Azərbaycanda Qurban bayramı qeyd olunur

Azərbaycanda Qurban bayramı qeyd olunur backend

Bu gün Azərbaycanda islam aləmində ən möhtəşəm bayramlardan biri olan müqəddəs Qurban bayramı qeyd edilir.

Qaziler.az bildirir ki, Qurban bayramı — İslam aləmində ən müqəddəs bayramlardan biridir. Bütün müsəlman aləmində hər il hicri təqvimi ilə Zilhiccə ayının 10-cu günündən başlayır və adətən üç gün davam edir. Mərasimlərdə qoyun, qoç, inək, dana və ya dəvə kəsilir. Qurbanın bir hissəsindən din xadimlərinə pay göndərilir, bir hissəsi isə kasıblara paylanır. Hamıya bərabər pay verilir, qurban kəsən özü də bərabər pay götürə bilər. Ənənəyə görə dilənçi və kasıblar bayram günü ac qalmasınlar deyə bu gün mərasimlərə dəvət olunurlar.

Bu bayram müsəlmanların Həcc ziyarəti mərasiminin bir hissəsidir. Qurban bayramı müsəlman təqviminin (Hicri-qəməri təqvimi) 12-ci ayı olan Zilhiccə ayının 10-cu günü Məkkədə Həcc dövründə qurbanlıq heyvanların kəsilməsi şəklində qeyd olunur.

İslam dini böyük inama, Uca Allaha qurban verməkdə də əvəzsiz inqilab yaratdı. Bəşəriyyəti insanı qurban verməkdən çəkindirdi, bu cür qurbanı hətta qadağan etdi. Ona görə də islam dini Allahın adından buyurdu ki, insanın əvəzinə qurbanlıq heyvan kəsilməlidir. Qurban mərasiminin vaxtı da müəyyənləşdirildi. Əvvəllər kim nə vaxt istəsəydi, qurbanlıq heyvan kəsə bilərdi. Bayramı daha da şərəfləndirmək üçün onun ildə bir dəfə - Zilhiccə ayının 10-da keçirilməsi qanuniləşdirildi.

Quranda deyilir: "Allah Beytülhəram (müqəddəs ev) olan Kəbəni haram ayı (Zilhiccəni), (Kəbəyə gətirilən) boyunları bağsız və bağlı (boyunlarına nişan taxılmamış və taxılmış) qurbanları insanların (dini və dünyəvi işlərinin) düzəlib sahmana düşməsi üçün bir yol müəyyən etdi. Bu ona görədir ki, Allahın göylərdə və yerdə nə varsa (hamısını) bilməsini, özü də Allahın hər şeyi (layiqincə) bilən olmasını siz də biləsiniz!" (Quran, 5-ci surə, 97-ci ayə).
Bu mərasim yerlərdə də keçirilir. Hər hansı niyyət üçün qurbankəsmə istənilən gündə ola bilər.

Sovet hakimiyyəti dövründə din və dini ayinlər, bayramlar da tənqid hədəfi olub.

Azərbaycan müstəqilliyə qovuşduqdan sonra xalqın dininə, milli ənənələrinə, milli və dini bayramlarına hörmət və diqqət yetirilməyə başlandı.

Azərbaycanda bu il Qurban bayramı sentyabrın 12 və 13-də qeyd edilir.