İnternet əsrinin internet mediası

İnternet əsrinin internet mediası backend

Müasir dövrün tələblərinə uyğun olaraq onlayn media oxucularını sayı maksimum həddə çatıb. İndi hər kəs istər telefonla istərsə də kompyuter arxasında ölkədə gedən gündəlik ictimai-siyasi prosesləri izləyir. Ötrən gün ölkə başçısı “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı”nın təsdiq edilməsi haqqında sərəncam imzaladı. Hələ ötən il cənab prezident Mətbuat Şurasının İdarə Heyətinin üzvləri ilə görüşərkən onlayn medianın inkişafı, xüsusilə xarici dilli resursların gücləndirilməsi, onlayn mediada peşəkarlığın artırılması istiqamətində öz fikirlərini və tövsiyyələrini söyləmişdi. Bu sərəncamdan sonra ölkə onlayn mediasının gələcəkdə hansı prespektivlərinin üzə çıxacaq?

Mövzu ilə bağlı KİV nüamyəndələri fikirlərini bildiriblər.

APA Holding-in rəhbəri Vüsalə Mahirqızı hesab edir ki, prezidentin imzaladığı sərəncam üzrə yeni proqramda onlayn medianın da inkişafına dəstək verilməsinin nəzərdə tutulması çox diqqətə layiqdir: “Bu məsələyə hökumətin diqqət göstərməsi “onlayn” mediaya əlavə immunitet verir. Düşünürəm ki, hökumətin dəstəyi xüsusilə “onlayn” medianın fəaliyyəti üçün alt bazanın, infrastrukturun yaranmasına kömək edə bilər. Nəzərə alaq ki, “onlayn” medianın fəaliyyət göstərdiyi infrastrukturun möhkəm və təhlükəsiz olması həm də ümumilikdə ölkənin milli və informasiya təhlükəsizliyinin tərkib hissəsidir. Hazırda “onlayn” medianın dəstəyə ehtiyacı olan bir neçə sahəsindən biri də güclü və təhlükəsizlik prinsiplərinə maksimum xidmət edən alt bazanın formalaşdırılmasıdır. Eyni zamanda, Dövlət Proqramı texniki təchizatın yaxşılaşdırılması, peşəkarlığın artırılması, “onlayn” medianın sosial şəbəkələrlə inteqrasiyası üçün addımlar atılması üçün kadrların hazırlanmasına da dəstək ola bilər. Mən bu sahədə fəaliyyət göstərən şirkətin rəhbəri olaraq dəstəyə görə görə təşəkkür edirəm”.

Azvision.az portalının baş redaktoru Vüsal Məmmədov deyir ki, Dövlət Proqramında nəzərdə tutulan məsələlər əslində çox geniş sahələri əhatə edir: “Söhbət ondan gedir ki, informasiya cəmiyyəti texnokrat bir cəmiyyət modelidir. Və bu modelə keçid üçün müəyyən texnoloji səviyyə tələb olunur. Dövlət Proqramında nəzərdə tutulan işlər həmin səviyyəni yaradacaq. Bu gün bizdə internet deyiləndə əsasən onlayn media, sosial şəbəkələr, ünsiyyət proqramları və qismən “onlayn” biznes nəzərdə tutulur. Halbuki, müasir dünyada internet daha geniş sahələrdə tətbiq olunur. İKT sahəsində qurulan firmalar və biznes “start-up”ları Qərb ölkələrdə ÜDM-in samballı hissəsini verir. Keçid etdiyimiz postneft dövrü iqtisadiyyatı üçün ciddi bir istiqamətdir. Azərbaycanda internetin keyfiyyətində qüsurlar var, kənd yerləri isə şəbəkələyə qoşulma sarıdan şəhərdən çox geri qalır”.

Baş redaktor deyir ki, qarşıdakı 5-6 il ərzində bu məsələnin həllini tapması ölkə əhalisinin daha çox hissəsinin internetə çıxışını təmin edəcək: “Bu, onlayn media üçün yeni imkan deməkdir. Çünki internetə daxil olmayan insan “onlayn” media üçün yox sayılır. Yalnız internetə qoşulan insan bizim potensial oxucumuz ola bilər. Və əgər insanların internetə qoşulması çoxalır, asanlaşır, ucuzlaşırsa, demək, o“onlayn” medianın öz oxucu əhatəsini genişləndirməsi üçün ciddi şans yaranır.Düzdür, bu gün də faiz göstəricisi olaraq Azərbaycanda internetə çıxışı olan insanlar kifayət qədərdir. Amma hansısa kənddə “meqabayt” alıb, telefonla internetə girən adam onlayn medianın oxucusu deyil. Onun evində internetə qoşulmuş modemin mövcudluğu isə vəziyyəti dəyişəcək. Düşünürəm ki, bu səbəbdən, qarşıdakı 4-5 ildə saytların oxucu bazası xeyli arta bilər”.

