Prezident İlham Əliyev "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı, işçilərinin və könüllülərinin həvəsləndirilməsi ilə bağlı bəzi tədbirlər haqqında sərəncam imzalayıb.
Qazilet.az-ın AzərTAc-a istinadən məlumatına görə, sərəncama əsasən, Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi işçilərinin, "ASAN xidmət” mərkəzlərində fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi, habelə mərkəzlərin fəaliyyətinin inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinə 5 milyon manat ayrılıb.Sərəncamla Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi "ASAN xidmət” mərkəzlərinin fəaliyyətinin inkişafı ilə əlaqədar tədbirlər görsün, işçilərinin, mərkəzlərdə fəaliyyət göstərən digər dövlət orqanları işçilərinin və könüllülərin həvəsləndirilməsi məqsədi ilə onlara bir il müddətində aylıq mükafat verilməsini təmin etsin.
Bu sərəncam avqustun 1-dən qüvvəyə minir.