Qaziler.az saytı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin saytına istinadən bildirir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi ilə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, Bakı şəhəri, Sabunçu rayonu Ramana qəsəbəsində məcburi köçkünlər üçün salınmış şəhərcikdə yerləşən Xankəndi şəhər tam orta məktəbində “Milli-mənəvi dəyərlərimiz və müasirlik” mövzusunda seminar keçirilib. Tədbirdə qəsəbədə məskunlaşmış məcburi köçkünlər, eləcə də təhsil işçiləri və məktəbin pedaqoji kollektivi iştirak edib.
Seminarda çıxış edən Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Elçin Qədimov Tədbirlər Planı və onun mahiyyəti barədə məlumat verib, eyni zamanda seminarın əhəmiyyətindən danışıb.Daha sonra Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Dinşünaslıq ekspertizası, ictimai məsələlər və analitik təhlil şöbəsinin müdir müavini Əliheydər Zülfüaqrov məruzə ilə çıxış edib. Ə.Zülfüqarov milli-mənəvi dəyərlərimizin qorunmasından, dini radikalizmlə mübarizədən və ona qarşı həyata keçirilən tədbirlərdən söz açıb. Dövlət Komitəsinin nümayəndəsi bildirib ki, qeyd olunan sahədə ardıcıl, genişmiqyaslı tədbirlər həyata keçirilir və həmin tədbirlər əhalinin bütün təbəqələrini əhatə edir.
Məruzə ətrafında fikir mübadiləsi aparılıb və iştirakçıların sualları cavablandırılıb.
Tədbirin sonunda maarifləndirmə məqsədilə iştirakçılara müvafiq nəşrlər təqdim olunub.