Mətbuat Şurasının (MŞ) sədri, deputat Əflatun Amaşov isə onlayn medainın inkiaş.fının çox vacib məslə olduğunu bildirib: “Bu, həmişə belə olub. Əlbəttə, gözləntiləri doğrultmaq hər zaman mümkün olmur. Amma ümumən Azərbaycan mediası inkişafdadır. İnkişaf hansı səviyyədədir, təbii, konkret qiymətləndirmə meyarları da yoxdur. Burada obyektiv və subyektiv dəyərləndirmələr ola bilər. Düşünürəm ki, nə müsbət cəhətləri sadalayıb arxayınlaşmaq, nə də mənfi meylləri qabardıb bədbinliyə qapılmaq lazımdır”.
Onlayn media bazar münasibətləri sistemində özünü yetərincə təsdiqləməyib. Bu onun özünümaliyyələşdirmə imkanlarına mənfi təsir göstərir” deyən Ə.Amaşov hesab edir ki, ancaq işini bazara uyğun tənzimləyən kütləvi informasiya vasitələrimiz də var. Dediyinə görə, son illər onların sayı artmaqdadır: “Bu baxımdan xüsusən onlayn medianı fərqləndirmək mümkündür. Digər tərəfdən, Azərbaycanda mediaya dövlət dəstəyi siyasəti aparıcı xətti təşkil edir. Dövlət dəstəyi prinsip etibarilə ona yönəlib ki, internet media öz işini dövlət və cəmiyyət üçün prioritet olan məsələlərə kökləyərək qursun. İnkişafı şərtləndirən, ona təkan verən cəhətlərdən biri də budur. Media nə qədər cəmiyyətə yaxındırsa, cəmiyyətin problemlərinin həllini hədəf seçibsə, dövlət siyasətinin ictimailik faktorunu qabarda bilirsə, demək ki, inkişafdadır”.
“Yeni Media Jurnalistləri” İB-nin sədri Xaqani Səfəroğlu dövlət başçısı tərəfindən imzalanmış Dövlət Proqramını şərh edərkən bildirib ki, Prezidentin imzaladığı “İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı” internet medianın inkişafı üçün böyük perspektiv açır. Bu proqram onlayn KİV-lərin inkişafına təkan verəcək. Onun sözlərinə görə, bu sənəd ölkədə çoxdan lazım olan informasiya təhlükəsizliyinin təmin olunması sahəsində öz rolunu oynayacaq. Belə ki, çağdaş internet əsri informasiya azadalığı sahəsində ağlagəlməz sıçrayışlar etməklə yanaşı bu sahədə zəruri təhlüikəsizlik qaydalarının qorunmasını da vacib edib: “Dövlət Proqramında onlayn media ilə bağlı ayrıca bəndin əks olunması ölkənin internet media spektri üçün geniş perspektivlər açır. Bu sənəd internet jurnalistikanın hüquqi problemlərini, dövlət dəstəyini həll etməklə onlayn KİV sahəsində müşahidə olunan müəyyən pərakəndəliyi aradan qaldırmağa kömək edəcək”.
X. Səfəroğlunun sözlərinə görə, Dövlət Proqramında intenet texnologiyaları ilə bağlı kadr məsələsinə xüsusi diqqət yetirilməsi ali məktəblərin jurnalistika fakultələri üçün onlayn media ilə bağlı yeni tələblər qoyur.
“Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də dövlət başçısının sərəncamını yüksək qiymətləndirib: “Öncə nəzərinizə çatdırım ki, Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016–2020-ci illər üçün Dövlət Proqramı əsasən İKT sektorunu əhatə edir və kifayət qədər geniş, strateji bir sənəddir. Şübhəsiz ki, proqramın icrası prosesində onlayn medianın inkişafı istiqamətində də bir sıra addımlar atılacaq. Xüsusilə də, Azərbaycan xalqının dəyərlərini, mədəniyyətini təbliğ edən resursların inkişafı istiqamətində”.

Rüfət Soltan