Döyüşdə iki gözünü itirən Qazi haqqında ballada

Döyüşdə iki gözünü itirən Qazi haqqında ballada backend

“Mən hələ ki, xəbər gözləyirəm... Həsrətində olduğum xəbəri...” - Ağır yaralanıb 13 saat döyüş xəttində tək-tənha ölümlə çarpışan, gözlərini itirən döyüşçünün Qarabağ arzusu...

Söhbətimə başlamamışdan əvvəl sizi bir insanla tanış etmək istəyirəm. Bu, I qrup Qarabağ müharibəsi əlili İlqar İldırım oğlu Bağırovdur. Qeyd edim ki, o, 1973-cü ildə Ağdam rayonu Başqərvənd kəndində, ziyalı ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra həm, özünün həm də valideynlərinin ali məktəb arzusunu bir kənara qoyaraq, ondan daha vacib işin arxasınca gedir. Bəli, bu o vaxta təsadüf edir ki, artıq bədxah erməni qonşularımız bizim əzəli və əbədi torpaqlarımıza göz dikmiş, soydaşlarımıza qarşı əllərindən gələn bütün pis əməlləri dünyanı heyrətə gətirəcək işgəncələr, qətllər, faciələr fonunda həyata keçirirdilər.

Belə bir zamanda təbii ki, bir çox igidlərimiz kimi İlqar yönünü instituta yox, cəbhəyə çevirməliydi...1992-ci ildə Ağdamda Şirin Mirzəyevin batalyonunda həqiqi hərbi xidmətə getdi. Xasiyyətcə emosional olan İlqar ermənilərin ardı-arası kəsilmədən hücuma keçməsinə sakit baxa bilmirdi. Odur ki, döyüşlərə vaxtından əvvəl başladı. Həm gəncliyin verdiyi səbirsizlik, həm qətlə yetirilən günahsız soydaşlarının ölümünün gətirdiyi acılar, həm də torpaqların hissə-hissə itirilməsi faktı onu döyüşün ən qızğın nöqtəsinə çəkirdi. Elə ilk dəfə yaralanması da belə bir məqamla üst-üstə düşdü. O, 1992-ci ilin sentyabrında Fərrux dağı uğurundakı döyüşlərdə yaralandı. Vəziyyətinin ağır olmasını nəzərə alan həkimlər onun Ələt hospitalında müalicə olunmasını məsləhət gördülər. Hələ yaraları tam sağalmamışdı. Amma səngər yoldaşlarının, dostlarının şəhid olması haqda xəbərlər onu döyüş səngərinə çəkib apardı. Yenə də qanlı döyüşlər…

1993-cü ilin dekabr ayı idi. Ağdamın Mərzili kəndinin düşmən tapdağından azad edilməsi əmri verilmişdi. Sözün həqiqi mənasında, ölüm-dirim anıydı. Nizami rus-erməni qoşunları ilə bizim igidlərin vuruşu başladı. Qeyri-bərabər texniki və canlı güc qarşı-qarşıya dayandı. Buna baxmayaraq, bizimkilər qətiyyən geri çəkilmək fikrində deyildilər. Döyüş də İlqar Bağırov da ağır yaralandı...13 saat döyüş xəttində tək-tənha çarpışdı. Kəşfiyyat bölüyünün əsgərləri onu ölümcül vəziyyətdə tapıb gətirdilər. Mərmi üzünün xeyli hissəsini və gözlərini parçalamışdı. Xeyli qan itirmiş və huşu özündə olmayan yaralını xüsusi vertolyotla Bakıya - hospitala yola saldılar...

Onun sağalacağına, yenidən ayağa qalxacağına heç kəs ümid etməsə də, dualarını əsirgəmirdilər.



Hamıdan yaxşı O illəri İlqarın anası, ömrünün çoxunu xalqın övladlarının təlim-tərbiyəsinə həsr etmiş Gülsəba xanım xatırlayır:

“Həkimlər söylədilər ki, İlqarın gözləri heç vaxt görməyəcək!”

