Hər dəfə yağış yağanda sürücülər paytaxt yollarında saatlarla tıxacda qalmalı olurlar.
Demək olar ki, əksər yollarda hərəkət dayanır, hətta bəzi yollarda nəqliyyatın hərəkəti iflic vəziyyətə düşür. Ötən gün də belə hal yaşandı. Bəs niyə bizdə yağışlar saatlarla davam edən tıxaclarla müşayiət olunur? Həm ekspert, həm də aidiyyatı qurumun nümayəndəsi ilə birlikdə mövzunu aktuallaşdırmışıq.Bir neçə saat yağış yağdı, yollarda gölməçələr əmələ gəldi. Sürücülər isə saatlarla tıxacda qaldılar.
Bu, hər dəfə yağış yağanda paytaxt Bakıda rast gəlinən mənzərədir. Elə dünən də bu mənzərənin şahidi olduq.
Yağışların tıxacla müşayiət olunması sürücüləri narazı salıb.
Problemin ənənəvi hal alması müxtəlif səbəblərlə izah olunur.. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, əsas səbəb yolda yağıntı sularını ötürəcək qurğuların yaxşı səviyyədə olmamasıdır.
Digər səbəb isə, sürücülərin qayda-qanunlara əməl etməmələridir. Belə ki, sürücülər yaranmış vəziyyətdən sui-istifadə edib bir-birlərinin yoluna girməklə tıxacın yaranmasına səbəb olurlar.
Tıxacın aradan qaldırılmasında əsas rol oynamalı olan şəxs yol polisi olsa da, sürücülər deyirlər ki, ötən gün tıxac olan yolların əksəriyyətində hərəkəti tənzimləyən yol polisi gözə dəyməyib. Nəticədə də sıxlıq daha da artıb.
Ekspert Ərşad Hüseynov deyir ki, yol polisi bu cür hallarda hərəkəti tənzimləmək üçün xüsusi geyimdən istifadə etməlidir.
Qaziler.az Xəzər Xəbər-ə istinadən bildirir ki, Bakı şəhər Dövlət Yol Polisi idarəsinin bölmə rəisi Vaqif Əsədov isə günahın yol polisində olması iddiaları ilə razılaşmır və deyir ki, konkret olaraq dünəki tıxacın səbəbkarları sürücülər olublar.
Vaqif Əsədov təkcə dünən 100 sürücü barəsində inzibati protokol yazıldığını, müşahidə kameraları vasitəsilə 500-dən artıq elektron protokol tərtib edildiyini də xatırladıb.