Bir sıra beynəlxaq təşkilatlarda Azərbaycanda insan hüquqlarının olması barədə şübhələr var. Azərbaycanda insan hüquqlarının olmadığı və azad olmayan ölkə olduğu ilə bağlı məlumatlar yayılır. Təkcə bunu demək kifayətdir ki, Azərbaycanda bu günə kimi on minlərlə məhbus əfv fərmanı ilə azadlığına qovuşub. Bu cür bayağı bəyanatlar yayan qurumları isə təkcə statistika ilə də susdurmaq olar. Belə ki, ötən 21 il ərzində 125 mindən artıq şəxsin cinayət əməli dövlət tərəfindən bağışlanıb. Şərqdə ölüm cəzasını ləğv edən ilk dövlət də biz olmuşuq. Həmçinin dövlət başçısı İlham Əliyevin 13 illik hakimiyyəti dövründə prezidentin imzaladığı çoxsaylı əfv fərmanı ilə 6 min 472 nəfər əvf edilib. Bu ilin may ayında isə Heydər Əliyev Fondunun həyata keçridiyi amnistiya aktının icrası ilə 350 nəfər məhbus azadlığa qovuşub
Qeyri-hökumət təşkilatı olan “Freedom House” isə yenə də öz sərsəmliyindən əl çəkmir. Hər il olduğu kimi 2016-cı il hesabatında da təşkilatın Azərbaycana qarşı böhtanları yer alıb. Sözügedən qeyri-hökumət nümayəndəliyini ermənipərəst yönlü addımları ilə seçilib. Dövlət başçısının da dediyi kimi "Freedom House” ermənipərəst mövqe tutduğuna və Azərbaycana davamlı hücumlar etdiyinə görə ölkəmizin onunla heç bir əlaqəsi olmayan təşkilatdır. Prezident İlham Əliyev Avropa İttifaqı-Azərbaycan Parlament Əməkdaşlıq Komitəsinin nümayəndə heyəti ilə görüşündə bildirib ki, uzun illər "Freedom House”un rəhbəri müxtəlif səbəblər üzündən Dövlət Departamentindən qovulmuş və Azərbaycanın ən fəal tənqidçilərindən birinə çevrilmiş Kramer olub: “Deyim ki, "Freedom House”un hesabatlarının bizim üçün heç bir əsası yoxdur və bu təşkilatın bu sənəddə qeyd olunması məndə təəccüb doğurur. Bu, qeyri-hökumət təşkilatıdır, yüzlərlə belə təşkilat müxtəlif hesabatlar dərc edir. Avrasiyada ən böyük geriləmənin Azərbaycanda olduğunu deməsi bu təşkilatın və Avropa Parlamentinin Azərbaycana münasibətini nümayiş etdirir”.Politoloq Elçin mehdiyevin sözlərinə görə, sözü gedən təşkilat Azərbaycana qarşı qərəzli mövqeləri ilə seçilir: ““Freedom House” təşkilatı Azərbaycanda bütün sahələrdə gedən inkişaf proseslərindən kifayət qədər məlumatlıdır. Ancaq bu prosesləri dilə gətirmək “Freedom House”un ənənə və prinsiplərinə tamamilə ziddir. Çünki ona Azərbaycanı tərifləmək yox, təzyiq göstərmək tapşırığı verilib. Lakin Azərbaycandakı mövcud durum özü “Freedom House”un yalanını ortaya çıxarır. Qeyd etdiyim kimi, bu gün Azərbaycandakı bir sıra qəzetlərin, xəbər poltallarının manşetləri təhqiramiz materiallarla doludur. Əgər doğrudan da, “Freedom House”un dediyi kimi olsaydı, onda gərək Azərbaycanda bu cür mətbuat orqanları ümumiyyətlə, fəaliyyət göstərməyəydi. Ancaq həmin mətbuat orqanları illərdir Azərbaycanda fəaliyyət göstərir və heç kim də onların əməkdaşlarını həbs etmir”.
