Sentyabrın 26-sı Azərbaycanda Konstitusiyasına dəyişikliklər üzrə ümumxalq səsverməsi (referendum) keçirildi. Seçici aktivliyi ilə keçirilən seçkilərin ümumi yekunu onu deməyə əsas verir ki, seçkilər baş tutub. Rəsmi nəticələrə görə, seçkidə 5 milyon 267 min 111 nəfər seçicidən 69,7 faiz, yəni 3 milyon 671 min 176 nəfər səs verib. Vətəndaşlar 125 seçki dairəsi üzrə 5 627 seçki məntəqəsində səs verib, Konstitusiyanın 29 maddəsi üzrə təklif edilən dəyişikliklərə münasibətlərini bildiriblər.
Referendumu hansı beynəlxalq təşkilatlar izləyib?Referendumu 18 beynəlxalq təşkilatın 117 müşahidəçisi izləyib. Bunların sırasında AŞPA, MDB Parlament Assambleyası, TürkPA, Böyük Britaniya, Fransa, Avstriya, Avstraliya və digər ölkələrin parlamentlərindən ibarət nümayəndə heyətlərinin, müxtəlif ölkələrin Mərkəzi Seçki Komissiyalarının təmsilçiləri var. Həmin xarici müşahidəçilər ümumilikdə 33 ölkənin vətəndaşıdır
Beynəlxalq müşahidəçilərdən müsbət qiymət
Seçkiləri izləyən Böyük Britaniya Parlamentinin İcmalar Palatasının üzvü David Morris deyib ki, baş çəkdikləri seçki məntəqələrində heç bir qanun pozuntusu ilə qarşılaşmayıblar: "Artıq 4-cü dəfədir ki, Azərbaycanda seçki prosesini müşahidə edirik Burada seçicilər üçün yaxşı şərait yaradıb. Deyə bilərəm ki, Azərbaycanda keçirilən səsvermə prosesi beynəlxlaq səviyyə ilə müqayisə olunandır. Olduğumuz məntəqələrdə seçici fəallığının şahidi olduq. Britaniyanın Lordlar Palatasının üzvü David Evans isə bildirib ki, Azərbaycanda tətbiq edilən seçki metodları yüksək səviyyədədir: "Mən ötən seçkilərdə də müşahidəçi qismində iştirak etmişdim. Təəssüratım çox yaxşıdır. Seçici fəallığı müşahidə edilir”.
Kipr Parlamentinin deputatı, ATƏT PA-nın Demokratiya, İnsan Hüquqları və Humanitar Məsələlər Komitəsinin məruzəçisi Haciyanni Kiriakos da Azərbaycanda referendumla bağlı səsvermə çox yaxşı təşkil edildiyini deyib. Onun sözlərinə görə, təşkilatçılar səsvermə ilə bağlı mümkün qədər məlumat verməyə çalışıblar: "Seçki məntəqələrində müxtəlif təşviqat materialları yerləşdirilib. Məntəqələr açılandan bəri 4 seçki məntəqəsində olmuşam. Proseduralar dəqiq həyata keçirilir”.
AŞPA Monitorinq Komitəsinin Azərbaycan üzrə həmməruzəçisi Stefan Şennak isə bildirib ki, səsvermə başladığı andan səs vermək üçün növbədə çoxlu adamlar olub. Həmməruzəçi Səsverməyə qatılanlar arasında qadınlar üstünlük təşkil etdiyini də vurğulayıb.
Beynəlxalq standartlara uyğun seçki
Hollandiyadan olan beynəlxalq müşahidəçi Xuan Alexandro Eberhard vurğulayıb ki, Azərbaycanda keçirilən seçkilər beynəlxalq standartlara uyğun keçirilir.
