Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev Göytəpə Neolit dövrü abidəsini ziyarət etmişdir. QAZİLƏR saytının AMEA Arxeologiya və Etnoqrafiya İnstitutunun saytına istinadən verdiyi xəbərə görə, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Naziri Əbülfəz Qarayev Tovuz rayonuna səfəri zamanı eradan əvvəl VI minilliyə aid olan Göytəpə qədim yaşayış yerini ziyarət etmişdir.
Abidənin tədqiqatçısı t.ü.f.d. Fərhad Quliyev Göytəpə qədim yaşayış məskəninində aparılan əsaslı arxeoloji araşdırmalarının ilkin nəticələri haqqında geniş məlumat vermiş və bu tip abidələrin ölkəmizin ictimai həyatında mühüm əhəmiyyətinin vacib atributlarından danışmışdır.
Bundan əlavə cənab nazir Prezident İlham Əliyevin 2012-ci ilin aprel ayında imzaladığı “Göytəpə Arxeolji Parkının yaradılması” ilə əlaqədar sərəncamdan irəli gələn layihələndirmə işlərinin ilkin nəticələri ilə tanış olmuş və öz irad və təkliflərini bildirmişdir.
Sonda Əbülfəz Qarayev Göytəpə qədim yaşayış məskənində aparılan araşdırmaları müsbət qiymətləndirdiyini və “Arxeoloji Park”ın və onun ətrafında “Neolit kəndi”nin yaradılması ideyasının maraqlı olduğunu qeyd etmişdir.