Xəzər Avropa Klubu aprelin 8-də Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinin rəisi Firudin Nəbiyevin sədrliyi ilə biznes forum təşkil edəcək.
Bu barədə AZƏRTAC-a Xəzər Avropa Klubundan bildiriblər.Klubun baş icraçı direktoru Telman Əliyev təşkilatın üzv şirkətlərinə göstərdiyi diqqət və dəstəyə görə Dövlət Miqrasiya Xidmətinin rəhbərliyinə minnətdarlıq edib. Biznes forum çərçivəsində şirkətlər Azərbaycanın miqrasiya siyasəti ilə bağlı suallara cavab tapmaq, problemlərin həll yollarını axtarmaq, həmçinin bizneslə Dövlət Miqrasiya Xidməti arasındakı fəal dialoqu davam etdirmək üçün təkliflər irəli sürmək imkanı qazanacaq.
Tədbirdə kluba üzv şirkətlərlə yanaşı, onunla əməkdaşlığa dair razılığı olan təşkilatlar, xüsusilə də Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Konfederasiyası, ATİB, TUSİAB və Azərbaycan Sığortaçılar Assosiasiyası da iştirak edə bilər.
Biznes forumda iştirak etmək istəyənlər aprelin 7-dək Xəzər Avropa Klubuna müraciət edə bilərlər ([email protected]).