CAR-da 31 mart soyqırımı ilə bağlı sərgi keçirilib

CAR-da 31 mart soyqırımı ilə bağlı sərgi keçirilib backend

Bu gün Azərbaycanın Cənubi Afrika Respublikasındakı (CAR) səfirliyi Xocalı soyqırımının 23-cü ildönümü və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü ilə əlaqədar səfirliyin binasında Heydər Əliyev Fondunun təqdim etdiyi fotoşəkillər və kitablardan ibarət sərgi təşkil edib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, sərgidə 31 mart - Azərbaycanlıların Soyqırımı və Xocalı faciəsinin tarixi və ağır nəticələri haqqında geniş məlumat verilib və Xocalıda azərbaycanlılara qarşı soyqırımın həyata keçirildiyi vurğulanıb. Sərgi zamanı qonaqlara Xocalı soyqırımının 23-cü ildönümü və 31 mart - Azərbaycanlıların Soyqırımı Günü haqqında məlumatlar əks edilmiş broşürlər paylanıb və Azərbaycanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişənin həlli ilə bağlı ədalətli mövqeyi diqqətə çatdırılıb.

Tədbiri açıq elan edən səfir Elxan Poluxov hər iki soyqırım barədə qonaqlara geniş məlumat verərək, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin hazırkı günədək öz həlli yolunu tapmadığını bildirib və Azərbaycanın münaqişənin həlli ilə bağlı ədalətli mövqeyini vurğulayıb.

Çıxışda Heydər Əliyev Fondunun və onun vitse-prezidenti Leyla Əliyevanın bu istiqamətdə apardığı geniş iş və onun əhəmiyyəti barədə söz açılıb və edilən səylər nəticəsində Xocalı soyqırımının bir çox ölkələr tərəfindən tanındığı tədbir iştirakçılarının nəzərinə çatdırılıb.

Çıxışın sonunda səfir E.Poluxov münaqişənin həlli ilə bağlı beynəlxalq ictimaiyyəti və qonaqları Ermənistanın təcavüzünə qarşı qəti və güclü mövqedə dayanmağa və Xocalı soyqırımını tanımağa çağırıb.

Tədbirdə dövlət nümayəndələri, CAR-ın iş adamları, CAR diplomatik korpusu, həmyerlilərimiz və KİV nümayəndələri iştirak ediblər.
Diaspora