267 nəfər sərhəddə saxlanılıb

267 nəfər sərhəddə saxlanılıb backend

QAZİLER.AZ saytı Dövlət Sərhəd Xidmətinin saytına istinadən xəbər verir ki, Dövlət Sərhəd Xidməti tərəfindən 2015-ci ilin mart ayı ərzində dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilmiş, qaçaqmalçılığa, qeyri-leqal miqrasiyaya, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə uğurla davam etdirilmişdir.

Ay ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 34 nəfər saxlanılmışdır. Onların 24 nəfəri Azərbaycan Respublikası, 5 nəfəri Özbəkistan, 2 nəfəri Türkiyə, hər ölkədən bir nəfər olmaqla İran İslam Respublikası, Gürcüstan və litva vətəndaşları olmuşdur.

Sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 9 halda 18 nəfər, Xəzər dənizində 7 halda 11 nəfər saxlanılaraq barələrində müvafiq tədbir görülmüşdür.

Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 267 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilmişdir.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 23 halda 10 kiloqram 332,7 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınmışdır.

Qaçaqmalçılıq fəaliyyətilə məşğul olan bir cinayətkar dəstə aşkarlanmış, dəstə üzvlərindən bir nəfəri cinayət məsuliyyətinə cəlb edilmiş, digərləri barədə əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.

Qaçaqmalçılıq fəaliyyətinə qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 68 halda ümumi dəyəri təqribən 712 min manat olan qaçaqmalın, o cümlədən 1 ədəd pnevmatik tapança, 24 ədəd 12 millimetrlik giliz, 15 kq barıt, 3 ədəd beşbarmaq, 1 ədəd bıçaq, 1 ədəd gözyaşardıcı balon, 337 ədəd zinət əşyası, 8486 qutu siqaret, 91 ədəd mobil telefon, avtomobillər üçün 19 adda 28 ədəd ehtiyat hissələri, 3500 metr balıq toru, 1 kiloqram kalium-permanqanat preparatı, 3,5 kq qırmızı kürü, müxtəlif ərzaq və sənaye malları saxlanılmışdır.
Dövlət sərhədlərimizin etibarlı mühafizəsinin təşkili istiqamətində tədbirlər davam etdirilir.

Diaspora