İslam aləminin ən əziz və müqəddəs günlərindən birinə - Qurban bayramına sayılı günlər qaldı. Nazirləri Kabinetinin qərarına və Qafqaz Müsəlmanları İdarəsinin fətvasına əsasən, bu il sentyabrın 12-13-də Qurban bayramı qeyd ediləcək.
İslam dinində qurban kəsmək əsasən Məkkədə Həcc ziyarətində olan zəvvarlara vacibdir. Digər yerlərdə isə imkanlı adamların qurban kəsməsi Allah-təala yanında bəyənilmiş - müstəhəb əməllərdən hesab olunur. Qurban ətini fəqir və kasıb ailələrə paylamaq böyük savabdır. İndiki devalvasiya ilə bağlı qiymət artımı şəraitində Respondentlərə sual ünvanladıq: “Qurban bayramı nədir?”, “Qurban kəsəcəksinizmi?”Azərbaycanda təhsil alan türkiyəli tələbə İsmayıl Yılmaz : Qurban bayramı birlik və ənənələrin simvoldur. Bu mehribanlıq və ailə üzvlərini bir araya gətirən bayramdır. Bayramı Trabzonda yaşayan ailəmlə birlikdə keçirəcəm. Bayram səhəri bayram namazı qılıb daha sonra qurbanlıq kəsəcəyik.
Veysəloğlu MMC-nin ictimai əlaqələr şöbəsinin rəhbəri İlham Məmmədov: Qurban bayramı birlik, bərabərlik və həmrəylik bayramıdır. Bu mübarək gündə müsəlmanlar uca Tanrıya yaxınlığın, ilahi dəyərlərə bağlılığın sevinc və fərəhini yaşayırlar. Allahın müqəddəs kitabda buyurduğu kimi imkanı çatan müsəlmanlar bu bayram günündə qurban kəsirlər. Allah qoysa biz də bu bayramda Qurban kəsmək niyyətindəyik.
Palitra qəzetinın əməkdaşı Tural Tağızadə: İslam aləminin müqəddəs bayramlarından sayılan bu bayramın əsas mahiyyəti Allah yolunda kəsilmiş qurbanlıq heyvanın ətini imkansızlarla bölüşmək, onları sevindirməkdir. Bu bayramda istənilən dindən olan yetimin, kimsəsizin və yoxsulun haqqı var ki, varlının imkanlarından bəhrələnsin, adi günlərdə yeyə bilmədiyi qurbanlıq ətindən dadsın. Hətta bölgələrdə bu bayram günlərində bir qonşu qurban kəsəndə digər qonşulara qonaq gedər qurbanlıqdan paylayardı ki, belədə hər kəsin evində ən azı ət yeməyi bişir. Bu mənada Qurban bayramı həm də bir növ yaxşılıq yoxsullara yardım bayramı kimi də xarakterizə edərdim. Bayramı evdə keçirəcəyəm Yəqin ki evdə bayrama uyğun yemək bişirilər və hər il olduğun kimi qohum dostlarla zəngləşib hal ehval tutub bayramlaşacağam. Maddi imkanım yol versə qurbanlıq da kəsməyi düşünürəm.
Orta məktəb müəllimi İdrak Abbasov: "Bayramı keçirməyə maddi imkanım yoxdur, yəni özüm qurbanlıq alıb kəsə bilmirəm. Atam ailəliklə bizi qurban günündə qonaq dəvət edib. Yəqin ki, Qurban bayramını valideynlərimin yanında, ailəmlə birgə qeyd edəcəyəm. Qurbanlıq bayramı barədə isə fəlsəfəm belədir: "Nəfsi inqilab elə, dünya malından 5 əlli yapışma, yalan demə, qeybət qılma, rüşvət alma, ev yıxma" və s. Həzrəti İbrahim (ə) peyğəmbər öz evladını Allah yolunda qıydı, Allah da onu mütləq mükafatlandırdı. Allah böyükdür, məsləhəti necədirsə, elə də inşallah bayramı qeyd edəcəyik. Yəqin mənə də qurban kəsmək, Kəbəni ziyarət etmək və digər müsəlmanlar üçün vacib şərtləri icra etmək imkanı olacaq. Cümlə müsəlmanları təbrik edirəm"
Filoloq-araşdırmaçı Əhməd Şahidov: "Allah kəsilən qurbanları qəbul etsin. Mənim üçün Qurban bayramı Allah Təalanın bizə müqəddəs buyurduğu bir ənənədir. Mən arzu edərdim ki, müsəlman bacı və qardaşlarımız təkcə Qurban bayramı günündə deyil, bütün ömür boyu bu əhval-ruhiyyədə yaşayıb yaratsınlar. Kimsəsizə, yetimlərə, imkansız ailələrə yardımlar etsinlər. Elə yaşayaq ki, qoy Allaha inamı olmayanlar və ya inancı zəif olan insanlar bizə baxıb, bizim əməllərimizə baxıb həqiqətən də Allahın varlığını başa düşsünlər. Qurban bayramı bizim üçün özümüzü sübut etmək, Allaha yaxın olduğumuzu nümayiş etdirmək üçün bir şansdır. Mən hər il Qurban bayramında qurban kəsib Mərdəkanda yerləşən 1 nömrəli uşaq evinə paylayıram"
Kiçik biznesmen Səxavət Soltanlı:"Mənim üçün Qurban bayramı müqəddəs dinimizin əsas iki bayramından biridir. Bayramı hər il olduğu kimi ailəmlə, qohumlarla, dostlarla eləcə də digər insanlarla, hansı ki o insanların qayğı və diqqətə ehtiyacı var. Onlara baş çəkməklə keçirməyi planlaşdırıram. O ki qaldı qurban kəsməy. Hər il olmasa da imkan olduqca kəsib yaxınlqıda yaşayan imkansızlara paylayıram. Görünür bu il qurban kəsdirə bilməyəcəm. Devalvasiya ilə bağlı qurbanlıq qoyunun da qiymətinda artım var.
Azvison.az saytının başr edaktoru Vüsal Məmmədov: Qurban bayramı - İbtidai cəmiyyətlərdəki vəhşi adətlərinin müasir dövrdə din adı altında davamıdır. Qədim insanlar elə bilirdilər, bütlərə və allahlara qurban vermək lazımdır ki, onlar qəzəblənməsinlər. Misirdən tutmuş mayyalara, asteklərə qədər hər yerdə ilin müəyyən vaxtında allahlara qurban vermək ayini olub. Təbii ki, müasir ideyalarda olan və deistlərin təsəvvür etdiyi Ali Yaradan Qüvvə varsa, ona heç bir qurban gərək ola bilməz.
Digər tərəfdən müsəlmanların Qurban bayramı dəhşətli bir israfçılıqdır. Eyni vaxtda kəsildiyi üçün yüz minlərlə ton ət qalıb xarab olur. Xəstəlik yaymasın deyə, Məkkədə həmin ət ekskavotorlarla torpağa basdırılarkən, planetin digər bölgələrində insanlar acından ölməkdə davam edir.
Rüfət Soltan