Rəşad Süleymanov: “Aktiv hərbi əməliyyatların başlanma ehtimalı həmişə mümkün olub” Son dövrlər Ermənistanla Azərbaycan cəbhə xəttində atışmalar əvvəlki vaxtlara nisbətən daha da intensivləşib. Artıq ermənilər bizim mövqeləri kiçik və iri çaplı silahlardan deyil, minaatanlardan atəşə tutmağa başlayıb. Avqust ayında gərgin atışmanın ardınca nisbətən səngimə yenidən qızışmaqda davam edir. Təbii ki, hücuma keçən erməni tərəfi Azərbaycan ordusu tərəfindən layiqli cavabını alır.
Bütün bunların nəticəsidir ki, ictimaiyyət arasında tez-tez müharibənin başlanacağı haqda fikirlər dolaşır. Əslində nə baş verir, müharibə ola bilərmi, deyə, QAZİLƏR.AZ saytı tanınmış jurnalistlərə, ekspertlərə müraciət etdi.Jurnalist Ekspert Mərkəzinin rəhbəri Ceyhun Musaoğlu müharibə Azərbaycanın şərəf borcu olduğunu bildirdi:
“Azərbaycan əsgərinin onunla düşmənçilik edən, torpaqlarını 20 ildən çoxdur işğalda saxlayan bir ordunun əsgərini öldürməyə haqqı çatır. Həm beynəlxalq qanunlarla, həm dini tələblərlə, həm də, insanlığın mənəvi yaşantıları ilə biz bu haqqı çoxdan qazanmışıq. Müharibə Azərbaycanın şərəf borcudur. Artıq öndə baş komandan olmaqla, çox hörmətli müdafiə nazirimiz Azərbaycan xalqını müharibəyə tam hazırlayıb. Bu, elə bir müharibə olacaq ki, ölmədən öldürəcəyik. Çünki, dövlətimiz hər bir kəsin arxasında dağ kimi dayanıb. Dövləti dövlətimə, cəmiyyəti cəmiyyətimə, hakimiyyəti hakimiyyətimizə uduzan bir ölkənin əsgəri zatən məğlubdur. Məğlubluğa düçar olduqlarını etiraf da ediblər. Andranikin ağ bayraqla bizə təslim olması zəfərimizin başlanğıcıdır. Həm də burada bir Tanrı işi var, mistika yükü var. Təslim olan düşmən əsgərinin adı, onların tarixi qəhrəmanlarının adı ilə eynidir. Babalarımız babalarının qulağını kəsmişdi, nəvələr nəvələrini özlərinə təslim etdilər. Buna deyirlər, Allahın qoyduğu düzən. Bu düzən bizi lap yaxın günlərdə Şuşaya aparıb çıxaracaq”
Hərbi jurnalist - ekspert Rəşad Süleymanovun QAZİLƏR.AZ saytına bildirdiyinə görə, son illər Azərbaycanda ordu quruculuğunda aparılan ciddi işlər, ordumuzun daha da güclənməsi qarşı tərəfi çox qıcıqlandırır. Buna cavab olaraq erməni tərəfi hücuma keçməklə öz varlığını sübut etmək istəyir: “Novruz bayramı ərəfəsində onların əməliyyat keçirmək arzuları gözlərində qaldı. Çox ciddi də itkilər verdilər. Düşünürəm ki, aprel ayında da cəbhədə gərginlik davam edəcək. Çünki, ermənilər aprel ayında qondarma “soyqırım”larının 100 illiyini keçirirlər. Çox güman ki, onlar həmin dövrdə qisas hissi ilə daha da aktivləşəcəklər”.
Ekspert müharibənin başlaya biləcəyini də istisna etmədi: “Cəmiyyətdə də artıq bu barədə müəyyən fikir formalaşıb ki, Azərbaycan tərəfi danışıqlar yolu ilə həlli uzanan məsələni qısa müddətli müharibəylə bitirə bilər. Və insanlar da bunu istəyirlər. Aktiv hərbi əməliyyatların başlanma ehtimalı həmişə mümkün olub. Azərbaycan ordusunun qısa müddətli zərbə ilə düşmənin cavabını verib onu yerində oturtması gözləniləndir”.
QAZİLƏR.AZ