Özünü məcbur etmə, yaza bilmirsənsə at qələmini yerə və çıx get. Uzaqlaş, yox ol!
Bildiklərin əslində çoxdur, sadəcə tanrı səni onları bir yerə cəmləmə təhlükəsindən qoruyur. Bəlkə də bu əslində xoşbəxtlikdir, bəlkə elə xoşbəxtliyin özü təhlükəlidir...Nəysə. Əsas odur ki, kağızın üzərinə cizgilər çəkilməyə başlayanda anlayırsan ki, sən artıq uzun pilləkənin başlanğıcını etmisən. Yəni heyfin gəlməzmi oradan geri qayıdasan? Düşünürəm ki, bunun üçün əvvəlcə özünə inamın ola, sonra isə yazdığın 500 işarədən ibarət məktubu cırıb atasan - pilləkəni yenidən qalxmaq üçün. Görünür elə hesab edirdin ki, ilk 5 və ya 10 addımın uğurlu alınmayıb.
Yazarın psixologiyası tamam fərqlidir. O fərqli düşünür, fərqli analiz edir, fərqli tərzdə nitq söyləyir və ya fərqli şəkildə yerişə malikdir və s. Bəzən özünü kreativ dəminə salıb fərqli saqqalı, eləcə saç düzümü ilə ətrafdakı qeyri-kreativlərdən (bu onun üçün eybəcər mənzərədir) fərqli və uzaq durmağa çalışır. Nəticə: "Fərqlisənsə, deməli, tənhalığa məhkumsan” (Aldous Huxley).
Tənhalıq varsa, deməli, sən bir yazıçısan. Ola bilsin ki, rəssam, bəlkə də bəstəkar, memar, nə bilim talantlı tüfeykar.
Yuxarıda sadaladıqlarım sırf insana məxsus istedaddır. Çünki bu tip məşğuliyyətlər insana fiziki və ya zehni yorğunluq gətirmir. Amma mən elə düşünürəm ki, kreativlər sadəcə bədahətin təsirindən zəhmətin fəlakətini unudurlar. Adicə tikintidə işləyən fəhlə necə söyləyə bilər ki, mən işləyərkən içimdəki dolmuşları boşaldıram, ürəyim, bədənim və ruhum dincəlir. Heç vaxt deməz, desə belə inanmağa nə lüzum, heç onun adam olmasına şübhə etməməm günah olar. Yaradıcılığın xarakteri belə bir təsvirdir: Bədahət gələndə nəsə yaradırsan - rəsm əsəri, hekayə, bəstə və s. - yorulmursan, çünki sən yaradıcı deyilsən, sənin vücudun və beynin alternativ, ruhun və qəlbin isə baş rolda çıxış edir. Yaradıcılığının təməl nöqtəsi – sənin yorğunluğunun görsənməməsi üzərinə qələmi tutan da kağıza yazan da əslində sən deyilsən, sənin ruhun və qəlbindir…