Dövlət qurumlarının qəbuluna onlayn yazılmaq mümkün oldu

Dövlət qurumlarının qəbuluna onlayn yazılmaq mümkün oldu backend

Azərbaycanda dövlət strukturlarının rəhbərliyinin qəbuluna onlayn yazılmaq "Elektron hökumət" (e-gov.az) portalında mümkün oldu. Bunu cümə günü Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzinin (MHM) direktoru Nail Mərdanov deyib.

Onun sözlərinə görə, bu xidmət ilkin mərhələdə vətəndaşlara Biləsuvar rayon İcra Hakimiyyətinin rəhbərliyinin qəbuluna yazılmaq imkanı verir.

N.Mərdanov qeyd edib ki, hazırda "Elektron hökumət" portalı üzərindən 413 elektron xidmət vətəndaşların istifadəsindədir və bu xidmətlərdən istifadə sayı günbəgün artır: "Belə ki, 1 aprel tarixinə 1,4 milyon nəfərdən çox vətəndaşımız portaldakı e-xidmətlərdən 8 milyon dəfədən çox istifadə ediblər. "Elektron hökumət" portalına qoşulmaq istəyən qurumların və təqdim olunan xidmətlərin sayında dinamik bir artım müşahidə olunur".

O, əlavə edib ki, bəzi icra hakimiyyəti orqanları ictimai maraq dairəsində olan xidmətlərin elektronlaşdırılması istiqamətində müəyyən təşəbbüslər göstərirlər, lakin əksər aktual xidmətlər hələ də ənənəvi yolla icra edilir: "Ötən aylarda Rabitə və Yüksək Texnologiyalar Nazirliyi və Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının təşəbbüsü ilə bir sıra icra hakimiyyəti nümayəndələrinin iştirakı ilə kurslar keçirilib. İştirakçılara “Elektron hökumət”in infrastrukturu, onun əsas komponentləri, dövlət reyestrləri, elektron xidmətlər, elektron imza və elektron sənəd barədə əvvəlcədən müəyyənləşdirilmiş proqram və təqdimatlar əsasında bilgilər verilib".

Onun sözlərinə görə, təlimlərdə iştirakçılara nəzəri biliklər verilməklə yanaşı, həm də ən çox istifadə olunan elektron xidmətlər əyani olaraq nümayiş etdirilib: "Təlimlər qarşılıqlı müzakirələr və diskussiya şəklində davam edib və iştirakçıları maraqlandıran suallar cavablandırılıb. İcra hakimiyyəti nümayəndələri tərəfindən bir sıra xidmətlərin elektronlaşması və bu sahədə MHM ilə əməkdaşlıq məsələləri qaldırılıb. Bundan sonra MHM-in nümayəndələri Biləsuvar, Yasamal və s. İcra hakimiyyətlərində olub, xidmətlərin elektronlaşması üçün birgə müzakirələr aparılıb".

MHM-in direktoru vurğulayıb ki, daxil olan müraciətlərə əsasən “Yerli icra hakimiyyəti orqanlarının vəzifəli şəxslərinin qəbuluna “Elektron hökumət” portalı vasitəsilə yazılmaq və prosesin onlayn izlənilməsi” xidmətinin hazırda daha çox aktual olduğu müəyyən edilib və bu xidmətin reallaşdırılması üçün bir neçə yerli icra hakimiyyəti orqanları ilə əməkdaşlığa başlanılıb: "Qısa müddət ərzində aparılan işlər nəticəsində bu xidmət tam şəkildə elektronlaşdırılıb və Biləsuvar rayon İcra Hakimiyyəti nümayəndələri ilə birgə test-sınaq işləri aparılıb. Tam əminlik hasil olduqdan sonra 16 mart tarixində xidmət portala inteqrasiya edilərək vətədaşlarımızın istifadəsinə verilib".

O, qeyd edib: "Vətəndaşlarımız “Elektron hökumət” portalında mövcud vasitələrdən hər hansı biri ilə qeydiyyatdan keçərək, bu elektron xidmət vasitəsilə Biləsuvar rayon İcra Hakimiyyətinin vəzifəli şəxslərinin qəbuluna yazıla və bundan sonra bütün prosesi onlayn rejimdə izləyə biləcəklər. Vətəndaşlar portal vasitəsilə özlərinin bütün müraciətlərini, müraciətlərin icra vəziyyətini, müraciətin hansı vəzifəli şəxslərə yönləndirilməsini, hansı tarixdə müraciətin icra olunaraq bağlanmasını və s. prosesləri görə biləcəklər. Proqram təminatı hazırlanarkən istifadə interfeysinin maksimum sadə olmasına xüsusi diqqət yetirilib. Həmçinin nəzərə alınıb ki, kağız şəklində daxil olan müraciətlərin hamısı elektron xidmətə işlənilsin. Bununla da bütün müraciətlər portalda öz əksini tapacaq və izlənilə bilinəcək".

N.Mərdanovun sözlərinə görə, eyni zamanda, aidiyyəti üzrə yüksək səlahiyyətli qurumlara imkan yaradılacaq və həmin qurumların müvafiq əməkdaşları bütün icra hakimiyyəti orqanlarına daxil olan müraciətləri və onların icra vəziyyətini portal vasitəsilə onlayn rejimdə izləyə biləcəklər ki, bu da yerlərdə məmurların məsuliyyətinin artmasına gətirib çıxaracaq. Proqram məhsulu hazırlanarkən digər təşkilatların da bu xidmətə qoşulma imkanları nəzərə alınıb. Xidmətdən yararlanmaq üçün istənilən qurumun bu xidmətə əlavə edilməsi onların müraciəti əsasında aparılacaq.

Direktor bildirib ki, "Elektron hökumət" portalının operatoru olaraq, Məlumat Hesablama Mərkəzi yeni mərhələdə digər icra hakimiyyəti orqanları ilə əməkdaşlıq edərək, aktual sosial xidmətlərin elektronlaşdırılmasına maddi və proqram-texniki dəstək olmağı və həmin xidmətləri "bir pəncərə" prinsipinə uyğun olaraq vahid məkandan, yəni "Elektron hökumət" portalı üzərindən vətəndaşların istifadəsinə təqdim etməyi öz qarşısına məqsəd qoyub: "Hesab edirik ki, yeni inkişaf mərhələsində sosial rifahı təmin edəcək nailiyyətlər əldə ediləcək və tezliklə vətəndaşlarımızın "Elektron hökumət"dən gözlədiyi real nəticələr əldə olunacaq".
Diaspora