Bu gün “Yeni Üfüq” Mənəvi İrsin Təbliği İctimai Birliyi Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə “Milli adət ənənələrimiz və müasirlik-2” adlı növbəti tədbirini Şəkidə keçirib.
Birlikdən "yeniufuq.org"-a verilən məlumata görə, tədbirin əhəmiyyəti barədə danışan təşkilatın sədri Sevinc Əzimbəyli bildirib ki, əsas məqsəd ölkə vətəndaşlarına, xüsusilə gənclərə milli adət-ənənələrin aşılanması, mənəvi dirçəlişimiz və ən əsası müqəddəs prinsiplərin nədən ibarət olmasını təbliğ etməkdir. Onun sözlərinə görə, milli adət-ənənələr hər bir xalqın irsindən, milli mənəviyyatının nə qədər zəngin olmasından, həmin xalqın qədim tarixi kökə malik olmasından xəbər verir: “Şəki və ətraf bölgələrdə müxtəlif etnik millətlər yaşamasına baxmayaraq, onları bir-birinə bağlayan ortaq milli adət-ənənələr var. Bu mühüm dəyərlərin qorunub saxlanması və mühafizə olunması biz ölkə vətəndaşların ümdə borcudur. Ona görə də, bu adət-ənənələr gənclərə təbliğ edilməlidir”.Qarabağ Seyid Ocaqlarının rəhbəri, şərqşünas Seyid Camal Əzimbəyli qeyd edib ki, Şəki və bura yaxın ətraf ərazilər hər zaman milli adət-ənənlərin, mənəvi dəyərlərin çox yaxşı mühafizə olunan bölgələrdəndir: “Xüsusən, qeyd etməliyəm ki, bu bölgədə olan insanlar hər zaman öz vətənpərvərliyi, Azərbaycanın torpaqlarının qorunub mühafizə olunmasında müxtəlif sahələrdə əlindən gələni əsirgəməyiblər. Heç təsadüfi deyil ki, dünyada tanınan Bəxtiyar Vahabzadə kimi dahi Şəkidə doğulub boya-başa çatıb. Lakin çox təəssüflər olsun ki, son dövrlər Azərbaycandakı sabitliyə zərbə vurmaq istəyən müəyyən qüvvələr müxtəlif yollarla ölkə vətəndaşlarını dini radikallığa cəlb edə bilib. Bunun nəticəsində bir sıra milli dönüklər din pərdəsi adı altında, İslami dəyərlərdən kənar əməlləri ilə günahsız insanları qətl edirlər. Bu gün həmin qüvvələr Azərbaycanı İraqa, Suriyaya, Yəmənə döndərmək niyyətindədirlər. Özü də bunu təriqət, məzhəb, konkret olaraq şiə-sünnü qarşıdurması şəklində ortaya atmaqla mövcud dini sabitliyə zərbə vurmağa cəhd edirlər. Əhli-beyt təmsilçisi olaraq, bəyan edirəm ki, sünnü canımdır, şiə qanımdır. Biz hər birimiz bu əbədi qardaşlığmızın hansısa təkfirçi, İslamdan uzaq qüvvələr tərəfindən pozulmasına imkan verməməliyik”.
Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin Şəki təmsilçisi Gündüz Paşayev,QMİ-nin Şəki-Oğuz bölgə qazisi Kamran Məmmədov tədbirdə mövzu ətrafında geniş çıxış edib.
Tədbirdə Şəki rayonunda fəaliyyət göstərən dini icma sədrləri, din xadimləri, ziyalılar, gənclər iştirak edib.