Nazirlik Cəlilabadda müharibə əlilləri və şəhid ailələrinə ev verdi

Nazirlik Cəlilabadda müharibə əlilləri və şəhid ailələrinə ev verdi backend

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən QAZİLER.AZ-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəlilabad rayonunda yeni fərdi yaşayış evlərini müharibə əlilləri və şəhid ailələrinə təqdim etdi.

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Cəlilabad rayonunda 8 ədəd yeni fərdi yaşayış evi Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin istifadəsinə verilib.



Fərdi yaşayış evlərinin təqdim olunması tədbirində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun direktor müavini Əminə Seyidzadə Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısının ölkə əhalisinin sosial müdafiəsinin gücləndirilməsinə şərait yaratdığını vurğulayıb. Ə.Seyidzadə dayanıqlı sosial-iqtisadi inkişafın təmin olunduğu ölkəmizdə bütün sosial proqramların icrası işlərinin uğurla davam etdirildiyini, Qarabağ müharibəsi əlillərinin və şəhid ailələrinin mənzillə təminatı istiqamətində də mühüm addımların atıldığını bildirib.



Direktor müavini nəzərə çatdırıb ki, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli Sərəncamına əsasən, ölkəmizin müxtəlif bölgələrində fərdi və çoxmənzilli yaşayış evləri, həmçinin hazır yaşayış binalarından alınaraq təmir etdirilmiş mənzillər həmin insanların istifadəsinə verilir. Sərəncamın icrası işlərinin davamı kimi, cari ilin ötən dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 223 nəfər şəxsə, o cümlədən 140 nəfər Qarabağ müharibəsi əlilinə, 83 şəhid ailəsinə müasir tələblərə cavab verən yeni mənzillər təqdim olunub. Bu təbəqələrdən olan vətəndaşların Azərbaycan Prezidentinin aylıq təqaüdləri və sosial müavinətlərlə, əmək pensiyaları ilə təminatı da gücləndirilir. Cari ilin yanvar ayında dövlət başçısının müvafiq fərman və sərəncamları ilə bu sosial ödənişlərin növbəti dəfə artırılması təmin edilib.



Tədbirdə əlilliyi olan şəxslərin, o cümlədən müharibə əlillərinin tibbi-sosial reabilitasiyası, onların səmərəli bərpa-müalicə sistemi ilə əhatə olunması yönündə görülən işlərdən də bəhs olunub.



Digər çıxış edənlər dövlət başçısının uğurlu sosial siyasət kursundan bəhs edərək, bu siyasətin hər bir vətəndaşın, o cümlədən sosial cəhətdən həssas qruplara aid şəxslərin, müharibə əlilləri və şəhid ailələrinin həyat səviyyəsinin yaxşılaşmasına xidmət etdiyini vurğulayıblar. Yeni mənzillə təmin olunan müharibə əlilləri və şəhid ailələri onların maddi təminatlarının gücləndirilməsi, eyni zamanda mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması sahəsində həyata keçirilən tədbirlərdən razılıqla söz açıblar. Onlar hərtərəfli dövlət qayğısı ilə əhatə edildiklərinə, hazırda isə yeni mənzillərlə təmin olunduqlarına görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını ifadə ediblər.



Daha sonra fərdi yaşayış evlərinə baxış olub. Mənzillərdə ailələrin rahat yaşayışı üçün müasir tələblərə uyğun şərait yaradılıb.



İstifadəyə verilən fərdi yaşayış evlərindən 4 ədədi Qarabağ müharibəsi əlillərinə, digər 4 ədədi isə şəhid ailələrinə təqdim olunub.

Diaspora