Dəfn mərasimləri ilə bağlı xərclərə müəyyən hədd qoyulacaq.
Bu məsələ "Məzar yerləri və məzarlıqlar haqqında" qanun layihəsində əks edilib. Belə ki, dəfn xərclərinin dəfn üçün veriləcək müavinətdən artıq olmaması nəzərdə tutulub.Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, əgər vəfat etmiş şəxsin iş yeri varsa, "dəfn pulu" dediyimiz vəsait onun iş yerindən verilir. Əgər ölən təqaüdçüdürsə, həmin vəsait Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən ödənilir. Qanun layihəsində dəfnin məhz bu vəsait hesabına aparılmasını nəzərdə tutulub. Təklifin mahiyyəti ondadır ki, dəfn üçün xərclər bu vəsaitdən artıq olmasın. Daha bir vacib məsələ dəfn üçün ayrılacaq torpaq sahəsinin pulsuz olması ilə bağlıdır.
Layihədə bir nəfərin bir neçə qəbir yeri götürməsinə icazə verilmir. Yəni, heç kim 4-5 qəbir yeri götürə bilməz. İkinci yer o şərtlə verilə bilər ki, həmin yeri vəfat etmiş şəxsin həyat yoldaşı götürsün. Eyni vaxtda iki nəfərdən artıq insan üçün məzar yeri verilə bilməz.