Hansı çimərliklər pulsuzdur?

Hansı çimərliklər pulsuzdur? backend

Soruşanda deyirlər biz ancaq masa və çətirlərə görə pul alırıq. Ancaq pərdə arxasında onların nə hoqqalardan çıxdıqları isə əslində müəmmalı deyil. Çimərliyə gələn insanlar narazıdırlar. Bakının Türkan, Hövsan Novxanı çimərliklərini çıxmaq şərtilə digər çimərliklərdə istirahət etmək üçün gərək cibində pulun olsun”. Hətta bəzi çimərliklərin girşində pullu keçidlər quraşdırılıb. Deməli əlavə şərhə ehtiyac yoxdur. Verdiyimiz pulun qarşılığında natəmizlik görürük.

Sakinlər arasında apardığımız sorğular da onu sübut edir ki, çimərlik mövsümü ötən illərdəki kimi natəmizlik və biganəliklərlə öz stabil trayektoriyasını cızmaqdadır. Meri Hüseynova qəzetimizə müraciət edərək başına gələn bir hadisəni danışır: “Bir dəfə Buzovna qəsəbəsinə yaşayan anama baş çəkməyə getmişdim. Hava çox isti olduğundan yolun yarısında dayanıb çimərliyə girmək istədim. Elə avtomobilimin yük yeridən çimərlik geyimimi çıxartmağa hazırlaşırdım ki, arxamda 2 nəfər şəxs mənə ayxınlaşdı. Aydın oldu ki, onlar çimərlikdən istifadə etmək üçün ödəniş tələb edirlər. Bunun üçün sənəd, hər hansı bir “kağız” tələb etdim amma mənə heçnə göstərmədilər. Qısa dialoqumdan sonra avtomobilimə oturub çimərliyi tərk etdim. O şəxslərin kim olduğu məlum deyil, hardan gəliblər, nə işin sahibidirlər? Yəqin işsizlik və yoxsulluq onları bu dələduzluğa vadar edib.
Digər oxucu isə başqa bir çimərlikdki vəziyyətdən şikayət edir: “Sizin portalda dərc olunan çimərliklərin pulsuz olması ilə bağlı məqaləni oxumuşdum. Çimərliyin pulsuz olduğuna arxayın idim. Çimərliyin ərazisinə girəndə məndən pul tələb etdilər. Çimərlikdə çalışan Elşən Məmmədov və orada mühafizəçi kimi çalışan şəxs adambaşına dəniz kənarına getmək üçün 2 manat pul tələb etdilər. Əks təqdirdə polisə zəng vuracaqlarını dedilər. Bundan sonra çimərlik ərazisinə girmək üçün 2 manatı ödəməli oldum. Bunu necə anlamaq olar?”.

Emil adlı oxucu isə Buzovna çimərliyində analoji situasiya ilə qarşılaşıb:

“Bura özəl torpaq sahəsi deyil, ümumi çimərlikdir. Bu necə ola bilər? Bu ki, özbaşınalıqdır”.

Bunlarla bərabər bəzi pulsuz çimərliklərin fəaliyyəti haqqında danışmaq olar.. Əməkdaşımız Novxanı çimərliyində olarkən orada çimərliyə girişi və istifadə haqqının olmadığını deyir. Xatırladaq ki, Sumqayıt icra başçısı Zakir Fərəcov şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda sərəncam imzalayıb. Sərəncama görə, çimərlik ərazilərinə və sahilyanı zonalara giriş pulsuzdur.

Aidiyyati qurumlara tapşırılıb ki, əhalinin dəniz sahilində maneəsiz istirahətinin təmin edilməsi üçün firma və şirkətlər tərəfindən xidmət haqlarından başqa hər hansı rüsumun alınması yolverilməzdir, çimərlik ərazilərində istirahət edənlərə lazımı səviyyədə xdmət göstərilməsi üçün ticarət, iaşə və digər xidmətlərin göstərilməsi qaydalarına əməl edilməsi, həmçinin çimərliklərə və sahilyanı zonalara giriş üçün pul yığılmasının qarşısının alınması təşkil edilsin.


