Bakı Apellyasiya Məhkəməsində Suriyada qanunsuz silahlı birləşmələrin tərkibində döyüşməkdə ittiham olunan “Abu Yusif” ləqəbli Elşən İsmayılov və “Abdurrahman” ləqəbli Mirrahim Abdullayevin apellyasiya şikayəti üzrə məhkəmənin ilkin hazırlıq iclası keçirilib.
Virtualaz.org saytının əldə etdiyi xəbərə görə, prosesə hakim Faiq Qasımov sədrlik edib. Prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.Məhkəmə baxışı avqustun 9-na təyin olunub.
İttihama görə, Elşən İsmayılov və Mirrahim Abdullayev bir qrup şəxslə qabaqcadan əlbir olaraq, dini düşmənçilik zəminində qanunvericilikdə nəzərdə tutulmayan, terror təşkilatı kimi tanınan silahlı birləşmələrin (İŞİD-in) tərkibində vuruşublar. Dini məzhəbləri yaymaq, dini ayinlərin icrası altında Suriyada hökumət qüvvələrinə qarşı aparılan silahlı münaqişədə iştirak etmək məqsədilə “Xəttab” ləqəbli Dəyanət Yadigarovun dəvəti əsasında 29 iyun 2013-cü ildə Gürcüstana, oradan isə Türkiyənin Hatay vilayətinə gediblər.
Hatayda şəxsiyyəti istintaqa məlum olmayan Həsən adlı şəxsin köməkliyi ilə qanunsuz olaraq Suriya ərizisinə keçiblər. Orada silahlı təlimlərdə iştirak edərək silahdan istifadə qaydalarını öyrəniblər.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Elşən İsmayılov 15, Mirrahim Abdullayev isə 11 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan təqsirləndirilənlər apellyasiya şikayəti veriblər.