Bu gün “Qarabağ qaziləri” birliyi Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri – Hökumət – Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə həyata keçirdiyi “Qarabağ əlillərinin problemlərinin həllinə dəstək” layihəsi çərçivəsində IV - sonuncu konfransını reallaşdırıb.
“Qarabağ qaziləri” birliyinin sədri Etimad Əsədov konfransı açaraq layihə haqqında danışıb. O, döyüşçülər üçün böyük əhəmiyyət kəsb edən belə bir layihəyə dəstək verdiyi üçün Azərbaycan Respublikası Prezidenti Yanında Qeyri – Hökumət – Təşkilatlarına Dövlət Dəstəyi Şurasına, onun sədri, millət vəkili Azay Quliyevə minnətdarlığını bildirib.E Əsədov Qarabağ qazilərin problemlərindən danışaraq əvvəlki 3 konfrans zamanı qaldırılan bir çox məsələlərin həlli üçün sistemli formada müvafiq qurumlar qarşısında qaldırılacağını deyib.
Layihənin rəhbəri Firudin Məmmədov layihənin əsas məqsədinin Qarabağ əlillərinin, şəhid ailələrinin maarifləndirilmə yolu ilə problemlərinin həllinə yardım etmək olduğunu bildirib. O, bu məqsədlə beş ay davam edən layihə çərçivəsində 4 konfransın keçirildiyini, maarifləndirici bukletin hazırlandığını və iştirakçılara paylandığını bildirib.
Konfransda çıxış edən Qarabağ əlilləri müxtəlif problemləri dilə gətiriblər. Ən çox Yasamal Rayon İcra Hakimiyyətinin başçısı İbrahim Mehdiyev tənqid olunub. Keçmiş döyüşçülər İ. Mehdiyevin Qazilərin probleminə laqeyd yanaşdığını dedilər.
Konfrans iştirakçıları bu layihənin icrasını yüksək qiymətləndiriblər.