Ödənişli çimərliklərə gəlincə ən ucuz çimərlik adambaşına 1-2 manata, əgər gündən qorunma çətirləri alacaqsınızsa 4 manata, daş eyvanlar isə 10 manata təklif olunur. Bu eyvanların özəlliyi hər tərəfinin bağlı və sərin olmasıdır. Özəl çimərliklərin pulsuz çimərliklərlə fərqi xidmət səviyyəsinin və təmizliyin yüksək səviyyədə olmasıdır. Burada dəniz kənarı və su yosunlardan təmizlənərək istifadəyə verilir. Bununla yanaşı çimərlikdən istifadə edənlərə nəzarət olunur.

Ötən ilə nisbətən çimərliklərin qiymətlərində dəyişikliklər var. Mərdəkanda yerləşən "Dalga Beach-Aqua Park" istirahət mərkəzinə girişin qiyməti həftəiçi 25 AZN, şənbə-bazar günləri isə 35 AZN-dir. 6 yaşa kimi uşaqlar üçün ödəniş edilmir. 6 yaşdan yuxarı uşaqlar üçün 15 AZN ödəniş olmalıdır. Nardaranda yerləşən "Sea Breeze hotel"in qiyməti 20 manatdır. 10 yaşadək uşaqlara isə giriş pulsuzdur. "Nar & Sharab" restoranının xidmətlərindən də istifadə etmək mümkündür. Girişin qiyməti 15 AZN-dir. Bu məbləğə hovuz, duş kabinəsi, «lejanka», dəsmal daxildir. Hövsanda yerləşən “Halikarnas Balıkçısı”nda həftənin bazarertəsi xanımlar üçün giriş pulsuzdur. Qalan günlər isə 10 manatdır. Bura dəsmal, “lejanka” və çətirli masa daxildir.

Bilgəh qəsəbəsində yerləşən "Amburan" çimərlik mərkəzinə girişin qiymətləri fərqlidir. Belə ki, bazar ertəsi 18 AZN, cərşənbə axşamı, çərşənbə, cümə axşamı, cümə 20 AZN, həftəsonu isə 25 AZN-dir. 7 yaşa qədər olan uşaqlara giriş pulsuzdur. Bu qiymətə hovuz, adi "lejanka", futbol meydançası, mini qolf meydançası və s. daxildir. Qoyulmuş xüsusi divanlarda dincəlmək istəyənlər isə əlavə 25 manat ödəməlidirlər. “Ramada Bakı” çimərliyinə həftəiçi giriş 20 manat, həftəsonu isə 30 manatdır.

Bəzi çimərliklərdə qiymətlərin bu cür yüksək olması isə təbii ki, əhalini pulsuz çimərliklərə, hətta qadağan olunmuş yerlərə üz tutmağa vadar edir. Bu isə bir çox hallarda təhlükə deməkdir. Çünki əksər pulsuz çimərliklərdə xilasedicilər xidmət göstərmir, nəzarət məntəqəsi də yoxdur. Bu baxımdan hansısa təhlükə olarsa, ümid yalnız orada dincələn vətəndaşlaradır. Məhz bu səbəbdən suda boğulma hallarının əksəriyyəti də elə baxımsız və pulsuz çimərliklərdə olur.

Pullu çimərliklərdə isə xilasedicilər, nəzarət məntəqəsi var. Lakin burada da suyun üzərində xəbərdarlıq nişanları qoyulmayıb, kim hansı dərinliyə qədər getmək istəyirsə gedir.

Ekspertlər də məsələ ilə bağlı bəzi narazıçılıqları şərh ediblər. Dənzilərdə xidmətin qiyməti əhaliyə təqdim olunarkən tələb olunmalı olduğunu deyən mütəxəssisləri düşündürən ən çox şalqbaunların bir neçə çimərliklərin girişində quraşdırılmasıdır. Bu isə birbaşa çimərliyə gələnlərə qarşı qanunsuz addımdır.

Pulsuz çimərliklərdə keyfiyyətsiz xidmət və dəniz suyunun çirkləndirilməsi kimi problemlərin çox ciddi problemlərə yol açdığını vurğulayan ekspert Vüqar Tofiqli deyib ki, icra hakimiyyətləri ilə bələdiyyələr arasında səlahiyyət bölgüsü aparılsa, ortada elə bir ciddi problem qalmaz. Hər qurum nəzarətində olan çimərliyin təmiz saxlanılması və vətəndaşlara keyfiyyətli xidmət göstərilməsi məsələsini yoluna qoyaq”.

