Dünən də elə Müdafiə Nazirliyinin saytına baxanda diqqətimi elan xarakterli bir yazı cəlb etdi -“Vətən uğrunda” hərbi-vətənpərvərlik mahnıları müsabiqəsinin keçirilməsi haqqında məlumat idi.
Çox sevindim, həm vətəndaş olaraq, həm ana olaraq:
“Efir məkanını zəbt edən, insanı musiqidən iyrəndirən bayağı “sənətçi”lər və elə öz zövqlərində olan aparıcıların onları ağız dolusu təriflərindən bezən bir vaxtımızda belə bir layihənin həyata keçirilməsi lap yerinə düşür"-deyə düşündüm.
Gəlin açıq danışaq, hamımız bezmişik. Amma, hamımız “El içində”, “Gündəlik Mətanətlə”, və sair və ilaxır verilişlərə baxmaqla vaxt öldürürük. (Məndən və mənim kimi düşünən soydaşlarımdan uzaq)
Sanki, hansısa qüvvənin əli bir vaxtlar ən samballı, verilişləri, xanım-xatın qadın, dəyanətli, mədəniyyətli kişi aparıcıları ilə göz oxşayan efirimizə uzanıb, millətin zövqünü korlamaq üçün dəridən, qabıqdan çıxır.
Çoxluq narazıdır, amma hamı izləyir, hamı Elgizi, Mətanəti gözləyir. Qəribə olan bilirsinizmi nədir?
Bu mənasız verilişlərə sponsorluq etmək istəyənlərin də maşallah sayı, hesabı yoxdur.
Amma, durum gedək bir şirkətin, bir iş adamının qapısına ki, əlimdə vətənpərvərlik mövzusunda bir əsər, bir ssenari var onu çap etdirmək, və ya həmin ssenariyə film çəkmək istəyirəm vallah, bir yox, beş dəsmal götürüm, göz yaşını Amu-Dəryaya çevirərlər.( neçə ki, ağlayırlar)
Di gəl ki, belələri problemlər içində çabalayan insanların düşdükləri vəziyyətdən özlərinə reytinq qazanmaq üçün şou düzəldən TV-lərə yetərincə ciblərini açmağa xəsislik etmirlər.
Allah Musa Cəlilə rəhmət eyləsin, necə də gözəl deyib:
“Dəniz işlədikcə par-par parıldar.
Palçıq ocaq üstə bişir, daşlaşır.
Kimin ki qəlbində Vətən eşqi var,
Vətən torpağında vətəndaşlaşır”
Amma, biz vətəndaşlaşmırıq, manqurtlaşırıq. Kimsə məndən inciməsin. Fakt faktlığında qalır. İnkar etsək belə, bu bizik-tariximizi, mədəniyyətimizi unutmağa çalışıb, düşmənin dəyirmanında dən üyütməkdən ləzzət alanlar.
Söhbətimin girişinə MN-nin yeni layihəsiylə başladım. Amma, söhbətin yönü TV məkana gəlib çıxdı. Bu da boşuna deyil. Dediklərimin məqsədi var:
Müdafiə naziri general-polkovnik Zakir Həsənovun göstərişinə əsasən Gəncə Qarnizonu Zabitlər Evi Müdafiə Nazirliyi Birləşmiş Həmkarlar Komitəsi ilə birgə Silahlı Qüvvələrin yaranma gününə həsr olunmuş “Vətən uğrunda!” adlı hərbi-vətənpərvərlik mahnıları müsabiqəsi keçirir.
Müsabiqədə 18-35 yaş arasında olan, yaxşı vokal qabiliyyətinə və hərbi- vətənpərvərlik mövzusunda mahnıları ifa etmək bacarığına malik hərbi qulluqçular və mülki gənclər iştirak edə bilər. Mahnı müsabiqəsi cəbhəboyu bölgələri - Qazax, Ağstafa, Tovuz, Gədəbəy, Şəmkir, Daşkəsən, Göygöl, Goranboy, Tərtər, Bərdə Ağdam, Ağcabədi, Beyləqan, Füzuli rayonlarını, eləcə də Gəncə və Naftalan şəhərlərini əhatə edcəkdir.
Müsabiqədə Azərbaycanın digər rayon və şəhərlərində, o cümlədən xaricdə yaşayan gənclər iştirak edə bilərlər. Müsabiqədə şəxsən iştirak etmək vacib deyil. Bunun üçün müsabiqəyə təqdim ediləcək mahnının videorolikini elektron ünvana göndərmək kifayətdir.
