Bu gün 2-ci qrup Qarabağ qazisi Rafiq Xasay oğlu Kərimovun doğum günüdür. R.Kərimov 1968-ci il, sentyabrın 28-də Ağdam rayonunun Tərnöyüt kəndində dünyaya gəlib.
Vətənə, torpağa olan sevgisi onu erməni işğalçılarına qarşı döyüşlərə aparıb. Azərbaycanın Milli Qəhrəmanı, şəhid polkovnik Şirin Mirzəyevin yaratdığı 836 saylı Ağdam Ərazi Özünü Müdafiə Batalyonunda kəşfiyyat dəstəsində erməni işğalçılarına qarşı aparılan döyüşlərdə fəal iştirak edib. Azərbaycan ordusunun yaranmasında onun da öz payı var.Rafiq hələ sovetlər dönəmində Xankəndində qulluq etdiyi hərbi hissədən 1 ədəd 7, 62 kalibirli “AK” markalı avtomatını da özü ilə Şirin Mirzəyevin batalyonuna gətirmişdi. Xankəndindəki hərbi hissədə 15 nəfər azərbaycanlı olublar. O, Dağlıq Qarabağ Muxtar Vilayətində tətbiq edilən fövqəladə vəziyyət rejimində komendant xidmətində qulluq edib.
1992-ci il, martın 4-də Ağdərə rayonun qazançı kəndi uğrunda gedən döyüşdə R.Kərimov sinəsində ağır yaralanıb. Allah hər döyüşçüyə sinəsindən düşmən gülləsi almaqla mükafatlandırmır...Yaraları sağaldıqdan sonra yenidən döyüş meydanına atılıb. Bu gün o, “Qarabağ qaziləri” birliyinin Nəzarət Təftiş Komissiyasının üzvü kimi təşkilatın işlərində yaxından iştirak edir, digər qazi qardaşlarının problemlərinin həllində onlara yardımçı olur.
R.Kərimovun keçdiyi döyüş yolu, qəhrəmanlığı, həyat yolu hər bir Azərbaycan gənci üçün əsl örnəkdir!
Bilirik, onun üçün ən böyük ad günü hədiyyəsi canından da çox sevdiyi Qarabağın azadlığı olardı! Biz də ona Qarabağlı günlər arzulayırırq! Gün o gün olsun 50 yaşını doğma Qarabağda, Ağdamda qeyd edəsən, Rafiq! Ailənlə, iki gül balanla şad, firavan yaşa, əziz qardaşımız!
Qarabağ qaziləri birliyi və QAZİLER.AZ saytının kollektivi adından
Rey Kərimoğlu
Rafiq Kərimov haqqında bir neçə il əvvəl lent.az saytında yayılan yazını sizə təqdim edirik