Türkiyənin tanınmış media nümayəndələri Azərbaycana səfər edəcəklər

Türkiyənin tanınmış media nümayəndələri Azərbaycana səfər edəcəklər backend

Aprelin 2-dən 5-dək Mətbuat Şurasının dəvəti ilə Türkiyənin tanınmış kütləvi informasiya vasitələrinin təmsilçiləri Azərbaycanda səfərdə olacaqlar. Mətbuat Şurasından APA-ya verilən məlumata görə, “Sabah”, “Posta”, “Hürriyet” qəzetlərinin, "Fox", NTV, ATV, “Kanal A”, “CNN türk” və digər telekanalların, “Anadolu” Agentliyinin məsul şəxslərindən ibarət nümayəndə heyətinə Türkiyə Qəzetçilər Federasiyasının rəhbəri Mehmet Əli Dim başçılıq edəcək.

Səfərdə məqsəd Azərbaycan həqiqətlərinin Türkiyə ictimaiyyətinə daha yaxından çatdırılması istiqamətindəki aparılan fəaliyyətə dəstək, I Avropa Oyunları ilə bağlı həyata keçirilən işlərin geniş şəkildə işıqlandırılmasını təmin etmək, hər iki ölkə mediası arasındakı əməkdaşlığı daha da dərinləşdirməkdən ibarətdir.

Mətbuat Şurasının beynəlxalq əlaqələr komissiyasının müəyyənləşdirdiyi səfər proqramına əsasən qonaqlar Prezident Administrasiyasında, Milli Məclisdə, Heydər Əliyev Mərkəzində, Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcmasında, I Avropa Oyunlarının Təşkilat Komitəsində, ADA Universitetində və Mətbuat Şurasında görüşlər keçirəcək, paytaxtdakı idman qurğuları ilə tanış olacaqlar.
Diaspora