Müsabiqədə iştirak etmək üçün müraciətləri Gəncə Qarnizonu Zabitlər Evinə (ünvan: Gəncə şəhəri, Nizami Gəncəvi prospekti 56) və ya [email protected] elektron ünvanına göndərmək olar.
Bütün müsabiqə iştirakçılarının çıxışları www.gim.az saytında yerləşdiriləcək və hər bir şəxs bütün ifaları izləmək, o cümlədən bəyəndiyi ifaçıya elektron səs vermək imkanına malik olacaqdır.
Birinci turun konsertləri hərbi hissələrin ərazilərində təşkil ediləcəkdir. Mülki iştirakçılar üçün hərbi hissələrin ərazilərində gəzinti təşkil olunacaq və onlar şəxsi heyətin sosial-məişət şəraiti, xidməti ilə yaxından tanış olmaq imkanı əldə edəcəklər. Seçim turu konsertinin sonunda iştirakçılar üçün əsgər yeməkxanasında nahar təşkil ediləcək.
Müsabiqədə iştirak edənlərin ifalarını əməkdar artist Azərinin rəhbərliyi ilə peşəkar münsiflər heyəti həyata keçirəcək.
İkinci turun konsertləri Gəncə, Şəmkir, Beyləqan və Bərdə şəhərlərində keçiriləcək.
Müsabiqədə iştirak etmək üçün 10 aprel 2015-ci il tarixədək qeydiyyatdan keçmək vacibdir.”
Niyə müsabiqə elanından bəndi məqaləyə saldım, bilirsinizmi?
Bu müsabiqənin nə qədər önəmli olduğunun fərqinə hər birimizin varmağı üçün. Bu müsabiqəyə qatılacaq insanlara dəstək olmaq üçün. Ola bilər ki, adı çəkilən rayonların ən ucqar kəndlərində istedadı olan, amma müsabiqəyə qatılmaq üçün imkanı olmayanlar olacaq. O insanlar efirlərdə “Maral, maral, maral” oxumayacaqlar, onlar “Toylar krali” və ya “ kraliça”sı və yaxud da “Maral Tahirqızı” olmayacaqlar.
Onlar “İgid əsgər möhkəm dayan”, “Marş irəli”, “Azərbaycan əsgəri” və usaqdan böyüyə hamımızın hərdən dodaqaltı zümzümə etdiyimiz “Cənab leytenant” mahnılarını ərsəyə gətirən sələflərinin varisləri olaraq əllərinə mikrafon alacaqlar.
Onlar izləyicilərə, dinləyicilərə Azərbaycanın, (hansı ki, iyirmi faiz torpağı düşmən tapdağındadır) vətənpərvər övladları olaraq, nisgilli vətəni vəsf edəcək musiqi əsərləri və ifalarıyla ilə təqdim olunacaqlar.
Dəyərli nazirimiz cənab Zakir Həsənovun Müdafiə Nazirliyinə rəhbərliyə təyinolunduğu gündən Milli Ordudakı dəyişiklik, nizam-intizam, beynəlxalq hərbi əməkdaşlıq, NATO ilə, İkitərəfli əməkdaşlıq, MDB çərçivəsində əməkdaşlıq, ATƏT və BQXK ilə əməkdaşlıq və digər sahələrdəki irəliləyişlər göz qabağındadır. Bütün dünya Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın regionun ən qüdrətli ordusuna malik olduğunu artıq təsdiq edir.
Bu müsabiqə ideyası da cənab nazirin Milli Orduya olan inamın, orduya xidmətə çağrılan və eləcə də tələbə gənclərin vətənpərvərlik ruhunun möhkəmləndirilməsinə xidmət edən ideyalarından biridir.
Bu gün gənclərimizdə vətənpərvərlik hissinin artırılması, hərbi kadr potensialının artırılması yönündə belə müsabiqələrin əhəmiyyəti böyükdür.
“Vətən vətəni sevəni sevər”
Bəlkə də elə ona görədir ki, Vətəni sevənlərə vətənsevərlər deyirlər.
Vətənsevərlik brend mağazalarda, ən böyük market şəbəkələrində satılmır.
Vətənsevərlik içdən, ruhdan gəlməlidir.
Vətənsevərlik qrant sevməz…
Sənə üzümü tuturam əziz oxucu:
Torpaqlarının iyirmi faizi düşmən əlində olan bir məmləkətdə hansı mahnılar daha çox dinlənilməlidir:
“Maral, maral, maral”, yoxsa “Cənab leytenant”?
Nə zamana kimi ki, bu suala içdən gələn cavabı verə bilməyəcəyik, bizim şəstlə “mən Azərbaycan övladıyam” deməyə haqqımız yoxdu.