Dənizin hasarlanmasının qlobal problem olduğunu vurğulayan ekspert deyib ki, bu istiqamətdə monitorinqlər aparılmalı və qanunsuz mülklərin, hasarların hər biri sökülməlidir. Dəniz xalqındır və vətəndaşlara öz hüquqlarından istifadə imkanları yaradılmalıdır.

Məsələnin iqtisadi tərəfinə gəldikdə isə əhaliyə göstərilən xidmətlərin keyfiyyətsiz, qiymətlərin isə yüksək olmasının səbəblərini iqtisadçı-ekspert Oqtay Haqverdiyev bu cür izah edib: "Bazar iqtisadiyyatı bütün sahilin pullu olması demək deyil. Mən ayrı-ayrı ölkələrdə olmuşam və orada pulsuz olan ictimai çimərlikləri görmüşəm. Onlar çətir, duş və soyunma kabinaları, xılasetmə xidməti və tibb məntəqələri, həmçinin təmizliyə baxan bələdiyyələrlə təmin edilir. Əlbəttə, bunlarla bərabər qat-qat çox daha yüksək səviyyədə xidmət növləri olan çimərliklər də var. Burada isə xidmətlər pulludur. Bu, bazar iqtisadiyyatının qanunudur. Başqa məsələdir ki, bizim sahibkarlarımız göstərdiyi xidmətlərin keyfiyyətlərini qaldırmaqdan çox fikirlərini yüksək gəlirlərin alınmasına yönəldirlər. Çimərliklərdə şlaqbaum quraşdıraraq camaatı pulsuz içəri buraxmırlar. Halbuki, xidmətlərin ödənişi onları təqdim edən zaman olmalıdır. Qiymətlər məni sadəcə təəccübləndirir. Bazar iqtisadiyyatını bahanə edərək nə istəyirlərsə, onu da edirlər. Bizi başlı-başına buraxmaq düzgün deyil. Elə şey yoxdur ki, onu saymaq olmasın. Hər xidmətin də öz maya dəyəri var. Sadəcə onu saymaq lazımdır. Gəlirlilik 15-20 faiz arasında saxlanılmalıdır. Lakin bəzi hallarda çimərliklərdə bizə təklif edilən xidmətlərin qiyməti bir neçə dəfə maya dəyərindən çoxdur. Biz vergi ödəyiciləri olduğumuzdan təbiətin bəxşiş etdiyinin, həmçinin dəniz çimərliklərinin sahibiyik. Heç kəs də bizim hüquqlarımızı məhdudlaşdırmaq ixtiyarında deyil”.

Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentinin mətbuat katibi Əliabbas Bağırov də vətəndaşların mövqeyi ilə razılaşdığını bildirib:

“Heç kim çimərliyə girmək üçün pul tələb etmək hüququna malik deyil. Bakı Şəhər İcra Hakimiyyətinin rəhbərinin qərarına əsasən, Bakı çimərliklərinə giriş pulsuzdur. Əgər çimərlik əməkdaşları vətəndaşlardan pul tələb edirlərsə, məsuliyyət onların öz üzərlərinə düşür. Sizin oxucu girişə görə pul verməməli idi”.

Ə.Bağırov qeyd edib ki, Bakı Şəhər İcra Hakimiyyətinin ticarət və xidmət departamentinin 566-83-71 saylı “qaynar xətti” yaradılıb.

“Vətəndaşlar həmin nömrəyə zəng vura və faktlar barədə məlumat verə bilərlər. Bu günlərdə “qaynar xətt”ə Novxanı çimərliyindəki vəziyyətlə bağlı şikayət daxil olub. Həmin faktı araşdıracağıq”, - o qeyd edib.

Bu mövsümdə mətbuatda çimərliklərlə bağlı bir çox araşdırmalar və faktlar yer aldı. Yerli icra orqanları da problemin həlli ilə müvafiq addımlar atmağa çalışırlar. Media mənsubları və əhalinin məsələnin az da olsa həllində rolu olduğu danılmazdır. İndi bizə qalan odur ki, sözü gedən “sənəd”siz dələduzların, işbazların, “geydirmə” sahibkarların yaratdığı problemlər getdikcə elə bu dənizdə batıb yox olacaq.

Rüfət Soltan