Həbsxanadan çıxan insanların əksəriyyəti müəyyən səbəblərə görə ailə tərəfindən lazımı səviyyədə psixoloji dəstək görmədiklərindən, düşdükləri mühitin təsirindən ayrıla bilmədiklərindən onlarda ictimai əməyə qayıtmaq meyli də olmur. Bunu Trend-ə Milli Məclisin Sosial siyasət komitəsinin sədrinin müavini Musa Quliyev deyib.
Komitə sədrinin müavini bildirib ki, keçmişini unudub yeni həyata başlamaq istəyən keçmiş məhkumlara dövlət tərəfindən dəstək göstərilir.M.Qasımlı qeyd edib ki, həbsxanadan azad edilən insanların sosial reabilitasiyası ilə bağlı qanun qəbul olunub: "Qanunda onların həm cəmiyyətə adabtasiyası dövründə məskunlaşmaları, həm peşəyə yiyələnmələri, həm də tibbi yardım almaları məsələsi dövlətin müvafiq qurumlarına həvalə edilib. Həbsxanadan çıxan insanlar dövlət orqanlarında müvəqqəti işsiz kimi qeydiyyata götürüldükdə onlara aylıq müavinət də verilir".
Deputat keçmiş məhkumların bu məlumatları bilmələri üçün onlar arasında maarifləndirmə işlərinin aparılmasının lazım olduğunu bildirib.
Keçmiş məhkumların iş tapmasını asanlaşdırmaqdan ötrü onlar üçün ayrıca əmək kvotasının müəyyənləşdirilməsinə gəldikdə, M.Quliyev bu fikirdədir ki, bu gün buna ehtiyac yoxdur. Onun sözlərinə görə, Azərbaycanda bir sıra kateqoriyadan olan insanlar üçün əmək kvotası müəyyənləşdirilib: "Bu gün əlillərlə yanaşı, gənc mütəxəssislər, hərbi xidmətdən geri qayıdan şəxslər, şəhid ailələri, qaçqın və məcburi köçkünlər, ailə başçısını itirən qadınlar üçün müəyyən əmək kvotaları ayrılıb. Amma hər kateqoriyadan olan insan üçün kvota ayrılsa, onda sahibkar öz işini qura bilməz. Belə olduqda dövlət müəssisələrində mütəxəssis çatışmazlığı yaranar və onlar normal işləyə bilməzlər”.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elman Babayev isə Trend-ə bildirib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin əksəriyyəti tələb olunan sənədləri təqdim etmədiyindən, yaxud onlara təklif olunan münasib işlərdən imtina etmələri səbəbindən bu kateqoriyadan olan şəxslərə işsiz statusunun verilməsi qanunvericilik baxımından mümkün olmur. Ona görə də rəsmi işsiz kimi qeydiyyatda olanlar arasında penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sayı olduqca azdır.
Nazirlik rəsmisinin sözlərinə görə, ötən il ƏƏSMN yanında Dövlət Məşğulluq Xidmətinə müraciət etmiş sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən 1036 nəfər vətəndaş kvota üzrə iş yerləri ilə təmin olunub ki, onlardan 25 nəfəri penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərdir.
E.Babayev qeyd edib ki, penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş, tibbi və sosial yardıma ehtiyacı olan şəxslər minimum əmək haqqının 4 misli məbləğində, yəni 420 manat məbləğində birdəfəlik pul müavinəti ilə təmin edilir. Ötən il ƏƏSMN-nin rayon (şəhər) Əhalinin Sosial Müdafiəsi Mərkəzləri tərəfindən 4565 nəfər belə şəxs birdəfəlik pul müavinəti ilə təmin olunub.
ƏƏSMN rəsmisinin sözlərinə görə, “Azərbaycan Respublikasının Məşğulluq Strategiyasının həyata keçirilməsi üzrə 2011-2015-ci illər üçün Dövlət Proqramı”na da cəzaçəkmə müəssisələrində cəza çəkməkdən azad edilən şəxslərin gələcək məşğulluqlarına kömək göstərmək məsələsi daxil edilib.
Bununla əlaqədar son illərdə ƏƏSMN ilə Ədliyyə Nazirliyi arasında imzalanmış müvafiq sazişə əsasən, penitensiar müəssisələrdə cəza çəkməkdən azad ediləcək şəxslərin gələcək məşğulluğunun təmin edilməsinə kömək göstərilməsi üçün onların peşə hazırlığına cəlb edilməsi işləri aparılır. Təkcə ötən il penitensiar müəssisələrdə cəza müddəti başa çatmaqda olan 230 nəfər şəxs, o cümlədən 32 nəfər məhbus qadın dərzi, dülgər-xarrat, kompüter istifadəçisi, kompüter texnikasının təmiri, bərbər-manikürçü və s. peşələr üzrə peşə hazırlığı kurslarına cəlb olunub:
“Bu işlər cari ildə də davam etdirilir. Məsələn, bir qədər öncə, cari il martın 5-də Bakının Nizami rayonundakı 6 saylı cəzaçəkmə müəssisəsində cəzaçəkmə müddəti cari ilin ortalarında başa çatacaq 16 nəfər şəxs üçün peşə hazırlığı kursu başlayıb. Həmin məhbuslar iki ay müddətində müvafiq peşə təlimi keçməklə, mebel quraşdırıcısı peşəsinə yiyələnəcək. Cəzaçəkmə müəssisələrindən azad olunduqdan sonra onların yeni yiyələndikləri peşələr üzrə məşğulluqlarının təmin olunması üçün yaşadıqları ərazi üzrə məşğulluq orqanları tərəfindən müvafiq işlər görüləcək”.
E.Babayev qeyd edib ki, hazırda ƏƏSMN-nin sifarişi ilə Qobustan rayonunda Penitensiar müəssisələrdə cəza çəkməkdən azad olunmuş şəxslər üçün 50 yerlik Sosial Adaptasiya Mərkəzi inşa olunur. Cari ildə istifadəyə verilməsi nəzərdə tutulan mərkəz həmin şəxslərin sosial mühitə uyğunlaşdırılması, hüquq və azadlıqlarının qorunması, onlara müvafiq sahələrdə yardım göstərilməsi və s. işlərlə yanaşı, onların peşə reabilitasiyası, əmək bazarına çıxışının asanlaşdırılması yönündə də işlər aparacaq.