Mahmudov Dilqami Şakir oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olub. Dilqaminin şəhidliyindən iki ay sonra onun oğlu dünyaya gəlib. Dilqaminin şərəfinə onun oğlunu Dilqəm adlandırıblar. Hazırda Dilqəm Mahmudzadə 20 -22 yaşlarında gəncdir.
2015-ci ildə Mingəçevir şəhərində yürüş keçirilib. Yürüşə qoşulanlar arasında şəhidin övladı Dilqəm də olub. Hadisələrdən sonra 250 nəfər müxtəlif vaxtlarda müxtəlif şəraitdə saxlanılıb. Həmin adamlardan biri də Dilqəm Mahmudzadədir. Həmin saxlanılanların əksəriyyəti buraxılsa da, 6 nəfər hələ də istintaq altındadır. Hazırda iş Şəki Ağır Cinayətlər Məhkəməsinə gedib. Həmin 6 nəfərdən biri də bu şəhidin övladıdır. O şəhid övladı ki, atasının adını daşıyır. O övlad ki, onu anası kirpiyilə od götürə -götürə saxlayıb böyüdüb.Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədir Firidun Məmmədov məsələ ilə bağlı QAZİLER.AZ-a bildirib ki, Allah bütün şəhidlərimizə rəhmət eləsin. Araşdirmalarimiz göstərir ki, şəhidin balasının elə ağır cinayəti yoxdur ki, ona cəza kəsilsin. Yürüş keçirilib, düzdür, icazəsiz yürüş olub. Dilqəm də həmin yürüşə passiv qoşulanlardan olub. Əvvəla onu qeyd edim ki, işin ilk təhqiqatını aparan təhqiqatçı vicdanı ilə hərəkət edib onun şəhid övladı olmağını rəhbərliyə məruzə edə bilərdi və onu ya 15 sutka həbs və ya pul cəriməsi ilə cəzalandıra bilərdilər. Mütləq ağır cinayət törətmiş bir cinayətkar kimi onu cəzalandırmağa ehtiyac yox idi. Bu, sıradan bir yürüş olub, belə yürüşlərə görə heç Avropada adam tutmurlar. Ona görə də bu gün biz Vətən Müharibəsi Əlilləri İctimai Birliyi adından da Şəki Ağır Cinayətlər Məhkəməsinə müraciət göndərmişik. O cümlədən Respublika Baş Prokuroruna da müraciət etmişik ki, Dilqəm Mahmudzadənin şəhid övladı olması nəzərə alınsın. Respublika Prokurorluğu həmin müraciəti Şəki AĞIR Cinayətlər Məhkəməsinə göndərərək işə əlavə edib. Hələ ki, hökm verilməyib, buna görə də əlimizdən gələn köməyi eləməyə çalışırıq. Çünki Dilqəm atası şəhid olandan sonra nə əziyyətlə böyüyüb, çox çətinliklər yaşayıb. Şəhidin xanımı o övladları nə əziyyət bahasına böyüdüb. Onun oğlu indi-indi böyüyüb ailəyə kömək etmək vaxtına çatıb. Şəhidin övladına bir neçə il iş verib onu həbsxanaya salmaq Azərbaycan xalqının şəhidinə, qazisinə olan sevgisinə ziddir. Çünki, Azərbaycan xalqı vətəni və torpağı sevən xalqdır. Bunu da xalqımız bu il aprel döyüşlərində bir daha sübut elədi. Bu gün 2 aprel döyüşlərində şəhid olmuş insanların ailələri ilə bağlı dövlət çox ciddi işlər görür. Bəs nə üçün 1990-cı illərdə heç ordu olmadığı halda 1 övladını və hamilə xanımını taleyin ümidinə qoyub müharibəyə gedib sinəsini güllə qabağına verən Dilqaminin hörməti o qədərmi az oldu ki, özündən sonra dünyaya gələn övladını “niyə yürüşə qoşulmusan” ittihamı ilə həbs edirlər. Buna görə də mən Şəki Ağır Cinayətlər Məhkəməsinin rəhbərliyinə və konkret olaraq işə baxan hakim Rəşid Hüseynova müraciət edirəm, o şəhidin ruhuna hörmət olaraq onun övladını heç olmasa şərti cəza azadlığa buraxılmasını xahiş edirəm.

Şəhidin xanımı Nəzakət Zamanova da redaksiyaya zəng vuraraq oğluna qarşı 2 maddə ilə cinayət işi açıldığını bildirdi. Şəhidin anası üzünü ölkə Prezidenti İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya tutaraq oğlunun azad edilməsi üçün onlardan kömək istədiyini bildirdi: “Dilqəmdə qan azlığı xəstəliyi var. Mən uzun müddət onu o xəstəlikdən müalicə etdirmişəm. Sizə yalvarıram, mənim balamın azadlığa buraxılması üçün kömək edin” – deyən qadın göz yaşlarına boğuldu.
QAZİLER.AZ