“Dedem Enver Paşa” kitabının təqdimatı keçirilib

“Dedem Enver Paşa” kitabının təqdimatı keçirilib backend

Bu gün Beynəlxalq Mətbuat Mərkəzində Ənvər Paşanın nəvəsi Osman Mayatepekin media nümayəndələri və tarixçilərlə görüşü olub. Bundan başqa O.Mayatepekin müəllifi olduğu “Dedem Enver Paşa” adlı kitabının da təqdimatı keçirilib.

Görüşdə millət vəkilləri Fazil Mustafa, Musa Qasımlı, QAZİLER.AZ saytının baş redaktoru Rey Kərimoğlu, Türküstan qəzetinin baş redaktoru Aqil Camal, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, hərbi vətənpərvərlik marşlarının mahir ifaçısı Şəmistan Əlizamanlı, Millətçilik qəzetinin baş redaktoru Pərviz Elay, tanınmış tarixçilər və media nümayəndələri iştirak edib.
Qafqaz İslam Ordusunun məhz ideyası Azərbaycanın istiqlal savaşından doğulduğunu qeyd edən “Şərq” qəzetinin təsisçisi və baş redaktoru Akif Aşırlı bildirib ki, tarixdə ilk dəfə olaraq Azərbaycan və Türkiyə arasında hərbi birliyin modeli - Qafqaz İslam Ordusu formalaşdı: “Bu ideyanın gerçəkləşməsi Ənvər paşanın adı ilə bağlıdır. Ənvər Paşanın məhz bu ideyanı gerçəkləşdirməsi üçün öz qardaşını seçməsi də Azərbaycan türklərinə verdiyi ən böyük dəyər idi. Ənvər Paşa Azərbaycana çox bağlı insan idi. Onun Azərbaycanın tanınmış ziyalıları ilə çox yaxın əlaqələri var idi. Onun qardaşı Nuru Paşa 6 ay Azərbaycanın istiqlal savaşını apardı. Bu müddət ərzində Qarabağ hərəkatını apardı. Qarabağı işğalçılardan azad etdi. Bir növ Azərbaycan Xalq Cümhuriyyətinin siyasi baxımından elanına bu hərbi hərəkatın nəticəsi olaraq 112 min kvadrat metrlik ərazidə yaradıldı”.
Tarixçi, millət vəkili Musa Qasımlı çıxışında qeyd edib ki, biz diqqət yetirsək görərik ki, Azərbaycana ilk gələn Ənvər paşanın atası Əvəz bəy olub: “Ənvər paşadan danışanda jurnalistlər hissiyyatla yazır. Amma tarixçi hissiyyatla yazmır. Tarixçi o dövrə gedər. Nə üçün Ənvər Paşa Qafqaz hərəkatın başlatdı? Burada hüquqi, siyasi əsaslar var idi. Həmin dövrün Osmanlı hakimiyyəti, Ənvər Paşanın böyük strateji düşüncələri var idi”.
Azərbaycan türklərinin can borcu olduğu 2 tarixi şəxsiyyət olduğunu vurğulayan millət vəkili Fazil Mustafa qeyd edib ki, onlardan biri Ənvər, biri də Nuru Paşadır: “Ənvər Paşanın yerinə hər bir azərbaycanlı özünü qoysun və fikirləşsin ki, mən Bakıya qoşun göndərmək qərarını ala bilərdim, ya yox? Osmanlı ordusu elə bir vəziyyətdə idi ki, bu qərarı ancaq ayrıca bir duyğusu, sevgisi olan insan ala bilərdi. Bu da Ənvər Paşadır. Bu qərarı da Azərbaycan liderlərinin təkidi ilə dəyişdirdilər. O zaman Nuru Paşanın təyinatı Azərbaycandan gələn xahiş əsasında oldu. Nuru Paşa 1-2 həftə Azərbaycana gec gəlsəydi, onda Şaumyanın başçılıq elədiyi erməni-bolşevik ordusu Gəncə şəhərini işğal edəcəkdi. Göyçaya qədər gəlmişdilər. Azərbaycan ərazisinin xeyli hissəsi işğal olumuşdu. Gəncə işğal olunsaydı bu dövrdə indiki Azərbaycanın olub-olmaması şübhə altında olacaqdı. 31 Mart soyqırımına görə Azərbaycan xalqının qisasını alan bir kişi oldu. O da Nuru Paşa”.
Millət vəkili bildirib ki, biz can borcumuz olduğu bu 2 tarixi şəxsiyyətə dəyər verməliyik: “Əgər azadlıq səlahiyyəti sahibi olsaydım Bakının girişində Ənvər və Nuru Paşanın abidələrini ucaldardım ki, hər gələn azərbaycanlı bu borcu xatırlasın”.
Sonda Ənvər Paşanın nəvəsi Osman Mayatepek Bakının xilas olunmasında Ənvər Paşanın apardığı mübarizədən danışdı. O qeyd etdi ki, Türkiyə və Azərbaycanı bir-birindən ayırmamaq lazımdır. Çünkü bu dövlətlər bir millətdir. Bir neçə savaş bu iki ölkənin birləşməməsi üçün olunub. Birinci dünya savaşında Türklər Anadoludan Azərbaycana köməyə gəlir. 1918-ci il 15 Sentyabrda Bakıya Ənvər Paşa daxil olaraq, cumhuriyyəti rəsmiləşdirdi. O vaxt belə bir əmr verilmişdi ki, Ənvər Paşa nə olur olsun Bakıya girməli və Bakını xilas etməliydi. Bu da oldu, Ənvər Paşa nəyin bahasına olsa da Bakını xilas etdi. Bu gün həmin nəslin nümayəndəsi olmaqla qürur hissi duyuram.
Tədbirin sonunda hərbi vətənpərvərlik mahnılarının məşhur ifaçısı Şəmistan Əlizamanlının Qafqaz İslam Ordusunun döyüş marşlarından birinə çəkdiyi və Nuru Paşaya həsr olunmuş klip təqdim edildi.
Diaspora