Daha öncə xəbər verdiyimiz kimi, "Ekstremal jurnalistlərin təcrübə poliqonu" adlı layihə çərçivəsində jurnalist və fotoqraflar cəbhə bölgəsində olan hərbi hissələrdə təlim keçirlər. 1 həftə davam edəcək təlimdə jurnalistlər müxtəlif sahələr üzrə dərs keçir, çətinlikləri aşırlar.
Xüsusi seçilmiş hərbiçilər, hərbi jurnalistika üzrə ekspertlər tərəfindən keçirilən dərslərin məqsədi, istər ölkəmizin sərhədləri daxilində, istər digər dövlətlərdə ola biləcək müharibələr zamanı, media işçilərinin həyatlarını təhlükəyə atmadan informasiya toplaya bilməsi, döyüşlər zamanı çəkiliş qaydaları və hərbi bilgilərin öyrədilməsidir.
"Dinc Dünya" araşdırma mərkəzinin təşkilatçılığı və Müdafiə Nazirliyinin dəstəyi ilə keçirilən təlimlər artıq 2 gündür davam edir. Təlimin ikinci günündə jurnalistlərin ilk dərsi hərbi sirr və onun qorunması, dövlət sirri, hərbi sirlərin nələrdən ibarət olması və məsuliyyəti ilə bağlı olub.
İkinci dərs isə atış poliqonunda keçirilib. Burada jurnalistlər ehtiyac olarsa silahla davranış qaydalarını, silahların xüsusiyyətlərini və atəş açmağı öyrəniblər.
Daha sonra isə, döyüş zamanı səngərlərdə hərəkət qaydaları, hədəfə çevrilməmək, atəşdən gizlənmək kimi həyatı önəm daşıyan dərslər keçilib.
Təlimlər zamanı xüsusi gizlədilmiş minalar haqqında məlumat alan jurnalistlərə düşməndən geri alınmış səngərdə hərəkət qaydaları öyrədilib.

Növbəti dərs isə, hərbi hissədə keçirilib. Jurnalistlər və həmçinin hərbçilərin iştirakı ilə keçirilən dərsdə, hərbidə ölüm və intihar halları, onların səbəbləri, intiharların qarşısının alınması və xəbər hazırlanarkən dəqiq informasiya almağın yolları öyrədilib. Həmçinin bu barədə jurnalistlər və hərbçilər arasında müzakirələr aparılıb.
Hər gün müxtəlif dərslər keçən jurnalistlər arasında Teleqraf.com, Azərtac, TTV, Kanal S, Report.az saytının və həmçinin "Yeni Müsavat" qəzetinin əməkdaşı da yer alır. Daha 5 gün davam edəcək təlimlər haqda hər gün yeni məlumatlar verəcəyik.