Bu gün Azərbaycanın Misirdəki səfirliyinin 31 mart - azərbaycanlıların soyqırımı ilə bağlı bəyanatı Misirin "Yaxın Şərq" informasiya agentliyində, nüfuzlu “Al-Shorouknews” internet qəzetində, “Al-Omah”, “Al-Shbabalnil”, “Pensandbooks” və sair internet saytlarında yayılıb.
Səfirlikdən Trend-ə verilən məlumata görə, bəyanatda Azərbaycan xalqının tarixində baş vermiş soyqırımlardan, Azərbaycan torpaqlarının 1813-cü il Gülüstan və 1828-ci il Türkmənistan müqavilələri əsasında parçalanmasından və Azərbaycan xalqının öz tarixi torpaqlarından çıxarılmasından danışılaraq, 1918-ci ilin mart ayında ermənilər tərəfindən törədilmiş soyqırım haqqında geniş məlumat verilib.Birinci Dünya müharibəsinin sonlarında baş vermiş hadisələrdən və Rusiyadakı bolşevik inqilabından yararlanan ermənilərin 1918-ci ilin 31 mart axşamı Bakıda və digər şəhərlərdə azərbaycanlılara qarşı törətdikləri soyqırım, İslam abidələrini və ibadət ocaqlarını yandırdıqları və şəhərləri viran qoyduqları barədə məlumatlar bəyanatda öz əksini tapıb.
Bəyanatda, həmçinin 1905-1907-ci illərdə çar Rusiyasının hakim dairələri tərəfindən himayə olunan və istiqamətləndirilən erməni millətçilərinin azərbaycanlılara qarşı apardığı etnik təmizləmə və genişmiqyaslı qətllər və vəhşiliklər qeyd olunub.
Bəyanatda 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından sonra Nazirlər Kabineti tərəfindən xüsusi komissiya yaradıldığı, 1918-ci ilin mart ayında baş vermiş hadisələrin və törədilmiş cinayətlərin araşdırıldığı, 1919 və 1920-ci illərdə 31 mart tarixinin ölkədə Milli Matəm Günü qeyd olunduğu vurğulanıb.