Seçicilərlə də ünsiyyət qurduğunu qeyd edən müşahidəçi səsvermə prosesinin çox açıq və sakit şəkildə keçdiyini bildirib. AŞPA üzvü, ispaniyalı Karmen Kvintanilla da deyib ki, insanlar səsvermə prosesində sərbəst iştirak edirlər: "Azərbaycanda referendum çox yaxşı təşkil olunub. İnsanlar sərbəst şəkildə səsvermə prosesində iştirak edirlər. İndidən Azərbaycan xalqını təbrik edirəm. Ümid edirik, referendumun nəticəsi Azərbaycan xalqı üçün yaxşı olacaq”. İtaliya Senatının üzvü Sercio Divina da seçkiləri şəffaf keçdiyinin tərəfdarıdır. Senat nümayəndəsi burada nizam intizamın olduğunu diqqətə çatdırıb. Seçkilərini müşahidə edən Avropa Akademiyasının serbiyalı nümayəndəsi Marko Blogojeviç səsvermənin təşkilinin yüksək səviyyədə olduğunu vurğulayıb: "İndiyə qədər apardığım müşahidələr seçicilərin kifayət qədər aktiv olduğunu göstərir”. Səsverməni müşahidə edən Avropa Akademiyasının digər nümayəndəsi Aleksandr Markoviç də həmkarının fikirlərinə şərik olduğunu deyib. Referendum prosesini müşahidə edən Böyük Britaniya parlamentinin üzvü Lord David Evans Azərbaycanda olmaqdan çox məmnun olduğunu deyib: "Referendumla bağlı səsvermə prosesini izləyərkən müşahidə etdiklərim məndə xoş təəssüratlar yaradıb. Azərbaycanda bu referendumun təşkili və keçirilməsində istifadə olunan metodologiya təqdirəlayiqdir”.
Türkdilli ölkələrin Parlamentlər Assambleyasının Müşahidə Missiyasının rəhbəri, Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) deputatı Nurlan Dulatbekov deyib ki, TÜRK PA missiyası artıq 3 seçki məntəqəsində olub: "Şəhər ətrafındakı seçki məntəqələrinə baş çəkmək də planlaşdırılır. Hər şey dəqiq təşkil edilib”. Xatırladaq ki, TÜRK PA missiyasına Qazaxıstan, Qırğızıstan və Türkiyədən parlamentarilər daxildir. Qurumun baş katibi Jandos Asanov da deyib ki, Azərbaycan xalqı ölkə Konstitusiyasına dəyişikliklərin edilməsi üzrə referenduma şüurlu yanaşır və öz səsvermə haqqını reallaşdırır. Onun sözlərinə görə, əhalinin aktivliyi müşahidə edilir: "TürkPA-nın müşahidə missiyası axşam saatlarında səsvermənin hesablanması prosesini müşahidə edəcək və o zaman seçicilərin aktivliyi barədə yekun nəticə vermək mümkün olacaq.
MDB Parlamentlərarası Assambleyasının (PA) Müşahidə missiyasının rəhbəri İlyas Umaxanov Azərbaycanda referendumun yüksək səviyyədə təşkil olunduğunu deyib: "Referendumun və seçkilərin keçirilməsinin təşkili baxımından hər şey çox yüksək səviyyədə hazırlanır. Bunu müxtəlif beynəlxalq təşkilatların müşahidə missiyaları, beynəlxalq müşahidəçilər təsdiqləyirlər. Hamı tərəfindən qəbul edilmiş faktdır odur ki, referenduma daxil edilən məzmunlu məsələlərdir. Bu məsələlər Azərbaycanın gələcəyini, demokratik inkişafını, cəmiyyətin demokratik əsaslarını müəyyənləşdirir. Umaxanov qeyd edib ki, heç kəs Azərbaycan xalqının fikrini dəyişmək haqqına malik deyil.
Həmçinin onu da qeyd edək ki, referendum səsverməsində bır sıra xarici şirkətlər “Exit poll”la çıxış ediblər. ABŞ-ın "Artur J. Finkelstein & Associates” şirkətinin Azərbaycandakı referendumda "Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqası” ilə birgə keçirdiyi "exit-poll”un nəticələrinə görə ümumilikdə 32400 insan arasında müsahibə aparılıb və bu, çox böyük rəqəmdir: "88,9 faiz seçici dəyişikliklərə müsbət cavab verib. İcra hakimiyyətində struktur dəyişikliklərinə 87,3 faiz tərəfdar olub. Təhlükəsizlik və müdafiənin təminatı ilə bağlı maddələrə 89,7 faiz seçici "hə” cavabını verib. İnsan hüquqları ilə bağlı dəyişikliyi 88,3 faiz seçici dəstəkləyib. Sosial təminatla əlaqədar maddələrə 86,5 faiz seçici "hə” deyib".
Rüfət Soltan