- Geri dönənlərin arasında İlqarın olmadığı xəbəri bizə gəlib çatanda, bir ana kimi hansı hissləri keçirdiyimi analar yaxşı anlayar. Ölümünə inana bilmirdim, daha doğrusu, ürəyim “öldü” demirdi. Tək bir arzum vardı ki, kaş ermənilərin əlinə keçməsin, əsir düşməsin. Kəndimizdən bir kəşfiyyatçı leytenant var, adı Şakirdi. O, həm də mənim şagirdim olub. İlqarın xidmət etdiyi batalyondaydı. Onun bölüyü düz 13 saatlıq kəşfiyyat əməliyyatından sonra həyat əlamətini itirmək üzrə olan İlqarı düşmənin arxasından tapıb gətirə bildilər. Təsəvvür edin, həkimlər bir insanı həyata qaytardılar. 4 ay hospitalda müalicə aldıqdan sonra vəziyyəti bir balaca yaxşılaşdı. Buna sevinməyə imkanımız olmadı. Həkimlər söylədilər ki, İlqarın gözləri heç vaxt görməyəcək. Üstəlik hələ bir neçə dəfə cərrahi əməliyyat lazımdır ki, mərmi parçalamış hissələr bərpa olunsun. Cəmi 20 yaşlı bir gəncin həmişəlik gözdən əlil olması, hər zaman kiminsə köməyinə ehtiyac duyması məcburiyyəti mənə bir ana kimi böyük dərd verdi, uzun müddət xəstə yatdım. Buna baxmayaraq, fikirləşirdim ki, məgər belə olacağını bilmirdimmi? Axı onu müharibəyə özüm göndərmişdim. Bu müharibədi, İlqar kimi minlərlə oğul anasının, bacısının, vətəninin, xalqının qeyrətini, təəssübünü çəkərək döyüşə atılıblar. Şəhid olan da olub, İlqar kimi sağlamlığını qurban verən də.

Bunu da deməsəm elə bilərəm ki, heç nə demədim: hər yerdə deyirəm və deyəcəyəm, elə bir dərd yoxdur ki, yurd, doğma ocaq itkisindən ağır, çəkilməz olsun. 21 ilə söykənən yurdsuzluğum bunu mənə anlatdı. Amma inanıram ki, gec, ya tez evimə dönəcəyəm. Nə qədər ki, İlqar kimi oğullarımız var və olacaqdır, o zaman bədbin olmağa da dəyməz. İnşallah yurdumuza dönərik.
Həmişə Qarabağ döyüşçülərinin həyat yoldaşlarını elə onların özləri qədər igid hesab etmişəm.



Bax, həmin o igid xanımlardan biri də Gülşən Bağırovadır. Gülşən xanım 13 ildir İlqarla ailəlidir. Onun müharibədə sağlamlığını itirdiyini, I qrup gözdən əlil olduğunu bilə-bilə bizim qəhrəmanla ömrünün sonunadək yaşamağa qərar verib:

“Canını vətəninə qurban etməyə hazır olan belə igidlərə həyat yoldaşı olmaq böyük şərəfdir!”

- Bəlkə də İlqar avtomobil qəzasında və yaxud bir başqa faciədə sağlamlığını itirib əlil olsaydı, mən çiyinlərimi bu qədər ağır yükün altına verməzdim. Tək İlqarı nəzərdə tutmuram, öləcəyini bilə-bilə döyüşə atılan hər kəs qəhrəmandır, igiddir. Canını vətəninə qurban etməyə hazır olan belə igidlərə həyat yoldaşı olmaq böyük şərəfdir!

- Təsəvvür edirəm, bu 13 ildə nə qədər çətinlikləriniz olub…

- Düzdür, İlqarın anası, atası (rəhmətə getməmişdən əvvəl) bizə çox kömək ediblər. Sonra qardaşı Zülfüqar, bacısı Könül, hər bir çətinlikdə demək olar ki mənə arxa-dayaq olublar. Ailəmizdə olan maddi-mənəvi sıxıntılarımız onların hesabına öz həllini tapıb. Elə çətinliklə bu ailəni ayaqda tutmaq üçün göstərdikləri köməyə görə hər zaman onlara minnətdarlıq borcum var…İlqargilin ailəsi kimi bir ailədə olmaq hər kəsə nəsib olmur.

