“Qarabağ qaziləri” birliyi “Yeni Müsavat” qəzetinin baş redaktoru Rauf Arifoğlunun 50 illik yubileyi münasibəti ilə təbrik məktubunu yaydı. Məktubda deyilir: “Əzizimiz Rauf bəy! Siz dövlət müstəqilliyimizin əldə edilməsi ilə nəticələnən Azərbaycan xalq hərəkatına qoşulmuş və bu istiqamətdə əlinizdən gələni etmisiniz. Eyni zamanda, torpaqlarımızın müdafiəsində yaxından iştirak etdərək silaha sarılmışısınız.
Bütün bunlar dövlətə bağlılığınız və millətə olan sevginizdən irəli gəlir ki, bu da əsl vətənpərvərlikdir.Söz azadlığı, müstəqil mediamızın inkişafı naminə gördüyünüz işlər isə əvəzsizdir. Bu yolda verdiyiniz mücadilə təqdirəlayiqdir.
Uzun illərdir cənubi Qafqazın ən böyük tirajla çap edilən “Yeni Musavat” qəzetinin, hər gün yüz minlərlə insanların izlədiyi musavat.com saytının memarısınız. O “Yeni Müsavat”ın ki, səhifələrində biz Qarabağ qazilərinə böyük sayğı və məmnuniyyətlə yer ayırır, qayğılarımızı, problemlərimizi Azərbaycan ictimaiyyətinə çatırmaqdadır!
Hörmətli Rauf bəy!
Sizi 50 illik yubileyiniz münasibəti ilə səmimi qəlbdən təbrik edir, uzun ömür, can sağlığı, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq!
Allah yolunuzu açıq etsin! Amin!
Hörmətlə,
Ehtimad Əsədov
“Qarabağ qaziləri” birliyinin sədri”