Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə mətbuata açıqlama verərək dövlət imtahanlarının ödənişli olacağınıdeyib. Sədrin sözlərinə görə, imtahan verən hər bir abituriyent əvvəllər bunun üçün 2 manat dövlət rüsumu ödəyirdisə, yeni qaydaya görə, rüsumdan əlavə bütün dövlət imtahanlarında ödəniş etməli olacaq: "Müxtəlif növ sınaq imtahanları, dövlət qulluğuna qəbul imtahanları - bunlar hamısı yalnız dövlət rüsumu əsasında aparılır. İmtahanların keçirilməsi üçün hər bir şəxsə görə çəkilən xərc bizə dövlət büdcəsindən verilir. İndi isə verilməyəcək. Ona görə də hər bir şəxs pulu özü ödəyəcək".
Çox keçmədən Məleykə Abbaszadənin açıqlmasına Təhsil Nazirliyindən cavab gəlib. Nazir Mikayıl Cabbarov jurnalistlərə məsələnin müzakirə olunmalı olduğunu bildirib. Nazirin sözlərinə görə, Dövlət İmtahan Mərkəzinin müstəqil qurum olması o demək deyil ki, bu iş öz həllini tapmalıdır: "Burada bir neçə məsələ var. Birincisi, bundan ibarətdir ki, Dövlət İmtahan Mərkəzi yeni yaradılan müstəqil qurumdur. Təbii olaraq onun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri imkanlar olmalıdır. Mərkəzin göstərdiyi xidmətlər qarşılanmalıdır. Burada təhsilalanların nöqteyi-nəzərindən həmin xidmətlərin sifarişçisi kimi dövlət çıxış edir. Ona görə bu xidmətlərin ödənişinin kim tərəfindən həyata keçirilməsi müzakirə olunacaq. Təhsil hər kəsə əlçatan olmalıdır. Hökumətin müvafiq qərarı müraciət olduğu təqdirdə olacaq. Əminəm ki, məsələnin həlli Məleykə Abbaszadə və digər hökumətdə olan həmkarlarla birgə işlənərək həlli tapılacaq".Məsələ ilə bağlı Adalet.az-a açıqlama verən Təhsil üzrə ekspert Məlahət Mürşüdlü məsələdə diqqəti sınaq imtahanlarına yönəldərək deyib ki, yeni qaydanın tətbiq olunması qəbul imtahanları üçün yenilik sayılacaq, çünki sınaq imtahanlarında da abituriyentlər iştirak etmək üçün ödəniş ediblər. Keçmiş TQDK-dan tutmuş universitetdaxili və ya kurslarda aparılan sınaq imtahanları ödənişli olub. Yeni qaydanın tətbiq olunacağı halda imtahan verən şəxsin bunun üçün 25 manat ödəyəcəyi ehtimalını dəyərləndirən ekspertin sözlərinə görə, bu məbləğin təhsilin inkişafına heç bir əngəli yoxdur: Əvvəllər də valideyinlər övladlarını repititor yanına, yaxud kursa yazdırarkən hər ay pul ödəyirdilər, 25 manatlıq qeydiyyat ödənişi onlar üçün heç bir narahatçılıq yarada bilməz. Bunun təhsilə marağın azalmasına şərait yaradacağına inanmıram".
İqtisadçı-ekspert Akif Nəsirli məsələ ilə bağlı bildirib ki, dövlət orqanları vətəndaşlara ödənişli xidmət göstərə bilmədiyinə görə, publik hüquqi şəxs yaratmaqla bu prinsiplər dəyişilir: publik hüquqi şəxs həm dövlət büdcəsindən maliyyələşə bilər, həm də özü vətəndaşlara ödənişli xidmət göstərə bilər. İndiyə qədər Azərbaycanda notarial kontorları bu cür fəaliyyət göstərirdi. Bu, büdcənin yükünün azaldılmasına xidmət edir. Yaxud Dövlət İmtahan Mərkəzi hər il on minlərlə abituriyentdən imtahan götürsə və hər bir nəfərdən 10-15 manat ödəniş almaqla dövlət büdcəsindən çəkilmiş xərcləri azalda bilər. Tutaq ki, Maliyyə Bazarlarına Nəzarət Palatası nəzarət etdiyi qurumlara ödənişli xidmət göstərə bilər. Bunun mexanizmi hələ dəqiq formalaşmayıb. Ancaq belə mexanizmlər dünyada var və bu da dövlət büdcəsinin xərclərinin azaldılmasına xidmət edir". Ekspert vurğulayıb ki, publik hüquqi şəxslərin fəaliyyəti dövlət xərclərinə qənaət etməklə yanaşı, həm də büdcəyə gəlir gətirə bilər. Publik hüquqi şəxslərin fəaliyyəti isə dövlətin qərarından asılı olaraq müəyyən sahələr üzrə ödənişli fəaliyyət göstərə biləcək. Hətta gələcəkdə yaradılacaq yeni publik hüquqi şəxslər də eyni statusa malik olacaq.
DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin sözlərinə görə, hər qəbul imtahanında bir abituriyent üçün dövlət büdcəsindən 25 manat xərc çəkilir. Bu o deməkdir ki, yeni qayda qüvvəyə minsə, imtahanda çıxış iştirak edənlər cibindən 2 manat dövlət rüsumundan əlavə 25 manat ödəniş etməli olacaqlar.
Qəbul imtahanlarının ödənişli olmasının texniki təminatla əlaqədar olduğunu deyən Milli Məclisin Elm və təhsil komitəsinin üzvü Gövhər Baxşəliyeva təhsildə yeni qaydanın lazımlı gərəkli olduğunu bildirib: "Bəzən mətbuat belə məsələləri sensasiya kimi təqdim edir. Düşünürəm ki, ödənişdə böyük məbləğdə artım olmayacaq və narahatçılığa əsas yoxdur. Bəzən hər sözdən sensasiya yaratmaq istəyirlər. Burada imtahanların texniki təminatından söhbət gedir. Eyni zamanda təşkilatlar öz fəaliyyətini maliyyələşdirməlidir. Hər bir təşkilat eyni zamanda gördüyü işin qarşılığında müəyyən təzminat almalıdır. Ən azından texniki xərclərini ödəmək üçün bu lazımdır"-deyə G.Baxşəliyeva vurğulayıb.
Rüfət Soltan