Nazir Səlim Müslümov BMT-nin nümayəndəsinə əhalinin gəlirlərindən danışdı

Nazir Səlim Müslümov BMT-nin nümayəndəsinə əhalinin gəlirlərindən danışdı backend

“Azərbaycanın 2017-2019-cu illər üçün BMT-nin İqtisadi və Sosial Şurasına üzv seçilməsi əldə olunan nailiyyətlərə beynəlxalq səviyyədə yüksək qiymət verilməsinin əyani təsdiqidir”.

Bunu sentyabrın 29-da Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində ölkədə səfərdə olan BMT İnkişaf Proqramı rəhbərinin müavini, BMT İnkişaf Proqramının Avropa və MDB ölkələri üzrə Regional Bürosunun bölgə direktoru xanım Cihan Sultanoğlu ilə görüşdə nazir Səlim Müslümov deyib.

O bildirib ki, 2003-2015-ci illərdə 3,4 dəfə iqtisadi artım olub. “Bu ilin yanvar-avqust aylarında sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 3,3 faiz çoxalıb. Həmin sektorda davamlı inkişaf son 12 ildə 1 milyonu daimi olan 1,5 milyon iş yerinin və cari ilin ilk yarımilində 78 mini daimi olan 90 minə yaxın iş yerinin açılmasına imkan verib. Əhalinin gəlirləri son 12 ildə 7 dəfə, cari ilin 8 ayında isə əvvəlki ilin eyni dövrü ilə müqayisədə 8,6 faiz çoxalıb. Ümumilikdə 2003-2015-ci illərdə əhalinin gəlirlərinin orta illik artım sürəti iqtisadi artım sürətini orta hesabla 8,3 faiz üstələyib”, - deyə nazir söyləyib.



Hazırda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əmək, məşğulluq, sosial müdafiə, əlilliyi olan şəxslərin reabilitasiyası və s. sahələrdə BMT-nin xüsusi qurumları (Beynəlxalq Əmək Təşkilatı, BMT İnkişaf Proqramı, Dünya Bankı, BMT-nin Uşaq Fondu, BMT-nin Əhali Fondu və b.) ilə səmərəli əməkdaşlıq həyata keçirir.