““Freedom House” özünü hörmətdən salıb“

““Freedom House” özünü hörmətdən salıb“ backend

ABŞ-da yerləşən “Freedom House” təşkilatı “Dünyada azadlıq - 2015” adlı növbəti hesabatını yayıb.

Hesabatda region ölkələri ilə yanaşı, separatçı qurumlara, o cümlədən Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsindəki qondarma rejimə də yer verilib.
Milli Məclisinin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Rövşən Rzayevin fikrincə, “Freedom House”un son hesabatında separatçı rejimlərə simpatiya nümayiş etdirməsi bu təşkilatın beynəlxalq aləmdə özünü tam nüfuzdan saldığını göstərir. Hazırda Strasburqda AŞPA-nın sessiyasında olan millət vəkili Lent.az-ın müxbirinə açıqlamasında bildirib:
"“Freedom House” təşkilatı “Dünyada azadlıq 2015” adlı hesabatında Azərbaycana qarşı açıq aşkar qərəzli münasibətini bir daha göstərib. Azərbaycanda keçirilən köklü iqtisadi, sosial, hüquqi islahatları nəzərə almayan, vətəndaşlara yaradılan sosial və hüquqi təminatı ümumiyyətlə qiymətləndirməyən təşkilatın bu cür qərəzli, böhtan dolu fikir söyləməsi gözlənilən idi.
“Freedom House” indiyədək öz hesabatlarında bir dəfə də olsun Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünə, torpaqlarımızın beşdə birinin 20 ildən çoxdur ki, işğal altında qalmasına, bu torpaqlarda həyata keçirilən etnik təmizləməyə, bir milyondan çox insanın öz yurd-yuvasından didərgin salınmasına diqqət ayırmayıb. Əvəzində isə “Freedom House” bir qayda olaraq Ermənistanı insan hüquq və azadlıqları baxımından Azərbaycandan üstün mövqedə təqdim etməyə, Yerevanın mərkəzində etiraz nümayişinə çıxan öz vətəndaşlarını güllələyən bir rejimi demokratik, azadlıqsevər kimi göstərməyə çalışır.
Təşkilatın budəfəki “azadlıq” hesabatı isə açıq-aşkar qərəzliyi və mümkün olmayan müqayisəsi ilə fərqlənir. “Freedom House” ekspertlərinin “qiymətləndirmə”sinə görə, Ermənistanın işğal etdiyi Dağlıq Qarabağda yaratdığı qondarma rejim azadlıqların səviyyəsinə görə guya Azərbaycandan irəlidədir.
Hüquqi rejimi qiymətləndirən bir təşkilat ümumiyyətlə qondarma qurumun qeyri-legitim olması haqqında bir fikir söyləmir, əksinə, quldur bir “hakimiyyət”in insanlara qarşı münasibəti müsbət qiymətləndirilir. Bundan böyük iftira və hədyan düşünmək olmazdı”.
Diaspora