“Prezidentin fərmanı milli valyutanın stabilləşməsinə yardım edəcək“

“Prezidentin fərmanı milli valyutanın stabilləşməsinə yardım edəcək“ backend

Dövlət başçısı ötən gün Azərbaycanda icra hakimiyyəti orqanları və dövlət büdcəsindən maliyyələşən təşkilatların idxal mallarının (işlərin, xidmətlərin) satın alınmasına qadağa qoyulması və bu qadağanın 2018-ci ilin yanvarın 1-nə kimi qüvvədə olacağı ilə bağlı fərman imzalayıb.

Sənəddə bildirilir ki, fərmanın əsas məqsədi dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində satınalmaların səmərəliliyini artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaqdır.

Bu məhdudiyyət dövlət zəmanəti ilə alınmış xarici kreditlərə, xarici qrantlara, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan mallara tətbiq olunmur.

Dövlət qurumlarına idxal qadağası ölkədə bir sıra iqtisadi məsələlərin asanlaşdırılmasına yönəldilib. Prezidentin bu fərmanı imzalaması ekspertlərin fikrincə ölkədə növbəti devalvasiyanın qarşısını almağa və milli valyutanın optimallaşdırılmasına yönəlib. İqtisadçı ekspert Nazim Bəydəmirli adalet.az-a açıqlamasında bildirib ki, yerli istehsalatın artırılması çərçivəsində yeni qadağa iqtisadi səmərə verə bilər. Ekspert onu da vurğulayıb ki, ölkənin iqtisadiyyatının stimullaşdırılması və iqtisadi maliyyə resurslarına çıxışı asanlaşdırmaq lazımdır: "Maliyyə resurslarına çıxışın asanlaşdırlması həm də sahibkarların resurs əldə etmək imkanlarına müsbət təsir göstərəcək. Bu biləvasitə sahibkarlığın möhkəmləndirilməsinə yönəlib. Digər tərəfdən isə dövlət tərəfindən maliyyələşdirilən qurumların yerli istehsalatdan yararlanması sahibkarlığın inkişafına təkan verəcək. Əvvəllər dövlət qurumları mebel təchizatını təmin etmək üçün və ya avtomobil almaq üçün xarici ölkələrdəki şirkətlərlə müqavilə imzalayırdılar. İndi isə yerli istehsalat bunları təmin edir. Nəticədə valyutanın xaricə daşınmasının qarşısı alınacaq ki, bunun da gələcəkdə stabilləşməni təmin edəcəyinə inanıram.

Ekspert həmçinin fərmanın 2018-ci ilin yanvarın 1-nə kimi qüvvədə olmasına da fikir bildirib. Onun sözlərinə görə, bu planlaşdırılmış müddətdir: "Bu fərmanın icrasına bir ildən artıq vaxtın qoyulması bu müddət ərzində yerli sahibkarlığın təmin etmə gücünün möhkəmləndirilməsi və milli valyutanın stabilləşməsinə yönəlib. Layihə əvvəlcədən aparılmış hesablamalar üzərində həyata keçirilir.

İqtisadçı həmçinin Azərbaycanın bu cür layihələrin həyata keçirilməsində sərbəst olduğunu əsaslandırıb. O bildirib ki, Ümumdünya Ticarət Təşkilatına daxil olmadığımız halda dövlət qurumlarına qadağa qoya bilərik. ÜTT-yə üzv olan ölkələrin Azad ticarət zonasına açıq olduğu üçün onların bu cür qadağa qoymasına icazə verilmir. Bu cəhətdən fərmanın icrası uğurlu nəticələr verə bilər. Prezidentin bu səyini dəstəklıəyirəm.

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin yaydığı açıqlamada bildirilib ki, bu Fərman icra hakimiyyəti orqanlarının və dövlət büdcəsindən maliyyələşən təşkilatların fəaliyyətində səmərəliliyi artırmaq, ölkədə sahibkarlıq fəaliyyətini genişləndirmək, habelə biznes və investisiya mühitinin əlverişliliyini və rəqabət qabiliyyətini daha da artırmaq məqsədi ilə imzalanıb.

Lakin Fərman dövlət zəmanəti ilə alınmış xarici kreditlər, xarici qrantlar, ölkənin müdafiəsi və dövlət təhlükəsizliyi ehtiyacları ilə bağlı idxal olunan malların (işlərin, xidmətlərin), dərman və tibb vasitələrinin satın alınmasına şamil edilmir.

Nəticə etibarilə Fərmanın həyata keçirilməsi ilə idxalın həcminin azalması və strukturunun daha da təkmilləşdirilməsi mümkün olacaq. Beləliklə, idxal daha məhsuldar olacaq və dövlət büdcəsində qənaət edilən vəsait müvafiq qaydada digər istiqamətlərə yönəldilərək sosial-iqtisadi inkişafa xidmət edəcək. Fərman idxalın əvəzlənməsi üçün Azərbaycan sahibkarlarına yeni imkanlar açır.

Qeyd edək ki, prezident İlham Əliyevin ilin əvvəlində keçirdiyi müşavirələrdə yerli istehsalın dəstəklənməsinin vacibliyi barədə çıxışlarında büdcə təşkilatlarını yerli avtomobil istehsalını dəstəkləmək üçün Naxçıvan Avtomobil Zavodunun istehsalı olan "NazLifan" avtomobillərini almağa çağırmışdı. Prezident Azərbaycanda mebel sənayesinin keyfiyyətli məhsul buraxdığını qeyd edərək büdcədən maliyyələşən təşkilatlara xaricdən bahalı mebel sifariş vermək əvəzinə bu məhsullara üstünlük verməyi tapşırıb.

Rüfət Soltan