Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək

Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardım veriləcək backend

Azərbaycan Prezidenti İlham Əliyev 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında sərəncam imzalayıb.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, 1941-1945-ci illər Böyük Vətən müharibəsində Qələbənin 70-ci ildönümü ilə əlaqədar qərara alıram:

1. 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına 800,0 (səkkiz yüz) manat məbləğində, Böyük Vətən müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Böyük Vətən müharibəsi dövründə Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, habelə Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına 400,0 (dörd yüz) manat məbləğində birdəfəlik maddi yardım verilsin.

2. Bu Sərəncamın 1-ci hissəsinin icrası məqsədi ilə:

2.1. Azərbaycan Respublikasının 2015-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan 8,3 milyon (səkkiz milyon üç yüz min) manat ayrılsın;

2.2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi həmin vəsaitin Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondunun xüsusi hesabına köçürülməsini təmin etsin;

2.3. Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu birdəfəlik maddi yardımın bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulmuş şəxslərə çatdırılmasını təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
Diaspora