AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun İctimaiyyətlə Əlaqələr üzrə məsul şəxsi Pərviz Qasımovun Qaziler.az saytına verdiyi xəbərə görə, AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunda 31 Mart – Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar tədbir keçirilmişdir. Tədbirə İnstitutun rəhbərliyi, şöbə və bölmə rəhbərləri, əməkdaşları qatılmışdılar. Tədbir iştirakçıları bir dəqiqəlik sükutla Soyqırım qurbanlarının əziz xatirəsini yad etmişlər.
Anım tədbirini AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun direktoru, tarix elmləri doktoru, professor Maisə Rəhimova çıxışı ilə açaraq bildirdi ki, 1918-ci ilin martında azərbaycanlılara qarşı baş vermiş soyqırım ksenofobiya xəstəliyinə yoluxmuş ermənilərin 1914-cü ildən etibarən Anadoluda, Urmiyada və regionun digər areallarında başlatdığı etnik təmizləmə siyasətinin tərkib hissəsi idi. “1918-ci ilin yazında Bakı şəhərində və Azərbaycan qəzalarında daşnak-bolşevik birləşmələrinin azərbaycanlı əhalisinə qarşı törətdikləri vəhşiliklər həm hüquqi, həm də siyasi baxımdan soyqırım kimi qiymətləndirilməlidir. Məhz buna görə də 1998-ci il martın 26-da Prezident Heydər Əliyevin imzaladığı Fərmana əsasən, 31 mart - Azərbaycanlıların Soyqırımı Günü elan edilmişdir. Bununla da 1998-ci ildən bəri ölkədə hər il martın 31-i - Azərbaycanlıların Soyqırımı Günü kimi dövlət səviyyəsində qeyd olunur. ” – deyə M. Rəhimova vurğulamışdır.
M. Rəhimova qeyd etmişdir ki, 1918–ci ilin mart Soyqırımının bariz sübutu olan Quba Soyqırım məzarlığında ilk tədqiqatları İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayevin rəhbərlik etdiyi ekspedisiya timsalında məhz Arxeologiya və Etnoqrafiya İnstitutu aparmışdır. “Amma indi Azərbaycan dövləti 31 Mart Soyqırım qurbanlarının xatirəsini yalnız əbədiləşdirmək və yad etməklə kifayətlənmir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev cənablarının bu istiqamətdə apardığı siyasətin məntiqi sonluğu – Xocalı Soyqırımı timsalında olduğu kimi, 31 Mart Soyqırımına da dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətin verilməsidir.” - deyə M. Rəhimova çıxışında bildirmişdir.
Mövzu ilə bağlı AMEA-nın həqiqi üzvü, akademik Teymur Bünyadov, AMEA-nın müxbir üzvü, tarix elmləri doktoru İlyas Babayev, Quba Soyqırım məzarlığında ilk tədqiqatları aparmış ekspedisiyanın rəhbəri, İnstitutun əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Qəhrəman Ağayev, tarix elmləri doktoru, professor Abbas Seyidov, həmçinin, İnstitutun bölmə rəhbərləri və əməkdaşları çıxış etmişlər. Öz çıxışlarında İnstitut əməkdaşları 31 Mart Soyqırımının daim Azərbaycan xalqının qan yaddaşında yaşadılacağına, ermənilərin bəşəriyyətə qarşı cinayətlərinin gec-tez dünya ictimaiyyəti tərəfindən hüquqi və siyasi qiymətini alacağına inamlarını bildirmişlər.