Keçmiş ANS-çi: “Təəssüf ki, hələ heç bir təklifi dəyərləndirmək halinda deyiləm”

Keçmiş ANS-çi: “Təəssüf ki, hələ heç bir təklifi dəyərləndirmək halinda deyiləm” backend

Lisenziyası ləğv edilmiş "ANS Müstəqil Yayım və Media" Şirkətinin “Marş” hərbi-vətənpərvərlik proqramının layihə rəhbəri və müəllifi Rahib Qərib hələ də işsizdir.

İş təklifi alıb-almaması ilə bağlı Qaziler.az-ın sualına cavab olaraq həyat yoldaşı ağır xəstəliklə çarpışan Qarabağ müharibəsi veteranı: “Təəssüf ki, hələ heç bir təklifi dəyərləndirmək halinda deyiləm” - söylədi.
Yataqxanada yaşayan keçmiş ANS-çi narazılığını dilə gətirdi:
“18 il Mudafiə Nazirliyində xidmət elədim, Səfər Əbiyev yataqxanaya layiq gördu, ANS-də işlədiyim 6 il ərzində gecəli-gündüzlü səngərlər gəzdim, onda da ev məsələm həll olunmadı.
Sənədlərimi toplayıb MTRŞ-in sədri Nuşirəvan Məhərrəmlinin kabinetində şəxsən özünə təqdim etdim. O mənə bildirdi ki, siyahıda daha sanballı adamlar var. “Xala xətrin qalmasın” deyə, mənim sənədlərimi götürdü. Görünür elə mənim ardımca da o sənədləri özünə aid zibil qutusuna atdı. Halbuki, 1985-ci ildən fasiləsiz olaraq mətbuatdayam. BDU-nun jurnalistika fakultəsi, mayor rütbəsinə qədər xidmət, müharibə veteranı… Əmək fəaliyyətində yeganə fasiləm yalnız bu 3 aydır. ANS-in bağlanması belə mənim ezamiyyət müddətimdir. Görəsən bunlar jurnalistləri hansı kriteriya ilə sinifləndirirlər? Siz mənim əvəzimdən o cənablardan soruşun, mən artıq yoruldum…”


Arzu Səlim