Astarada şəhid ailələrinə ev verilib

Astarada şəhid ailələrinə ev verilib backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Astara rayonunda inşa etdirilmiş 4 ədəd fərdi yaşayış evi şəhid ailələrinin istifadəsinə verilib. ƏƏSMN-nin mətbuat xidmətindən QAZİLER.AZ-a verilən məlumata görə, evlərin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Astara rayon İcra Hakimiyyətinin, yerli ictimaiyyətin nümayəndələri iştirak ediblər.


Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Səfər Mehdiyev diqqətə çatdırıb ki, dövlət başçısının 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, cari ildə də respublikanın müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər qeyd olunan insanların istifadəsinə verilib. Bu ilin ötən dövründə artıq 241 nəfərin, o cümlədən 152 nəfər Qarabağ müharibəsi əlilinin, 89 şəhid ailəsinin yeni mənzillərlə təminatı həyata keçirilib.



Tədbirdə bildirilib ki, şəhid ailələri Azərbaycan Respublikası Prezidentinin aylıq təqaüdü ilə təmin olunurlar ki, 2007-ci ilin əvvəlindən təyin olunan bu təqaüdlərin məbləği ötən müddətdə 2,2 dəfə artırılıb. Bununla yanaşı, şəhid ailələrinin hər bir uşağına görə aylıq sosial müavinət ödənilir, əmək pensiyası almaq hüququ olmayan şəhid ailəsi üzvlərinə isə kommunal, nəqliyyat və digər xidmətlər üçün aylıq sosial müavinət verilir. Yaşa görə əmək pensiyası təyin olunmuş şəhid ailəsi üzvünün hər birinin əmək pensiyasının baza hissəsinin üzərinə əlavə hesablanır. Əmək və məşğulluq sahəsində qanunvericilikdə şəhid ailələrinin üzvləri üçün bir sıra güzəşt və imtiyazlar da müəyyən olunub.



Şəhid ailələrinin üzvləri də onların sosial təminatlarının gücləndirilməsi, sosial-məişət problemlərinin həll olunması istiqamətində aparılan işlərlə bağlı minnətdarlıqlarını ifadə ediblər.

Diaspora