan keçirməyən sürücülərə qarşı Pirallahı rayonunda reyd keçirilib.
ATV.az xəbər verir ki, reyd zamanı qaydalara əməl etməyən sürücülər saxlanılıb.
Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi Vaqif Əsədov bildirib ki, avtomobili texniki baxışdan keçirmədiyinə görə ümumilikdə 500-dən çox sürücüyə protokol tərtib olunub. Minik avtomobillərinin texniki baxışdan son keçmə müddəti iyulun 31-i tarixi olsa da, hələ də avtomobilini texniki baxışdan keçirməyənlər çoxdur.
Qeyd edək ki, texniki baxışdan keçməməyə görə fiziki şəxs 50, vəzifəli şəxs 100, hüquqi şəxs isə 300 manat cərimə olunur.
Xatırladaq ki, "VAZ” , “QAZ”, “Moskviç”, “ZAZ”, “UAZ” və digər MDB istehsalı olan minik avtomobilləri yanvarın 1-dən mayın 1-ə qədər, xarici dövlətlərdə istehsal olunan minik avtomobilləri mayın 1-dən avqustun 1-ə qədər, Yük avtomobilləri və avtobuslar isə sentyabrın 1-dən oktyabrın 31-ə qədər texniki baxışa təqdim olunmalıdır.