Ötən günlərdə Qərargahın ABŞ-da yerləşən “Freedom House” təşkilatı növbəti ənənəvi illik hesabatını yayıb. Hesabatda Azərbaycana qarşı münasibət əvvəlki hesabatdakından heç nə ilə fərqlənmir. Yenə də Azərbaycanı "qeyri-azad" ölkələr sırasına daxil ediblər. Təbii ki, bu belə də olmalı idi. Azərbaycan haqqında artıq özündə qərəzli stereotiplər formalaşdıran bu təşkilatdan başqa mövqe gözləmək sadəlövhlük olardı. Hər dəfə “Freedom House” hesabat yayanda onun Azərbaycan haqqında məlumatları haradan aldığı və ya hansı əsaslarla Azərbaycanı “qeyri-azad” ölkə adlandırması suallar doğurur.
Politoloqlar hesab edir ki, əgər “Freedom House” ayrı-ayrı cinayət əməllərinə, o cümlədən xarici xidmət orqanlarına işlədiklərinə və dövlətə xəyanət etdiklərinə görə həbs olunan bir neçə insanı nəzərdə tutursa, burada da yanlışlığa yol verir. Çünki jurnalist və ya hüquq müdafiəçisi olmaq heç kimi hansısa cinayət məsuliyyətindən azad etmir. Bu, dünyanın istənilən ölkəsində belədir. Hansı ölkə hüquq müdafiəçisinə və ya jurnalistə cinayət törətmək, ölkəsini satmaq hüququ verir?
Azərbaycanda insan hüquqları məsələsinə qeyri-məntiqlə yanaşan qurumlar arasında ABŞ konqresi də yer alır. Konqresin ötən il iclasında bir milyon insanın pozulan hüququ deyil, bir neçə nəfərin məsələni qaldırması da onu göstərir ki, birmənalı olaraq hüququn tərsliyinə yönələn addımlar atılır. Millət vəkili Çingiz Qənizadənin məsələyə münasibəti də Konqresin “şüuru”nu təkrarlayan bir sıra qurumların Azərbaycana qarşı yönələn sifarişçi fəaliyyətləri ilə bağlı olub. O bildirib ki, Azərbaycanda bir milyona qaçqın və məcburi köçkün var. Onların hüquqları 24 ildir pozulub. Millət vəkilinin sözlərinə görə, onlar üçün bir milyon insanın hüquqlarının pozulması önəm daşımır. Ancaq 2-3 nəfərə qarşı qanunun aliliyini rəhbər tutaraq cəza tətbiq olunursa, o zaman bu məsələ müzakirə olunur: “Ona görə də bu dinləmələrin obyektiv olacağına inanmıram və bu mümkün deyil. Əgər dinləmə təşkil olunursa, onun obyektivliyini təmin etmək üçün gərək tərəflərin mövqeyi dinlənilməli və ortaya qoyulmalıdır. Odur ki, Dövlət Departamentinin və Konqresin təşkil etdiyi dinləmələr də dövlətin siyasətinə uyğun həyata keçirilir və bunun də məqsədi var. Məqsəd bu dinləmələrlə Azərbayacana təzyiq edib nələrəsə nail olmaqdır”.
Millət vəkili onu da əlavə etdi ki, Amerika Azərbaycanda bütün həbslərə deyil, onların marağında olan şəxslərin həbsi olanda reaksiya verir: ”Yəni özlərini ictimai aktiv sayan şəxslərə qanunları pozsalar da toxunmaq olmaz. Onlar hər nə edə bilərlər, qanunu pozsa da, böhtan danışsa da, xaricdən qeyri-qanuni maliyyələşsə də, onlara toxunmaq olmaz. Bu cür yanaşma düz deyil və bu baxımdam bu cür dinləmələri obyektiv və düzgün saymıram”.
Qeyd edək ki, “Freedom House” təşkilatının illik hesabatında dünyanın 195 ölkəsi azad, qismən azad və azad olmayan üç qrupa bölünüb. 86 ölkə azad, 59 ölkə qismən azad, 50 ölkə isə azad olmayan kateqoriyaya daxil edilib. Azərbaycan bu dəfə də azad olmayan ölkələrin sırasındadır. Qeyd olunur ki, Azərbaycanın siyasi hüquqlar reytinqi - jurnalistlər, müxalifət fəalları və hüquq müdafiəçilərinə qarşı ədalətli məhkəmə araşdırması hüququnun ciddi pozuntuları ilə yadda qalıb.
Rüfət Soltan