İyulun 26-da Qazaxıstanın ilk prezidenti Kitabxanasının icraçı direktoru Jumabekov Beysembay Kuanışoviç Azərbaycan Xalça Muzeyində olub. Azərbaycan Xalça Muzeyinin mətbuat katibi Fuad Rəsulun QAZİLER.AZ-a verdiyi məlumata görə, qonaqa qədim xalça sənətimizndən, onun tarixindən, xalqımızın milli – mənəvi dəyərlərindən, adət-ənənəsindən geniş məlumat verilib.
Muzeyin qeyri-adi görünüşü, ekspozisiyanın quruluşu, bədii tərtibatı Muzeydə quraşdırılmış xüsusi monitorda nümayiş olunan “Azərbaycan xalçaları dünya kolleksiyalarında” və “Azərbaycan xalçaları Avropa rəssamlarının əsərlərində” nümunələri qonaqları valeh edib.Bildirilib ki, muzeyin “qızıl fondu”nu xovlu xalçalar təşkil edir. Burada Azərbaycanın 7 əsas xalçaçılıq məktəbi – Quba, Bakı, Şirvan, Gəncə, Qazax, Qarabağ və Təbriz məktəbləri təmsil olunub. Diqqətə çatdırıldı ki, muzeyin kolleksiyasında xovsuz xalçaların nadir nümunələri də saxlanılır.
Muzeydə quraşdırılmış xüsusi monitorda dünya kolleksiyalarında saxlanılan Azərbaycan xalçaları, avropalı rəssamların əsərlərində bu xalçaların rəsmləri nümayiş etdirilir. Böyük Britaniyadakı Viktoriya və Albert Muzeyinin kolleksiyasında saxlanılan məşhur “Şeyx Səfi” xalçasının reproduksiyası da diqqəti cəlb edir. Muzeyin ekspozisiyasında nümayiş etdirilən və ehtiyat fondlarında saxlanılan xalçalar arasında XVII-XX əsrlərdə yaradılmış məşhur kompozisiyaları da görmək olar.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın böyük zəhməti sayəsində milli xalçaçılıq sənəti 2010-cu il Noyabrın 16-da UNESCO-nun Qeyri-Maddi Mədəni İrs Siyahısına daxil edilib və həmin gün ölkəmizdə Azərbaycan Xalçası Günü kimi qeyd edilir.
Həmçinin Azərbaycan Xalça Muzeyinin kolleksiyasından “Zərgərlik inciləri” adlı ekspozisiya bölməsində ali qonaqa təqdim olunub. Qeyd olunub ki, Zərgərlik nümunələrinin böyük hissəsi XIX əsrin sonu XX əsrin əvvəllərinə, digərləri isə daha qədimlərə – eramızdan əvvəl IV-II minilliklərə, Tunc dövrünə təsadüf edir. Eksponatların böyük hissəsini zinət əşyaları təşkil edir. Qadın və kişi zinət əşyalarından başqa, məişət əşyaları da vardır.
Zərgərlik fondunda qorunan nümunələr Azərbaycanın bir çox bölgələrini əhatə edir. Burada bölgələrimizə məxsus müxtəlif texnikalarla – həkketmə, şəbəkə, tökmə, basma, qarasavad, minasazlıq və s. kimi qədim üsullarla hazırlanmış zərgərlik nümunələri ilə tanış olublar.
Maddi-mədəni irsimizlə yanaşı, muzey binasının orijinal görünüşü, qeyri-adi ekspozisiya zallarının quruluşu da qonaqlarda xoş təəssürat oyadıb.
Sonda ali qonaqa xatirə hədiyyəsi təqdim edilib.