“Bəzən fikirləşirəm ki, onun gözləri açılsaydı və mən çoxlu ziyarətçinin arasında səsimi çıxartmadan dursaydım, o məni tanıyardımı?”

- Övladlarınız da sizin qədər həssasdırlarmı?



- Əvvəlcə qeyd edim ki, 3 övladımın ən böyüyü 11 yaşındadı. O birinin 9, sönbeşiyin 7 yaşı var. Amma evdə nənənin də, bibinin də müəllim olması, tərbiyəvi təbliğatın getməsi uşaqların gözlərini vaxtından əvvəl açıb. Övladları atalarını heç vaxt əlil kimi görmürlər, əksinə onunla fəxr edirlər. Bir az da çəkinirlər. (gülür)

- Yəni ata çox tez qəzəblənəndi?!

- Yox, əslində İlqar çox ürəyiyumşaq və istiqanlıdır, ailəcanlıdır, qayğıkeşdir. Elin, obanın heç bir məclisindən qalmır. Dərdi olana təsəllisini, dəstəyini əsirgəmir. Amma nəzərə alın ki, o, müharibənin hər üzünü görüb, dostları gözünün qabağında can verib, həlak olub və onun üst-üstə keçirdiyi cərrahi əməliyyatlar, aldığı narkozlar əsəbi olmağına şərait yaradıb. Bəzən adi şeylərə elə əsəbiləşir...Təbii ki, ailədə hamımız onu anlayırıq, başa düşürük. Onun da hirsi soyuyanda dilinə gətirməsə də, peşman olduğunu bilirik. Təsəvvür edin, İlqarın üç övladının zahiri görünüşü haqda heç bir təsəvvürü yoxdur, söylədiklərimizdən və hiss etdiklərindən başqa...Bəzən fikirləşirəm ki, onun gözləri açılsaydı və mən çoxlu ziyarətçinin arasında səsimi çıxartmadan dursaydım, o məni tanıyardımı? Bilmirəm. Nə qədər desək də, İlqar dərd adamıdır, dərdlidir, səhv etmiş olarıq. Çünki çəkdiklərinə rəğmən onun kimisə öz problemləri ilə narahat etdiyini, yüklədiyini görmədik. Gələcəyə də nikbin nəzərlərlə baxır. Keçmiş döyüşçünü də dinləmək maraqlı olardı:



“Mən hələ ki, xəbər gözləyirəm...Həsrətində olduğum xəbəri...”

- Ermənilər işğal etdikləri torpaqlarımızda at oynadırlar, özlərini bu yerlərin sahibi hesab edirlər. İnanıram ki, bir gün onları o torpaqlardan iti qovan kimi qovub çıxardacağıq. Daha doğrusu, buna cəsarəti, qeyrəti çatan elə oğullar var ki, ermənidən qisas almağı özlərinin həyat məqsədləri, amalları bilirlər. Bax, mən həmin günü gözləyirəm. Qələbə gününü!.. Onda gözlərimə nur gələcəyinə də inanıram...İndi nə danışım eyy!..

Onda çoxlu, lap çoxlu danışacam. ...Amma indi çox danışa bilmirəm. Mən hələ ki, xəbər gözləyirəm... Həsrətində olduğum xəbəri...

El-oba qədrini bilən şəxs, Vətən üçün canına qıyan insan bütün dövrlərdə ehtirama layiq olub... Qonum-qonşu hamı onun hörmətini saxlayır. Elə hər addımbaşı hiss olunur ki, İlqar Bağırovun qeyrəti, təəssübkeşliyi ilə təkcə ailəsi deyil, bütün tanıyanlar da onunla fəxr edir.

Arzunuza tezliklə çatasınız, İlqar!!!

Əntiqə Rəşid
Qaziler.az saytı redaksiyamıza bu yazını təqdim etdiyinə görə jurnalist Əntiqə Rəşidə təşəkkür edir.



Diaspora