“Vicdanı olan hər bir kəs Qarabağ əlilinin bu həddə çatmasına imkan verməməlidir”
Redaksiyamıza Gəncə şəhərindən birinci qrup Qarabağ müharibəsi əlili Kamran Qüdrət oğlu Məlikovun şikayət ərizəsi daxil olub. Ərizəsində o qeyd edir ki, Qarabağ müharibəsində iştirak edərək döyüşlərdə ağır yaralanıb və nəticədə bir gözünü itirib. 2008-ci ilədək Gəncə şəhəri, Cavad xan küçəsi, 79 ünvanında, dörd mənzilli binanın mənzillərindən birində 7 nəfər ailə üzvü ilə birlikdə yaşayıb. Həmin il zəlzələ nəticəsində bina uçub, sakinlər müvəqqəti kirayə evlərdə yerləşdiriliblər. Gəncə şəhər icra hakimiyyəti bir müddət onların kirayə haqqını ödəyib. Gəncə şəhər icra hakimiyyəti və Fövqəladə Hallar Nazirliyi onların evlə təmin olunacaqlarına söz verib. Lakin onlara ev verilməyib, kirayə haqları da əvvəllər ödənsə də, artıq 3 ildir ki, ödənilmir.Qarabağ əlili məsələ ilə bağlı müraciət etdiyi qurumlardan təhqir olunaraq qovulduğunu yazır. Onu təhqir edən isə Gəncə şəhər icra hakimiyyətinin baş memarı Əli Rüstəmli adlı şəxs olub. Kamran Məlikovun Gəncə şəhər icra hakimiyyətinin başçısı Elmar Vəliyevə yazdığı məktubda göstərilir: “Sizə müraciətimdən sonra əvvəllər Əli Rüstəmli adlı baş memar bizim kirayə pulumuzu 2-3 aydan bir ödəyirdi. Lakin növbəti dəfə yenə kirayə pulunu almaq üçün onun yanına gedəndə bizi təhqir edərək qovdu. Son 3 ildə isə o, pulu ödəməkdən ümumiyyətlə imtina etdi”.
Aidiyyatı qurumlara dəfələrlə müraciət etmələrinə baxmayaraq, heç kəs bu zavallı insanlara kömək etmək istəmir. 7 nəfər ailə üzvü ilə birlikdə küçələrdə qalan Kamran Məlikov nə ailəsini yaşatmağa yer tapır, nə də onlara yedirməyə çörək. “Belə getsə, küçələrə düşüb dilənəcəyik”, - deyən ailə başçısı özünü öldürmək həddinə çatdığını bildirir.
REDAKSİYADAN:
Bu gün Qarabağ əlillərinə dövlət tərəfindən göstərilən diqqət, qayğı, onların mənzillə təmin olunma prosesinin geniş vüsət aldığı bir zamanda Vətən uğrunda gözünün nurunu itirmiş bu mərd insanın belə acınacaqlı vəziyyətdə yaşaması (əgər buna yaşamaq demək mümküncə), ürək ağrıdıcı haldır. Ümid edirik və inanırıq ki, bu məsələ lazımi dövlət qurumlarının diqqətini özünə cəlb edəcək və problemin tezliklə müsbət yöndə həllində bu igid döyüşçümüzə yardımçı olacaqlar. Məsələni diqqətdə
saxlayacağıq.
QAZİLER.AZ