Nazirlik 28 əlili Türkiyəyə müalicəyə göndərdi

Nazirlik 28 əlili Türkiyəyə müalicəyə göndərdi backend

Onlar qardaş ölkədə beş ulduzlu oteldə qalacaqlar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 28 nəfər əlilliyi olan şəxs Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb. Bu barədə QAZİLER.AZ saytına Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat daxil olub.

Azərbaycan Prezidenti cənab İlham Əliyevin əlilliyi olan şəxslərə və sağlamlıq imkanları məhdud uşaqlara xüsusi diqqət və qayğısı həmin insanların tibbi-sosial reabilitasiyası, habelə xarici ölkələrdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili sahəsində mühüm tədbirlərin həyata keçirilməsinə geniş imkanlar yaradıb. Bu istiqamətdə aparılan məqsədyönlü işlərin uğurlu davamı olaraq, aprelin 1-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN) tərəfindən 28 nəfər əlilliyi olan şəxs Heydər Əliyev adına Beynəlxalq Hava Limanından Türkiyə Respublikasına bərpa müalicəsinə yola salınıb.

Əlilliyi olan şəxslərin yola salınması zamanı ƏƏSMN-nin nazir müavini Natiq Məmmədov həmin şəxslərin Türkiyənin Dənizli bölgəsində yerləşən Nobel Tibb Mərkəzində bərpa-müalicə kursu keçəcəklərini diqqətə çatdırıb: “Dənizli bölgəsi müalicəvi təbii resursları, o cümlədən mineral bulaqları, şəfalı suyu, təbii palçıq sahələri və s. ilə zəngin bir sanator-kurort məkanı kimi dünyada məşhurdur. Buradakı Nobel Tibb mərkəzi səmərəli fizioterapevtik müalicə metodları (hidroterapiya, palçıq müalicəsi, tibbi masaj, sudaxili məşqlər, mexanoterapiya, hidroprosessor və s.), peşəkar həkim-reabilitoloq personalı və xidmət səviyyəsi ilə nüfuz qazanmış bərpa müəssisələrindən biridir. Mərkəzdə bölgənin qeyd olunan müalicəvi təbii potensialından geniş istifadə olunmaqla yanaşı ən müasir tibbi reabilitasiya vasitələri tətbiq olunur və aparılan bərpa-müalicə prosedurları əlilliyi olan şəxslərin səhhətində ciddi yaxşılaşma yaradır”.

N.Məmmədov bildirib ki, ölkədə bütün sosial proqramların cari ildə də uğurla davam etdirilməsi əlilliyi olan şəxslərin və sağlamlıq imkanları məhdud uşaqların xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili sahəsində də özünü göstərir: “Bu il ərzində nazirlik tərəfindən 115 nəfər əlilliyi olan şəxsin və valideynlərindən birinin müşaiyəti ilə 75 nəfər sağlamlıq imkanları məhdud uşağın, ümumilikdə 190 nəfərin xaricdə ixtisaslaşmış bərpa-müalicəsinin təşkili nəzərdə tutulur. Bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 20 faizədək çoxdur”.

Nazir müavini qardaş ölkəyə bərpa-müalicəsinə yola salınan şəxslərin orada 5 ulduz oteldə yerləşdiriləcəklərini, onların bərpa müalicəsinə nəzarət etmək, habelə müvafiq reabilitasiya təcrübəsinin öyrənilməsi məqsədilə ƏƏSMN-nin bir nəfər həkiminin Türkiyəyə ezam olunduğunu da qeyd edib.







Diaspora